8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini general-leytenant Əfqan Nağıyevin və qurumun bir neçə yüksək rütbəli əməkdaşının həbsi hələ də müzakirə mövzusudur. Müzakirələr əsasən rüşvət və korrupsiyanın artıq ölkənin sərhədlərini qorumağa mükəlləf olan bir quruma ayaq açması və bunun milli təhlükəsizliyə mümkün təsirləri, həmçinin DSX rəisi Elçin Quliyevin hansı səbəbdən məsuliyyətdən kənarda saxlaması istiqamətində aparılır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli təhlükəsizlik nazirliyinin keçmiş şöbə rəisi İlham İsmayıl DSX-nın korrupsiya ocağına çevrilməsinə təəccüblənmədiyini bildirir:
– Bəzən fikirləşirlər ki, Dövlət Sərhəd Xidməti ölkənin sərhədlərini qoruyur, müqəddəsdir və orada rüşvət ola bilməz. Amma reallıq budur ki, Azərbaycanda rüşvət və korrupsiyaya bulaşmamış dövlət qurumu demək olar ki, yoxdur. İstər hərbi sistem olsun, istərsə də Eldar Mahmudovun timsalında milli təhlükəsizlik sistemi olsun, hamısı rüşvət və korrupsiyaya bulaşıb.
Qazaxıstanla Azərbaycan arasında gərginliyə səbəb olan "balıqçı olay”ını xatırlayın. Qazaxıstan sərhədçiləri bizim balıqçılardan birini öldürdü. Bu təsadüfi olay deyildi. Azərbaycan Qazaxıstana buna görə nota verdi. Qarşı tərəf də səmimi şəkildə bəyan elədi ki, Azərbaycandan olan balıqçılara sərhədi pozmamaqla bağlı dəfələrlə xəbərdarlıq edilib. Lakin onlar bu xəbərdarlıqlara məhəl qoymayıblar. Nəticədə Qazaxıstan sərhədçiləri növbəti belə bir hal baş verəcəyi təqdirdə silahdan istifadə etmək barədə qəbul edib və bu hadisə baş verib. Diqqət edin, Azərbaycan balıqçıları Qazaxıstan sərhəddini pozur. Deməli, həm də Azərbaycan sərhəddini qanunsuz keçir. Buna şərait yaradan isə Dövlət Sərhəd Xidmətidir.
Yaxud "Tərtər hadisələri” adlandırılan əslində isə bütün cəbhə xətti boyu baş verən xəyanət olayını xatırlayın. Hərbiçilərimiz pul müqabilində total şəkildə düşmənə işləyib. Təsəvvür edin, bu adamları aparırlar Moskvaya orada "verbovka” eləyirlər və onlara istədikləri yerdə MAXE olmaq üçün pul verirlər. Yəni düşmən də bilir ki, Azərbaycanda MAXE olmaq üçün pul vermək lazımdır. Özü də nə qədər lazımdır onu da bilir. Yəni, Azərbaycanda rüşvət hər bir quruma sirayət edib. Ona görə də Dövlət Sərhəd Xidmətində belə halların olması mənə təəccüblü gəlmədi.
– DSX-dakı əməliyyatdan sonra xidmətin rəisi Elçin Quliyevin də məsuliyyətə cəlb olunması, yaxud istefaya göndərilməsi gündəmə gətirildi. Sizcə, Elçin Quliyevlə bağlı da hər hansı tədbir görülə bilərmi?
– 2015-ci ilin oktyabrında "MTN işi” oldu. Bir neçə general, polkovniklər həbs edildi. Bəlli oldu ki, ölkənin milli təhlükəsizliyinə cavabdeh olan bir qurumu quldur yuvasına çevirblər. Eldar Mahmudova nə etdilər ki? Heç nə. Halbuki bu işlərin başında nazir dayanırdı. Yaxud, Dövlət Sərhəd Xidmətindən əvvəl Mədəniyyət Nazirliyində əməliyyat keçirildi. Nazir müavini və qurumun yüksək vəzifəli şəxsləri həbs edildi. Amma nazirə dəymədilər. Eyni hal sərhəd xidməti ilə də bağlı təkrarlanır. Tədbir görülsəydi, elə əvvəldən görülərdi.
– Sizcə, Əbülfəs Qarayev və Elçin Quliyevin məsuliyyətdən kənarda saxlanılmasının səbəbi nədir?
– Bu o deməkdir ki, bəzi məsələlər imitasiya xarakteri daşıyır. Bu halda rüşvət və korrupsiyanın effekti də müvəqqəti də olacaq. Yəni, bir neçə ay ehtiyat edəcəklər, sonra yenidən ənənəvi qaydada işləyəcəklər.
– Əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərən DSX sonradan müstəqil quruma çevrilib. Bu qurumun yenidən xüsusi xidmət orqanına birləşdirilməsinə ehtiyac varmı?
– Dövlət Sərhəd Xidməti hələ SSRİ dönəmində Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində fəaliyyət göstərib. Bir müddət bizdə Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində oldu. Dövlət Sərhəd Xidmətinin Milli Təhlükəsizlik Nazriliyinin tərkibindən çıxarılması onu müstəqil quruma çevirmək məqsədi daşımırdı. Sadəcə sərhədçilərlə gömrükçülər arasında vaxtaşırı münaqişə yaranırdı. Gömrükçülər hansısa qanunsuz işlərini həyata keçirmək istəyəndə sərhədçilər mane olurdu. Bu baxımdan, Dövlət Sərhəd Xidmətini Milli Təhlükəsizlik Nazirliyindən ayırdılar. Bu qurumun yenidən xüsusi xidmət orqanının tərkibində faəliyyətinə gəlincə, niyə də olmasın? Hətta mən hesab edirəm ki, bu halda Dövlət Sərhəd Xidməti daha effektiv fəalliyət göstərə bilər. Hər halda Dövlət Təhlükəsizlik Xidməti son vaxtlar adı qara işlərdə nisbətən az hallanan qurumdur.
– Rüşvət və korrupsiyaya qarşı əməliyyatları DTX-nın keçirməsi də müzakirə mövzusudur. Korrupsiyaya qarşı Mübarizə İdarəsi ola-ola DTX-nın bu tip əməliyyatlar keçirməsi doğrudurmu? Ümumiyyətlə, sizcə, bu görəvin DTX-ya tapşırılmasının səbəbi nədir?
– Bəli, bu məsələ barədə çox danışılır. Nəzərə almaq lazımdır ki, "Əməliyyat axtarış haqqında” qanuna görə bu tip əməliyyatları yalnız xüsusi xidmət orqanları keçirə bilər. Çünki telefon danışıqlarını dinləmək, xüsusi qurğular yerləşdirmək və s. bu kimi səlahiyyətlər xüsusi xidmət orqanına məxsusdur. Doğrudur, sonradan Daxili İşlər Nazirliyinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə də bu səlahiyyətlər verildi. Amma Xüsusi Dövlət Mühafizə Xidməti ayrıldı və bu səlahiyyətlər yenidən xüsusi xidmət orqanında qaldı. Yəni, qanunla bu işləri Dövlət Təhlükəsizlik Xidməti görməlidir.
Digər tərəfdən, bu işi xüsusi xidmət orqanı kimi peşəkar səviyyədə görə biləcək qurum hələ ki, yoxdur. Tutaq ki, Korrupsiya Qarşı Mübarizə İdarəsinin əməliyyat heyəti var. Amma bu heyətin xüsusi qurğuları yerləşdimək və s. baxımından peşəkarlığı yoxdur. Diqqət edin, Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatları zamanı cinayətlə bağlı sübutlar göz önündə olur. Yəni, bu cinayəti sübut etmək o qədər də çətin deyil. Bu cür əməliyyatları hələ ki, xüsusi xidmət orqanı keçirə bilir. Burada həm də Eldar Mahmudovun 11 il dövlətin bel sütunlarından biri olan quruma vurduğu zərbədən sonra onun nüfuzunu qaldırmaq məsələsi də var.