“Deputatın bu qədər restoranı olar?!” - Eks-deputatdan sensasion açıqlama


Milli Məclisdə çox böyük “irəliləyiş” var. Çünki indi 120-dən 16-sı susursa, əvvəl 120-dən 40-ı susurdu”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, siyasətçi Cümşüd Nuriyev deyib.

Xatırladaq ki, Milli Məclisin 2021-ci il stenoqramına görə, 16 deputat Milli Məclisin plenar iclaslarında bir dəfə də olsun danışmayıb. 

Eks-millət vəkili isə təklif edib ki, əgər belədirsə, parlamentin adı dəyişdirilsin:

“Əslində, parlament sözü frasızcada “parle” sözündən götürülüb, danışmaq deməkdir. Bəlkə bunlar adını “quiet” etsinlər. Amma doğrudan da ayıbdır. Adam otura orada, nə millətin, nə dövlətin mövqeyini bildirməyə, eləcə də bu qədər mövqesiz deputatın orada olması qorxulu statistikadır.

Bütün hallarda burada parlamentin rəhbərliyinin günahı yoxdur. Seçicilər o məsələni qaldırmalıdır. Doğrudur, hamısı eyni cür seçilir və kim deyir ki, məni xalq seçdi və s. bu, yalandır. Onu deyim ki, dövlət resursu olmayan heç kəs seçilə bilmir. Mən bunu görmüşəm. Dövlət dəstək verəndə seçilə bilirsən, verməyəndə boş şeydir. Kim deyirsə, yalan deyir. Orada bir dənəsi də yoxdur ki, özü öz gücünə seçilsin”.

C. Nuriyev əlavə edib: “Baxın 2021-ci il ən önəmli illərdən biri olub. Çünki İkinci Qarabağ müharibəsindən sonra dünyada Azərbaycanla bağlı fikrin dəyişilməsi prosesi getdi, o cümlədən Azərbaycan daxilində ciddi sosial problemlər yarandı və bu adamlar buna susublar. Mən 16 rəqəminə inanmıram, çünki 120 nəfərdən demək olar ki, 50 nəfəri, ümumiyyətlə, danışmır. Ola bilər, haradasa söz deyib, amma bu, o demək deyil ki,  danışıb.

Anlaşılmayan digər bir şey də odur ki, bunlar nəyi fikirləşir? Nədən hər şeyi cənab Prezident deməlidir? Nazirlər Kabineti də o gündədir. Oraya da susqunları yığıblar. Mən deputatlardan da soruşuram ki, niyə danışmırsınız? Deyirlər, məsləhət görmürlər. Mən başa düşə bilmirəm ki, kimdir bunlara məsləhət verən? Bəs eyni statusu olan başqaları hər cür danışır, sayaqlayan da olur, ağlına gələni deyən də olur, heç kəs də bunlara nəsə demir. Deməli, bunların hamısı yalandır. Çünki bu sistemi Ramiz Mehdiyev qurub və o 50 nəfərə yaxın susanlar da Ramiz Mehdiyevin adamlarıdır. Onlara da deyilib ki, danışmayın. Bilir ki, bunlar danışanda üz-gözlərinə bulaşdırır hər şeyi. Həm danışsa belə, guya nə danışacaq?!”

Müsahibimiz deyib ki, hazırda parlamentdə haradasa 15-20 deputat var ki, cəmiyyət onları tanıyır:

aradasa 15-20 deputat var ki, cəmiyyət onları tanıyır:

“Vallah, mən çoxunu heç tanımıram. Əgər mən tanımıramsa, cəmiyyət də onları tanımayacaq. Bunlar gəlib-gedirlər, ortada heç nə yoxdur. Yenə deyirəm, heç seçicilərlə də görüşmürlər. 16-sı isə heç bir iş görməyənlərdir, amma belə götürsək, tam susan deputatlar 50-yə yaxındır”.

Siyasətçi iddia edib ki, həmin deputatların biznesləri çiçəklənməkdədir:

“Çox maraqlıdır ki, bunların biznesləri də çiçəklənir. Bir də elm sahəsində bunların təfəkkürü nədənsə o parlament binasına girən kimi artır. Elmdən xəbəri olmayan birdən-birə olur əvvəl fəlsəfə doktoru, “PhD” alırlar, sonra da olurlar elmlər doktoru. Mən bildiyimə görə, parlamentdə 6 nəfər siyasi elmlər doktoru var. Amma bunlar haradırlar, niyə susurlar? İndi bir-ikisi danışır, amma qalanları yoxdur.

Bu gün ölkədə 30-a yaxın siyasi elmlər doktoru var, amma onun haradasa 8-10-u danışır. Bu qədər diplomları xanımlara Ramiz Mehdiyev veribsə, niyə bunlar danışmırlar, nə vaxt söz deyəcəklər?! Bilirsiniz, artıq bizdə diplom da bir trenddir. Danışmamaqla diplom almaq dəbdir. Adam var ki, elmlər doktoru olmağa utanır bunların ucbatından. Mən belə utanıram deyim ki, siyasi elmlər doktoruyam. Bu dərəcədə hər şeyi ucuzlaşdırdılar. Eynilə də deputat adını ucuzlaşdırıblar. Bu adamların da hamısı təqaüdə çıxanda da xeyli müavinət alırlar”.

Məhkəmə sistemindən gileylənən Nuriyev deyib ki, bu tendensiyasını Ramiz Mehdiyev deyib:

“Əgər bir ölkədə məhkəmə sistemi bir neçə istiqlalçı deputata sübut edir ki, sən deputat olmamısan, bu, qeyri-adi, anlaşılmayan bir şeydir. Əgər biz deputat deyiliksə və bu parlament qeyri-legitimdirsə, onda qalan qurumlar da qeyri-legitimdir.

Mən bilmirəm, bu Ramiz Mehdiyev nə etmək istəyir, amma bunların hamısı onun başının altından çıxır ki, sabah desinlər, Azərbaycan dövləti qeyri-legitimdir. Bu parlamentin də 10-15 deputatını çıxmaq şərtilə hamısı da susur. Bu adamlar dövlət üçün təhlükədir və onlar sabah nəyi müdafiə edəcəklər?! Hətta adlarını müxalifət qoyan bəzi deputatlar artıq olublar restoranlar kralı. Biabırçılıqdır, gərək xəcalət çəksinlər. Özü də bəziləri çıxırlar, ağız dolusu, yekə-yekə xalqın sosial rifahından, o birisindən-bu birisindən danışırlar. Müharibə oldu, bir deputatın uşağı iştirak etmədi. Nə qazilərin, nə də veteranların içində yoxdurlar.

Amma hansı rayona gedirsən, soruşursan ki, bu restoran kimindir, deyir, filan deputatın. Mən artıq xəcalət çəkirəm. Mən qorxuram soruşmağa ki, bu restoran kimindir? Bütün meşələri bunlar işğal ediblər. Deputatın bu qədər restoranımı olar?! Bir ara nazirlər idi, indi onlar qurtardı, hazırda ən böyük sahibkarlar deputatlarımızdır. Özü də adamların bir yox, bir neçə vəzifələri var.

Ona görə də bu parlament buraxılmalıdır. Mən bircə şeyi təklif edirəm ki, belə parlamentin olmasındansa, olmaması daha yaxşıdır. Ondansa, 30 nəfər deputat seçsinlər, onların da maaşını versinlər bu 30 nəfərə və danışsınlar. Qalalarına heç ehtiyac yoxdur. Onu yarı-yarı azaltsalar yaxşıdır, çünki başqa yol tapmıram. Əgər bir ölkənin parlamenti susacaqsa, dediyim kimi, adını dəyişdirib “Susqunlar Məclisi” etsinlər. Bunlar axı nə zaman bu dövləti müdafiə edəcəklər?!

Ölkənin müxalifəti də bir şey deyil. 10-a yaxın müxalifət partiyası var, onlar da bir şey deyillər, özlərini müxalifət kimi göstərirlər. Hamısı publikaya işləyir, gözdən pərdə asmaq üçün edirlər. Ona görə də 5-10 deputatı çıxmaq şərtilə qalan hamısı biznesmendir”.



Oxşar Xəbərlər

Xəbər lenti