Prezident şəhid ailələri və pensiyaçıların sosial təminatından danışdı

Prezident şəhid ailələri və pensiyaçıların sosial təminatından danışdı

 

Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı idi.

Sozcu.info  xəbər verir ki, iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəprezident İlham Əliyev bildirib ki, hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaq.

Onun sözlərinə görə, şəhid ailələrinə verilən müavinət 242 manatdan 300 manata artırılıb:

 

"Maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaq. Bu yaxınlarda Əfqanıstan veteranlarının müavinəti də artdı - 220 manatdan 300 manata qalxıb. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik”.

Ölkə başçısı çıxışında qeyd edib ki, məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramları icra ediləcək. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdisə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək.

"Müvafiq göstərişlər verildi. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcək. Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilib. Yəni iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək.

Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Onu da bildirməliyəm ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib.

Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıbdır. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz.

Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq.

Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artıb - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir.

Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaqdır”, - deyə prezident vurğulayıb.



Oxşar Xəbərlər

Xəbər lenti