8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri, “Naxçıvan xanı” ayamalı Vasif Talıbovun azadlıqda olması təəccüb doğurur. “AzPolitika.info” saytının yaydığı bir məlumata görə, təxminən il yarım əvvəl Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarı İran dövlətinə ya satılıb, ya da bağışlanıb! Belə ki, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. Həmin istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə, 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.
Bu məlumat ciddi etirazlara səbəb olub. Siyasi və ictimai xadimlər məsələnin araşdırılmasını və Vasif Talıbovun sərt şəkildə cəzalandırılmasını tələb edirlər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Naxçıvan istiqamətində dövlət sərhədinin özbaşına dəyişdirilməsi faktını şərh edərkən deyib ki, Naxçıvan istiqamətində dövlət sərhəddini müəyyən edən Araz çayının yatağının dəyişdirilməsi yolu ilə 21 hektar torpağın İrana verilməsi barədə məlumat məni sarsıtdı. “Sputnik vasitəsilə çəkilmiş şəkillərdə öz əksini tapmış bu faktlar dərhal araşdırılmalı və təsdiqini taparsa, bu cinayətdə iştirak etmiş hər kəs Cinayət Məcəlləsinin 274-cü maddəsi əsasında dövlətə xəyanət ittihamı ilə, yəni dövlətin ərazi toxunulmazlığına qarşı cinayətkar qəsdə görə təqsirləndirilib, ömürlük azadlıqdan mərhum edilməli və dövlət sərhədləri təxirəsalınmadan bərpa olunmalıdır!”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev torpağımızın hər qarışının şəhidlərimizin qanı ilə suvarıldığını bildirərək Vasif Talıbovun ən ağır şəkildə cəzalandırılmasını tələb edib.
Cəmiyyətdə ciddi müzakirəyə səbəb olan bu məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin açıqlamasından isə Vasif Talıbova yönəlik ittihamın ünvanını dəyişmək cəhdi hiss olunur. Təəssüf ki, dövlət qurumlarının bu məlumatın araşdırılması ilə bağlı mövqeyi anlaşlmazdır. Söhbət ölkənin 21 hektar ərazsinin Azərbaycana qarşı düşmən münasibət bəsləyən bir dövlətə, İrana verilməsindən gedir. Bu məəslə ilə bağlı Milli Məclisin və ya Nazirlər Kabinetinin xüsusi komissiyası yaradılmalı, şəffaf və açq şəkildə ittihamlar araşdırılmalıydı. Ancaq bunun əksinə olaraq Dövlət Sərhəd Xidmətinin qeyri-müəyyən açıqlaması yayılaraq ittihamın ünvanı dəyişdirilməyə cəhd edilir.
Bu məlumatdan daha sonra isə Vasif Talıbovun evində əməliyyat keçirdiyi, çoxlu silah tapıldığı xəbəri yayılır. Xəbərdə deyilirdi ki, Şərur Rayon Polis İdarəsinin əməkdaşları, Vasif Talıbovun Aralıq kəndindəki evində axtarış aparıb. Axtarış nəticəsində onun evində xeyli silah aşkarlandığı, evini qoruyan şəxsi mühafizəçilərinin saxlanıldığı bildirilir. Qanunsuz silah saxlama ilə bağlı Vasif Talıbovun əmisi nəvəsi Rövşən Talıbov və uzaq qohumu Həsənqulu Novruzovun saxlanıldığı da yayılan məlumatlar arasındadır.
Ən son isə Naxçıvanda Penitensiar Xidmətində insanlara Vasif Talıbov və onun oğlu Seymur Talıbovun göstərişləri əsasında illərlə işgəncə verildiyi haqqında məlumat yayılıb. Hətta bununla bağlı artıq həbslərin də həyata keçirildiyi yayılan məlumatda yer alır. Məlumatda deyilir ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Tofiq Həsənovu saxlayıb. Səbəb isə Tofiq Həsənovun Vasif Talıbov və onun oğlu Seymur Talıbovun göstərişləri əsasında Naxçıvan MR-in sabiq Milli Təhlükəsizlik naziri Vəli Ələsgərova şəxsən işgəncə verməsidir.
Əgər bu məlumatlara Naxçıvandakı korrupsiya və rüşvətxorluq halları ilə bağlı məlumatları da əlavə etsək, Vasif Talıbovun bu günə kimi hələ də azadlıqda qalması təəccüb doğurur. Belə ehtimallar var ki, 2005-ci ildə prezident İlham Əliyevin istəyinə qarşı Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri seçilməsinə nail olan qüvvələr bu gün də onu həbsdən qorumağa nail ola biliblər. Lakin prezident İlham Əliyevin iradəsinin sonda qalib gəldiyi, Vasif Talıbovun Ali Məclis sədrliyindən kənarlaşdırıldığı kimi çoxsaylı cinayətlərə görə məsuliyyətdən sona kimi yayına bilməyəcəyini də əminliklə söyləmək olar
Arzuman Loğmanoğlu,
“Yeni Sözçü” qəzeti