8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Natiq Miri: "Bu məsələdə səmimiyyət notları olmaqla bərabər, seçki maraqları da yox deyil”
"Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.
Bu fikirlər Türkiyə prezidenti hakim Ədalət və İnkişaf Partiyasının sədri (AKP) və prezidentliyə namizəd Rəcəb Təyyub Ərdoğanın "Seçki Bəyannaməsi”ndə yer alıb.
Ərdoğan növbəti prezident seçkilərində prezidentliyə namizəd kimi plaformasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini "Seçki Bəyannaməsi”nə daxil edib.
Məlumdur ki, seçki hər bir ölkənin daxili işidir. O baxımdan da adətən hər bir prezidentliyə namizəd öz ölkəsi ilə bağlı məsələləri, problemləri platformalarına daxil edirlər və onların həll edilməsi yönündə təkliflərini, fikirlərini ortaya qoyurlar. Ancaq göründüyü kimi, istisna olaraq Türkiyə pezidenti Rəcəb Təyyub Ərdoğan öz plaformasına Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini də daxil edib. Maraqlıdır ki, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini "Seçki Bəyannaməsi”nə daxil etməsi nə məqsədi daşıyır, hansı anlama gəlir? Bu və ya digər suallarımıza cavab almaq məqsədilə Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri ilə söhbətləşdik:
- Əslində, "Seçki bəyannaməsi”nə Dağlıq Qarabağ probleminin həlli məsələsinin salınması bu anlama gəlir ki, Ərdoğanın növbəti 7 illik prezidentlik dönəmində Türkiyənin prioritet siyasətlərindən biri də Dağlıq Qarabağ probleminin həlli olacaq. Bu, çox önəmli və əhəmiyyətli bir məsələdir. O baxımdan, Dağlıq Qarabağ probleminin həlli məsələsi Türkiyənin gündəmində prioritet bir xarici siyasət olacaqsa, bu, o deməkdir ki, xarici siyasətdə artıq bu problemlə bağlı Türkiyə çox ciddi mənada məşğul olacaq. Açığı, sözün əsl mənasında Türkiyənin imkanları böyükdür. Bilirsiniz ki, getdikcə Türkiyə ilə Rusiyanın yaxınlaşması ciddi mənada bir yüksəliş nöqtəsinə doğru gedir və bu təkcə Türkiyənin sərhədləri boyunca, Suriyada, digər regionlarda deyil, eyni zamanda Rusiya ilə Türkiyə münasibətləri kontekstində Dağlıq Qarabağ probleminin həlli məsələsinə də öz töhvəsini verə bilər. Ona görə də düşünürəm ki, bu məsələnin Türkiyə üçün prioritet siyasət olaraq "Seçki bəyannaməsi”nə salınması çox önəmli məsələdir və Azərbaycanın dövlət maraqlarına uyğundur.
- Seçki ölkədaxili bir prosesdir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini "Seçki Bəyannaməsi”nə daxil etmək Ərdoğan üçün siyasi divident gətirəcəkmi?
- Bilirsiniz ki, Türkiyədə Azərbaycan kökənli çox insan yaşayır və şübhəsiz, bu insanların səsini almaq prezidentliyə namizəd Ərdoğan üçün çox önəmlidir. Ayrıca, Azərbaycanın Türkiyədə mövqeyi xüsusi bir yer tutur. Yəni bütün Türkiyə vətəndaşlarının qəlbində Azərbaycanın xüsusi bir yeri olduğu üçün Azərbaycanın həyati bir probleminin bu səviyyədə "Seçki bəyannaməsi”nə salınması həm də bütövlükdə seçici elektoratının bir növ maraqlarına və qəlbinə uyğun bir seçimdir. Hesab edirəm ki, bu məsələdə müəyyən səmimiyyət notları olmaqla bərabər, təbii ki, seçki maraqları da yox deyil. Bu baxımdan da düşünürəm ki, Dağlıq Qarabağ probleminin həlli məsələsi "Seçki bəyannaməsi”nə salınıb. Təbii ki, bu kontekstdə müəyyən siyasi maraqlar güdülür.
- AKP-nin hakimiyyətdə olduğu müddətdə Türkiyənin xarici və daxili siyasətində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsinə nə dərəcədə önəm verilib? Siz bunu qənəatbəxş hesab edirsinizmi?
- Açığı, Türkiyədən bundan artığını gözləmək də mümkün deyil. Çünki bilirsiniz ki, Türkiyə Minsk Qrupunun həmsədrləri sırasına daxil olan bir ölkə deyil, yəni 3 həmsədr ölkədən biri deyil. Həmsədr ölkə olmadığı üçün Türkiyə bu prosesə birmənalı olaraq müdaxilə edə bilmir. Onu da nəzərə alın ki, Türkiyənin müdaxiləsi bütün zamanlarda Ermənsitan və onun havadarı Rusiya tərəfindən əngəllənib. Belə olduğu təqdirdə Türkiyənin Dağlıq Qarabağ problemində edə biləcəyi siyasi yöndə imkanları yoxdur. Sadəcə, beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı bütün zamanlarda Türkiyə Azərbaycanı müdafiə edib. Ancaq bu, məsələnin siyasi tərəfidir. Məsələnin bir də hərbi tərəfi var ki, bu məsələdə Türkiyə bütün zamanlarda qardaş Azərbaycanın yanında olub. Azərbaycan ordusunun NATO standartları səviyyəsində qurulmasında Türkiyə həmişə Azərbaycana yardım edib. Bunu Azərbaycan dövləti, xalqı, cəmiyyəti və hərbiçiləri də bilməmiş deyil və bunu təkzib etmək olmaz. O baxımdan, bu məsələdə nə qədər Türkiyənin siyasi müdaxiləsi önəmlidirsə, o qədər də hərbi məsələdə önəmlidir. Düşünürəm ki, Türkiyənin bu günə qədər əlindən gələ biləcəyi yalnız bu qədərdir. Çünki Azərbayanın Ermənsitandan dəfələrlə üstün hərbi gücü olmadan Dağlıq Qarabağ problemi yalnız siyasi çözümlə həll edə bilməz. Ona görə də məncə, Türkiyədən bu günə qədər bundan artığını gözləmək əbəsdir. Ancaq artıq Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasını nəzərə alanda hesab edirəm ki, Türkiyə bu məsələdə daha aktiv rol almalıdır. Çünki bilirsiniz ki, bu gün Suriyada Türkiyə-Rusiya-İran üçlük formatı mövcuddur və bu üçlük formatı kontekstində Suriyada müəyyən gərginlyi azaltma bölgələri yaradılıb. Demək olar ki, bu format Suriyada özünü müəyyən mənada doğruldub. Düşünürəm ki, Türkiyə-Rusiya-İran yaxınlaşması kontekstində məhz Dağlıq Qarabağ problemini də qlobal səviyyədə deyil, yəni təkcə Minsk Qrupu çərçivəsində deyil, regional səviyyədə də bu problemi həll etmək mümkündür. Bilirsiniz ki, bu üçlük daxilində olan Rusiya və İranın Ermənistana çox ciddi təsir imkanları mövcuddur. Hesab edirəm ki, gələcəkdə Türkiyə-İran-Rusiya formatı çərçivəsində bu yaxınlaşma davam edərsə və müttəfiqlik səviyyəsinə qədər yüksələrsə, Türkiyə Dağlı Qarabağ probleminin həllində həlledici amil olaraq iştirak edə bilər.
- Rusiya Ermənsitanın yanında olduğu təqdirdə, Türkiyə-Rusiya yaxınlaşmasının Qarabağ məsələsinin həll edilməsində bir əhəmiyyəti olacaq?
- Bəri başdan bu yöndə proqnozlar vermək çox çətindir. Rusiyanın axıra qədər Ermənistanı müdafiə edəcəyini demək də doğru olmaz. Çünki fikir verirsinizsə, regionda geosiyasi vəziyyət tədricən dəyişməkdədir. Artıq Ermənsitanda hökumət Rusiyayönlü deyil, Qərbyönlü bir siyasətçi hökumət başındadır. Ermənistan hökumətində tədricən Qərbyönümlü, xüsusilə də "Soros” Fondu ilə əməkdaşlıq edən şəxslərdən ibarət bir hökumət fomalaşdırılır. Getdikcə ABŞ və Avropa Birliyinin də Ermənistana təsir imkanlarının artacağı görsənir. Belə olduğu təqdirdə gələcək perspektivdə Rusiya Ermənistan münasibətlərinin korlanmasını çox ciddi şəkildə gözləmək mümkündür. Çünki Rusiya heç bir vəchlə Cənubi Qafqazdan çıxmaq istəmir. Ancaq Rusiya onu da anlayır ki, Cənubi Qafqazda Rusiyanın son qalası məhz Ermənsitandır. Əgər Rusiya Ermənsitandan çıxarsa, Ermənistan Rusiyanın orbitindən çıxarsa və Qərbə yaxınlaşarsa, bu, Rusiyanın birdəfəlik Cənubi Qafqazdan çıxarılması anlamına gəlir. Ona görə də əgər Ermənistan-Rusiya münasibətləri gələcəkdə korlanarsa, əmin olun ki, Rusiya Suriyanın şimalında Türkiyə üçün Afrin əməliyyatına necə "yaşıl işıq” yandırdısa, eynilə Azərbaycana da Dağlıq Qarabağ probleminin həll edilməsi üçün hərbi əməliyyatların keçirilməsinə "yaşıl işıq” yandıra bilər. Bu ehtimal çox güclüdür, amma bəri başdan uzağa gedən nəticələr çıxartmaq doğru deyil.
Şamo EMİN, Hurriyyet.org