8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Politoloq Zərdüşt Əlizadə teleqraf.com-a müsahibə verib.
Sozcu.info müsahibəni oxucularına təqdim edir:
– Zərdüşt bəy, Rusiya iki gündür İdlibi bombalayır, ABŞ isə buna kəskin etiraz bildirir. Sizcə, Suriyada baş verənlərin görünməyən tərəfi nədən ibarətdir?
– ABŞ və qiyamçıları dəstəkləyən digər ölkələr bu əməliyyatlardan narahatdır. Təsəvvürünüzə gətirin, bir ölkənin hökuməti öz ərazisi üzərində nəzarəti bərpa edir, qiyamçıları əzir. Beynəlxalq birliksə çağırış edir ki, bunu etməyin. Sizi inandırıram, sabah başqa ölkələr də öz ərazi bütövlüyünün bərpası üçün əməliyyata başlasa, illərdir işğala tamaşa edən beynəlxalq birlik bağıracaq ki, humanitar faciə yaşana bilər, əməliyyatı dayandırın.
Onlara sərf etməyəndə dərhal yadlarına humanitar fəlakət düşür. Sərf edəndə isə iqtisadi-siyasi maraqlarını nəyin bahasına olursa-olsun həyata keçirirlər. Məsələn, Səudiyyə liderliyində koalisiya hər gün Yəməni bombalayır, insanlar qırılır. Ancaq nədənsə qərbin etiraz səsi qalxmır.
On minlərlə yəmənli öldürülüb, lakin ABŞ-ın vecinə deyil. ABŞ İraqa daxil olanda azı 300 min iraqlını öldürdü. Bu onların vecinə oldumu? Siyasi mənafe naminə indi ABŞ və dostları ikiüzlülük edir.
– ABŞ və Avropa nəyə görə İdlib əməliyyatına etiraz edir?
– Onlar istəyirlər ki, Suriya daxilində onlara sadiq olan silahlı qüvvələr qalsın və Bəşər Əsəd rejimi ilə döyüşməkdə davam etsin. Yəni Suriyada vətəndaş müharibəsi davam etsin. İstəmirlər ki, qiyamçılar məğlub olsun. Məhz bu səbəbdən humanitar faciə, insanlıq dramı sözlərindən istifadə edərək haray-həşir salırlar.
– İstənilən halda İdlibdə mülki əhali arasında itkilər olacaq…
– Onsuz da orada insanlar ölür. Əlinə silah alan insan anlayır ki, müharibəyə gedir. Artıq Suriyada 100 minlərlə insan həlak olub, 5 milyon insan qaçqına dönüb. Nəyin nəticəsində? Sözsüz ki, Bəşər Əsəd rejiminin burada günahı var. O cümlədən ABŞ-ın Suriyaya hərbi müdaxiləsi, mürtəce ərəb rejimlərinin maliyyə-siyasi müdaxiləsinin təsiri olub. Nəticədə uzun illərdir Suriyada vətəndaş müharibəsi gedir. Burada bütün tərəflərin günahı var və bütün günahları Bəşər Əsədin üzərinə atmaq doğru deyil. Əsəd dövlət başçısıdır və ölkəsinin ərazi bütövlüyünü bərpa edir.
– İdlib əməliyyatı baş tutacaqmı?
– Məncə, baş tutmalıdır. Nəzərə alın ki, bu məsələdə Rusiya, İran və Suriya hökuməti maraqlıdır. Onların Suriyadakı mövcud güc imkanı İdlibi müdafiə etmək istəyən silahlı müxalifətin gücündən daha böyükdür.
Orada proseslərin necə getdiyi maraqlıdır. Vaxtı ilə Suriyanın 75 faizinə qiyamçılar, 25 faizinə Əsəd rejimi nəzarət edirdi. İndi Suriyanın 90 faizi Bəşər Əsədin nəzarətindədir.
– Əsəd Moskva və Tehranın dəstəyi sayəsində İdlibə nəzarəti bərpa edərsə, bundan sonra nə baş verəcək?
– İdlibi götürdükdən sonra Suriyada siyasi həll mərhələsi gələcək. Mümkündür ki, Bəşər Əsəd getsin və onun yerinə başqa adam gəlsin. Bütün hallarda siyasi həll tapılmalıdır. Çünki Suriyanın gələcəyi təkcə döyüş meydanlarında həll edilmir, eyni zamanda iqtisadi-maliyyə dairələrində çözülür.
Təsəvvür edin, 10 milyardlarla dollar lazımdır ki, Suriya bərpa edilsin.
Suriyada Türkiyə amili də var. Türkiyənin Suriya daxilinə təsir imkanları var, xüsusilə orada yaşayan türkmanlar vasitəsilə. Odur ki, siyasi sövdələşmə prosesi başlayacaq.
– Ancaq Suriyada PKK-nın törəmə təşkilatı olan PYD, YPG silahlı dəstələri var…
– Onlar artıq yaranıb və onları yox etmək mümkün olmayacaq. Sadəcə onları layiq olduğu həcmə və yola gətirmək lazım gələcək.
– İdlib əməliyyatından sonra Türkiyənin vəziyyəti necə olacaq?
– İdlibdə olan türkman silahlıları yəqin ki, mərkəzi hökumətə tabe olacaq. Kürdlər də Əsədə tabe olmalıdır. Qiyamdan əvvəl türkmanlar Suriya hökumətini tanıyırdı. Qiyamın ilk dövrlərində də Əsədi tanıyırdılar. Yəqin razılaşma əldə ediləcək və bu razılaşmanın zaminlərindən biri kimi Türkiyə çıxış edəcək.
İdlibdə və Türkiyə ilə sərhədlərdə silahlı kürdlər isə ya türk ordusu tərəfindən əziləcək, ya da Əsədə tabe olub əvvəlki dövrlərə qayıdacaqlar. Heç bir silahlı kürd qüvvələri haqqında söhbət gedə bilməz. Hamısı tərk-silah olunmalıdır.
– İdlib əməliyyatından sonra ABŞ və İsrailin mövqeyi, davranışları barədə nə deyərsiz?
– İsrail son vaxtlar Suriya ərazisinə hava hücumları edir. Ola bilsin, bu hücumlar qırıcılar vurulmağa başlayana qədər davam etsin. Yəni İsrail Rusiyanın təsbit etdiyi nüfuz dairəsinə soxularaq oranı vurmağa başlasa, cavab alacaq. Ola bilər, bu cavabı rusların özü və ya Suriya ordusu versin.
Suriyaya müasir silahların verilməsi və bu silah vasitəsilə İsrailin geriyə oturdulması mümkündür. İndilikdə İsrailin qazandığı bir şey var. İsrail İran ordusu və silahlı qüvvələrinin Suriya-İsrail sərhədləri yaxınlığında hərbi bazalarda yerləşməyəcəyinə dair Moskvadan zəmanət alıb. Bu, İsrailin qazancıdır.
– ABŞ-ın davranışları haqda proqnozunuz necədir?
– ABŞ Suriyadan çıxmaqla canını itkilərdən qurtaracaq.
– Düşünürsünüz ki, İdlib əməliyyatından sonra ABŞ Suriyanı tərk edəcək?
– ABŞ Prezidenti Donald Tramp açıq deyib ki, Suriyadan çıxmaq istəyir. Mən hesab edirəm ki, istənilən dövlətin və hökumətin öz ərazilərinə nəzarəti bərpa etməsi müsbət hadisədir. Bir var ölkə dağınıq və parçalanmış halda qalsın, bir də var ərazi bütövlüyü bərpa və təmin olunsun.
Bəzən qeyd olunur ki, İdlibi vurmaqla Avropaya yeni köç dalğası yaşana bilər. Məncə, bu, Avropanın problemidir. Avropa zəhmət çəkib bundan sonra düşünülmüş xarici siyasət yürütsün, düşünmədən ABŞ-ın dalınca qaçmasın.