8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərini Teleqraf.com-a şərh edən politoloq Zərdüşt Əlizadə belə deyib.
O qeyd edib ki, görüş zamanı əsasən, İraq Kürdüstanında referendum məsələsinə toxunulub:
"İran və Türkiyənin İraq Kürdüstanının müstəqil olmamasına və böyük Kürdüstan dövlətinin yaranmamasına dair ortaq marağı var. Çünki onlar başa düşürlər ki, buna aparan yolda İran və Türkiyə mütləq parçalanmalı və bütün Yaxın Şərqin siyasi xəritəsi dəyişməlidir. Ankara və Tehran buna heç bir vəchlə yol vermək istəmirlər. Bu, böyük dövlətlərə əl verir, amma Türkiyə və İrana əl vermir. Ortaq maraq iki ölkəni sıx əməkdaşlıq etməyə sövq edir”.
Z.Əlizadə əlavə edib ki, böyük dövlətlər "ayır, buyur” siyasəti yürüdürlər: "Roma imperiyası dövründən qalma "divide et impera” sözü var. Mənası bizim hamımızın bildiyimiz "parçala, hökm sür” deməkdir. Bu siyasi ənənənin əsası Roma imperiyasından də əvvəl – Şumerlər dövründə qoyulub. Bütün böyük imperiyalar düşməni həmişə parçalayırlar ki, onu rahat iradə edə bilsinlər. Türkiyə və İran da bu siyasətlə razı deyil”.
Müsahibimiz Ankara və Tehranın böyük dövlətlərin iradəsinə qarşı çıxmağa gücünün çatacağını bildirib: "Türkiyə və İran son dövrlərdə çox aydın şəkildə göstərirlər ki, böyük dövlətlərin imlası ilə hərəkət edən deyillər. Təsadüfi deyil ki, İranın ən böyük rəqibi dünyanın fövqəlgücü olan ABŞ-dır. ABŞ İranla bacarmır. Türkiyə də son 20-30 ildə tamamilə aydın şəkildə göstərir ki, heç bir böyük dövlətin diqtəsi ilə hərəkət etmək fikrində deyil”.
Bununla belə Z.Əlizadə İran və Türkiyənin İraqla birgə İraq Kürdüstanına hərbi müdaxiləsinə ehtiyac olmadığını vurğulayıb: "Hərbi müdaxiləyə ehtiyac yoxdur. Sadəcə, iqtisadi, siyasi imkanlardan istifadə etmək kifayətdir ki, İraq Kürdüstanı öz yerini bilsin. İraq Kürdüstanının referendumu referendum kimi, bəyanatı da bəyanat kimi qalacaq. Heç kim onu tanımayacaq. Çox hərəkət etməyə başlasa, onu diz çökməyə vadar etmək üçün kifayət qədər iqtisadi və siyasi rıçaqlar var. İraq Kürdüstanının dolanışığı İraq, Türkiyə və İrandan gəlir. İraq Kürdüstanı bu üç ölkənin əhatəsində yerləşir. Əgər bu üç ölkə əlbir hərəkət etsə, İraq Kürdüstanı neyləyəcək? Nə eləyə bilər? Heç nə”.
Z.Əlizadə Dağlıq Qarabağın da öz müstəqilliyini elan etdiyini xatırladıb: "Kim onu tanıyıb? Müstəqildir? Yox. Məsud Bərzani İraq Kürdüstanının müstəqilliyini elan etməyə hazırlaşır. Amma elan etsə belə, onu heç kim tanımayacaq. Kataloniya özünü müstəqil dövlət elan etsə, kim onu tanıyacaq? İspaniya tanımırsa, heç kim tanımayacaq”.
Səxavət Həmid