Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"Əl-Cəzirə”
Avropa Birliyinin üç ölkəsi (Avstriya, Niderland və Almaniya) gələn ay keçiriləcək seçkilərlə bağlı kampaniyaya görə türk siyasətçilərinə giriş qadağası qoyduqdan sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bazar günü, mayın 20-də Sarayevoda seçki mitinqi keçirib.
Bosniya paytaxtında Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (AK Parti) mitinqində xaricdə, əsasən Qərbi Avropada yaşayan altı milyon türkün 12 min nəfəri iştirak edib.
2014-cü ildən etibarən onların təxminən yarısı Türkiyədə səs verib. Təkcə Almaniyada 1.4 milyona yaxın türk seçicisi var.
2017-ci ilin martında prezident səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendumla əlaqədar Hollandiya rəsmiləri təhlükəsizlik narahatlıqlarını səbəb göstərərək, türk rəsmilərinə giriş qapısını bağlayıb. Almaniya da "təhlükəsizlik qadağası”nı tətbiq edib.
Bu dəfə Almaniya, Hollandiya və Avstriya siyasətçiləri öz ölkələrində təşviqata aydın şəkildə yasaq qoyub. Avstriya kansleri Sebastian Kurz aprel ayında yerli radio stansiyası bildirib: "Ərdoğanın Türkiyə rəhbərliyi uzun illərdir Avropanın türk mənşəli icmalarından sui-istifadə etməyə çalışır”.
"Əsl dostluq və qardaşlıq”
Sarayevoda çıxışı zamanı Ərdoğan avropada türkləri "rekord sayda səs”lə onu dəstəkləməyə və Avropa siyasətində fəal iştirak etməyə çağırıb. Ərdoğan 12 minlik izdihama bildirib: "Bir zamanlar demokratiyanın beşiyi olduğunu iddia edən Avropa ölkələri Bosniya və Herseqovinanın, guya, geri qaldığını deyirdilər, amma həqiqətdə, ölkə burada toplaşmağımıza imkan verərək demokratik olduğunu sübut etdi. Bu gün biz əsl dostluq və qardaşlıq gördük”.
Media hesabatlarında mitinqi Avropa Türk Demokratlar Birliyinin (UETD) təşkil etdiyi, iştirakçıların yarısının Almaniya və Avstriyadan gəldiyi qeyd olunub.
Türkiyədəki seçicilərlə müqayisədə, diaspor üzvləri seçkilərin nəticəsinə əhəmiyyətli təsir göstərə bilərlər. 2017-ci ilin referendumunda onların 59%-i dəyişikliklərə "bəli” deyib.
Türk təsiri?
Bosniya, Aİ üzvü olmasa da, Ərdoğanın Sarayevo seçimi Bosniya ictimaiyyəti arasında müzakirə doğurub. Yerli media hesabatlarına görə, nə Bosniyanın Xarici İşlər Nazirliyi, nə də Prezident Aparatı mitinq barədə öncədən məlumatlı olmayıb. Bu xəbər tənqidçilər tərəfindən Türkiyənin Bosniyanın suverenliyini pozması kimi şərh edilib.
Bosniyalı deputat Sadik Axmetoviç yerli jurnalistlərə bildirib: "Bu prinsipi tətbiq etsək, o zaman hər kəs ölkəmizdə görüşlər və ya siyasi aksiya keçirəcək və suverenliyimizi itirəcəyik”.
Səfər zamanı Ərdoğan Bosniyanın mühafizəkar Demokratik Hərəkat Partiyasının (SDA) sədri Bəkir İzzetbeqoviç və digər boşnak liderlərlə danışıqlar aparıb.
Bəzi tənqidçilərin, o cümlədən millət vəkili Dusanka Maykiçin fikrincə, bu ziyarət 2018-ci ilin payızında keçiriləcək Bosniya seçkilərində İzzetbegoviçin maraqlarına xidmət edir. Maykiç, həmçinin Ərdoğanın kampaniyasına icazə vermənin Bosniyanın Aİ-yə girişinə maneə ola biləcəyinə işarə edib.
Maykiç yerli mətbuata bildirib: "Bu, yalnız Avropa dəyərlərinə heç bir hissiyyatımız olmadığını göstərir”.
Cənubi Avropa məsələləri üzrə ixtisaslaşan politoloq Jasmin Muyanoviç isə deyib: "Ərdoğanın səfəri zəif demokratik rejimlərə hücum kimi görünür. Dünyanın hər bir əsas monitorinq təşkilatının müşahidələrə görə, Ərdoğanın Türkiyəsi avtoritar dövlətdir”.
O əlavə edib: "SDA-da, Bosniyada AK Partinin artan çəkisi demokratik təsisatlar və normaların böyük stress altında olduğu ölkə üçünə narahatedici trenddir”.
Avropa ikiüzlülüyü
Lakin bir çox bosniyalılar Türkiyənin hər zaman Bosniyaya dəstək verdiyinə işarə edərək, Ərdoğanın gəlişini xoş qarşılayıb.
Sarayevodan olan 26 yaşlı Ajdin Tinyak deyib: "Bosniya və Herseqovinaya dostluq niyyətlərini göstərən hər kəsə qapılar açmalıdır”.
Sarayevodakı Beynəlxalq Universitetin ictimai və siyasi elmlər professoru Əmir Sulyaqiç Avropanın 3 ölkəsinin hərəkətini ikiüzlü davranış adlandırıb.
Suklyaqiç deyib: "Ötən ilin martında prezident Milorad Dodik və muxtar Serb Respublikasının baş naziri Zelya Sviyanoviç Avstriyanın Linz şəhərində serb diasporu ilə görüş keçirib. 2016-cı ilin dekabrında, Avstriyadakı prezident seçkiləri ərəfəsində Dodik neonasist FPO (Avstriya Azadlıq Partiyası) namizədi Norbert Hoferə səs vermək üçün Avstriyanın bosniyalı serbləri arasında təşviqat aparıb. Milorad Dodik korrupsiyada ittiham olunur… Srebrenitsa soyqırımının institusional və sistemli inkarı üçün 20 milyon KM (12mln. $) xərcləyib… Bununla belə o, Aİ-də xoş, Ərdoğan isə pis qarşılanır”.
"Müsəlmanların hamisi”
Türkiyənin Adnan Menderes Universitetində beynəlxalq əlaqələr professoru Murad Nəcib Arman üçün Ərdoğanın Sarayevo ziyarəti sıradan bir səfər deyil.
Ərdoğanı "bütün dünyada müsəlman icmalarının müdafiəçisi” kimi səciyyələndirən Arman deyib ki, seçkiləri ərəfəsində Türkiyə prezidenti Bosniya, Kosovo və Albaniya kimi böyük müsəlman əhalisi olan ölkələrə xüsusi məqsədlə gedir.
"Tayyip Ərdoğanın Sarayevo ziyarəti də bu müdafiəçi görünüşünü seçici bazası ilə möhkəmləndirir”.
Tərcümə: Strateq.az