8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Milli Məclisin sədr müavini Adil Əliyevlə müsahibəni təqdim edirik.
-Son zamanlar qazilərin intihar halları gündəmdən düşmür. Qazilərlə vaxtaşırı maraqlanan, onların qayğısına qalan deputatlardan biri də sizsiniz. Necə hesab edirsiniz, qazilərimiz niyə öz həyatlarına qıyırlar? Onlara niyə layiq olduqları qayğı göstərilmir?
-Qazilərə, müharibə veteranlarına, şəhid ailələrinə nə qədər qayğı göstərilsə, azdır. Çünki onların fədakarlığı, qəhrəmanlığı hesabına Azərbaycan həm öz itirilmiş ərazilərini geri qaytardı, həm də bütün dünyaya ölkəmizin gücünü nümayiş etdirdi. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra dünyanın aparıcı hərbi qüdrətləri Azərbaycan Ordusunun təcrübələrini, yeni müharibə taktikalarını öyrənməyə başladılar. Burada söhbət təkcə ən müasir silahların tətbiqindən də getmir. Söhbət həm də Şuşa kimi təbii istehkamlarla əhatə olunan və bu səbəbdən alınmaz qala hesab edilən ərazilərin piyada qüvvələri tərəfindən alınmasından gedir. Azərbaycan xüsusi təyinatlılarının Şuşa əməliyyatı dünya hərb tarixində nadir hadisələrdən biri sayılır və müxtəlif ölkələrin hərbi ekspertləri tərəfindən bu gün də araşdırılır. Sözsüz ki, bu qəhrəmanlıqları göstərən hər bir əsgərimiz hər cür qayğıya, diqqətə layiqdir və ölkə rəhbərliyi də onların rahat yaşaması üçün əlindən gələni əsirgəmir. Bilirsiniz ki, bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev 2022-ci ilin ilk yarısının yekunlarına dair hesabat çıxışında da Qarabağ döyüşlərində yaralanmış əsgərlərimizə və şəhid ailələrinə göstərilən yardımlardan danışmışdı. O qeyd etmişdi ki, ötən il bu kayeqoriyaya daxil olan 3 min ailəyə mənzil və fərdi ev verilib, bu il daha 1500 şəhid və qazi ailəsinin evlə təmin olunması nəzərdə tutulub. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bundan sonra da müharibə iştirakçılarının social vəziyyətinin yaxşılaşdırılması istiqamətində gərəkli addımlar atılacaq. Bundan əlavə, Azərbaycan hakimiyyəti Qarabağ döyüşlərində sağlamlığını itirən hərbçilərimizin demək olar hamısı ən müasir protezlərlə təmin olunub. Onlar bu protezlərlə nəinki gəzə, rahat hərəkət edə, hətta bir çox idman növləri ilə məşğul ola bilirlər. Mən bir fərd olaraq, tez-tez onların idman yarışlarına qatılır və həmin insanların necə rahat hərəkət etdikləri ilə tanış oluram. Bəzən bizim Kikboks Federasiyasının üzvləri müharibə əlillərinin yığma komandası ilə birlikdə futbol oynayırlar. Bir çox hallarda onlar qalib gəlirlər. Bu fakt həmin əlillərin ən müasir protezlərlə təmin olunmasının göstəricisi deyilmi?
Əlillərə verilən təqaüdlər də az deyil. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin açıqlamalarına görə, onların müavinətləri, pensiyaları 60%-dən çox artırılıb. Bəziləri bir neçə kateqoriya üzrə müavinət alırlar. Bir çoxları minik avtomobilləri ilə təmin olunublar. Bunları qiymətləndirməmək doğru deyil.
- Amma gəlin, onunla da razılaşaq ki, 44 günlük savaşdan sonra 36 əlil intihar edib. Onlardan bəziləri intihardan qabaq çəkdirdikləri videolarda qayğısızlıqdan şikayətlənib və məhz bu səbəbdən canlarına qıydıqlarını bildiriblər.
-Bəli, bu faktı danmıram və onların canlarına qıymalarının real səbəbinin obyektiv araşdırılmasını vacib hesab edirəm. Bilirsiniz ki, 44 günlük müharibə çox ağır şəraitdə aparıldı. Düşmənin mövqeləri bizimkilərlə müqayisədə çox üstün idi. Qarabağın bütün zirvələri, yüksəklikləri onların əlində idi. Üstəlik, biz hücum əməliyyatları həyata keçirirdik. Adətən, hücum edən tərəf daha çox itkilərə məruz qalır. Bizim hərbi-taktikamız isə düşmənin daha çox itkilərlə üzləşməsi ilə nəticələndi. Bununla belə, bu ağır döyüşlərin əsgərlərimizdə yaratdığı əsəb gərginlikləri onlarda hadisələrə daha həssas yanaşma sindromları yaratmış ola bilər. O cür ağır döyüş yolu keçmiş ordu mənsubları üçün mütləq reabilitasiya mərkəzləri yaradılmalı və onlar müharibədən sonrakı həyata adabtasiya olunmalıdırlar. Və bu işdə təkcə dövlət orqanları yox, bizim hər birimiz, sadə vətəndaşlar da fəal iştirak etməlidirlər. Bizim bəzi bədniyyətli insanlarımız isə tamamilə fərqli tuturlar. Əlillərimizin taleyi ilə maraqlanmaq əvəzinə, onların kiçik incikliklərindən, narazılıqlarından dövlətə qarşı istifadə edirlər. Əlillərimiz qəsdən qızışdırılır və hakimiyyət orqanlarına qarşı radikal addımlar atmağa, hətta özlərinə qəsd etməyə təşviq olunurlar. Siz fikir verdinizsə, Sabirabadda özünə qəsd edən müharibə əlilinin son videosunda ətrafına toplanan insanların onu intihara həvəsləndirdikləri açıq şəkildə görünür. İstisna etmirəm ki, əlillərin radikallaşmasında dövlətin bəzi strukturlarında işləyən məmurların da “xidmətləri” az rol oynamır. Onlara göstərilən diqqətsizlik, kobudluq halları da var. Amma bütün bu neqativlikləri dövlətin adına yazmaq ədalətsizlikdir. Dövlət, xüsusilə onun başçısı, Ali Baş Komandanın əlillərə, şəhid ailələrinə göstərdiyi diqqət ortadadır.
Açığı, mən belə hesab edirəm ki, kimlərsə əlillərin psixoloji halından dövlətimizə qarşı qəsdən istifadə edirlər. Və bu zümrənin hamısı eyni mərkəzdən idarə olunur. Bəziləri müxalif düşərgədə, bəziləri isə hakimiyyət orqanlarında oturub təxribat törətməyə çalışırlar. Məqsəd isə Azərbaycanın qazandığı qələbəyə kölgə salmaq, insanlarımızın ordumuza münasibətlərini soyutmaqdır. Sirr deyil ki, Azərbaycan hələ də Vətən uğrunda savaşını tamamlamayıb. Ermənilər 44 günlük müharibədə əldə edilən razılaşmalara əməl etmir. Atəşkəs sazişinin şərtlərini pozur, sülh müqaviləsi bağlamaqdan yayınırlar. Hər an yenidən müharibə başlaya bilər. Azərbaycan ordusu buna hazır olmalıdır. Bunun üçün isə insanlarımız mənəvi-psixoloji cəhətdən döyüşə hazır vəziyyətə gətirilməlidir. Hesab edirəm ki, əlillərimizin ruhdan salınması və intihara sürüklənəcək qədər motivasiya edilməsi qəsdən yürüdülən siyasətdir və nə yazıq ki, bu məsələdə bir sıra müxalif qüvvələrlə yanaşı hakimiyyətdəki 5-ci kolonun nümayəndələri də birgə fəaliyyət göstərirlər. Daha açıq deyəcəyəm; Azərbaycanda 5-ci kolonla bəzi müxalif qüvvələr dövlətçiliyimizə qarşı ittifaq qurublar. Niyyətləri isə Azərbaycanın 3-ci Qarabağ döyüşlərində məğlubiyyətinə nail olmaqdır. Görünür, Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra qazandığı nüfuz və son zamanlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə həm müxalifətdəki, həm də iqtidardakı düşmənlərini narahat edir və onları eyni mərkəzdə birləşdirir.
-Ciddi ittihamdır. Belə çıxır ki, Azərbaycan iqtidarı da monolit deyil. Hakimiyyətdə İlham Əliyevə qarşı fəaliyyət göstərən güclü komanda var…
-Əlbəttə, bu, artıq sir deyil ki. Bilirsiniz ki, uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edən Ramiz Mehdiyev məhz bu təxribatçı əməllərinə görə işdən qovuldu. Baxmayaraq ki, bu, açıq şəkildə ifadə olunmasa da, əsas səbəb Ramiz Mehdiyevin təxribatçı əməlləri idi. Bu adam əlində olan səlahiyyətlərindən istifadə edərək əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Dövlət əmlakını tar-mar edən bu kadrlar qəsdən dövlət ilə xalq arasında uçurumlar yaradır. Korrupsioner məmurların hamısını öz ətrafında cəmləşdirən Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyin zamanlar tez-tez köhnə məmurları toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib. Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək.
Ramiz Mehdiyevin ölkədəki radikal müxalifətlə də gizli əlaqələri var. Bu əlaqələr xüsusilə 2019-cu ildə üzə çıxdı. Bilirsiniz ki, Azərbaycan Prezidenti 2018-ci ilin sonunda Yeni il və Həmrəylik günü münasibətilə etdiyi çıxışında ölkədə institusonal və kadr islahatlarına başlayacağının anonsunu vermişdi. Üzərindən az keçməmiş, 2019-cu ilin 19 yanvarında Azərbaycanın radikal müxalifəti mitinq keçirməyi qərarlaşdırdı. Məqsəd prezidentə təzyiq göstərərək onu islahatlardan yayındırmaq idi. Məhz bu səbəbdən islahatları bir neçə ay təxirə salan ölkə başçısı ilk öncə DİN-də və DTX strukturlarında kadr dəyişikliyi apardı. Ardınca da bu islahatlar digər strukturları əhatə etdi. Ramiz Mehdiyev komandasının maliyyələşdirdiyi radikal müxalifətin növbəti təxribatçı aksiyasının qarşısı alındıqdan və onlar hüquq-mühafizə orqanları tərəfindən yerinə oturulduqdan sonra ölkə başçısı ciddi kadr dəyişikliklərinəimza atdı. Ramiz Mehdiyev də 2019-cu ilin oktyabrında işindən uzaqlaşdırıldı. Prezidentin bu islahatları bir də 2020-ci ilin iyul ayında ermənilərin Tovuza hücumları ilə səngidi. Bir neçə aydan sonra 44 günlük müharibə başladı. Beləcə, Azərbaycan hakimiyyəti qarşısında daha prioritet məsələlər ortaya çıxdı. Son zamanlar ölkə başçısı yenidən kadr və institusional islahatlara başlamaq əzmi göstərir. Bu islahatların əsas məqsədi Avropa İttifaqına daha yaxın inteqrasiyadır. Bilirsiniz ki, Prezident bir neçə gün bundan əvvəl Avropa İttifaqı ilə yeni saziş bağlayacağını açıq şəkildə ifadə edib. Sözsüz ki, bundan Ramiz Mehdiyev komandasının da xəbəri olmaya bilməz. Təsadüfi deyil ki, indi də həm hakimiyyətdəki bəzi qüvvələr, həm də radikal müxalifət yenidən fəallaşmağa başlayıb. Halbuki, özünü demokrat adlandıran müxalif qüvvələr Azərbaycanın Aİ-yə inteqrasiyasına hər kəsdən daha çox maraqlı olmalı və İlham Əliyevin bu təşəbbüsünü dəstəkləməlidirlər. Amma onlar tamamilə əks mövqe tutaraq, həssas nöqtələrimizlə oynayırlar.
-Maraqlı yanaşmadır. Son zamanlar radikal müxalifət adlandırdığınız qruplar Sizə qarşı da ciddi ittihamlarla çıxış edirlər. Necə hesab edirsiniz, bu kampaniya da eyni mərkəzdən idarə olunur?
-Bəli, məqsəd təkcə İlham Əliyevi qaralamaq deyil. Həm də onun ən yaxın ətrafını ləkələməkdir. Bilirsiniz, mən həmişə özümü Prezidentin əsgəri adlandırmışam. Ömrümün sonuna qədər də ona əsgər kimi sadiq qalacağam. 5-ci kolon və onun müxalifətdəki uzantıları məhz belə adamları hədəfə alaraq Prezidentin mövqeyini sarsıtmağa çalışırlar. Bu mənada mənə hücumlar əslində Prezidentə və onun islahatlarına qarşı yönəlib. Amma bu hücumlar bizi sarsıtmaz. Biz sonuna qədər Ramiz Mehdiyevin özünə və uzantılarına qarşı mübarizə aparacağıq.
O ki qaldı müxaliflərin mənim barədə əsassız ittihamlarına, bu barədə çox danışmaq istəmirəm. Çünki onların da istədiyi əslində budur. Düşünürlər ki, mən onlara cavab verərəmsə, müzakirələr qızışar və Ramiz Mehdiyevin bu quyruqlarının şər-şamataları daha çox insan tərəfindən izlənər. Mən onlara sadəcə bunu demək istəyirəm: “İt hürər, karvan keçər, yel dərədən nə aparar”.
Musavat.com