8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Kürdəmir Suvarma Sistemləri İdarəsində nələr baş verir?
Hesablama Palatası kimi mötəbər dövlət qurumunun "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində külli miqdarda maliyyə pozuntuları haqqında verdiyi acıqlamalar artıq belə təəssürat yaradır ki, bu vəziyyət ASC-də xroniki hal alıb. Çünki, Hesablama Palatası ötən il də "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyətində ciddi maliyyə pozuntuları aşkar etmişdi. "Meliorasiya və Su Təsərrüfatı” ASC-yə son illər dövlət büdcəsindən milyardlarla manat vəsaitlər ayrılmasını da nəzərə alanda cəmiyyətin bu ASC-də baş verənlərlə bağlı narahatlığının səbəbi anlaşılır. "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin strukturuna daxil olan Kürdəmir Suvarma Sistemləri İdarəsində baş verən maliyyə pozuntuları ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Həmin məlumatda qeyd edilir ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Talıb Məmmədov Kürdəmir rayon sakini Zahir İsmayılovla əlbir olaraq şübhəli maliyyə əməliyyatları həyata keçiriblər. Məlumata görə, guya Zahir İsmayılov Kürdəmir Suvarma Sistemləri İdarəsinə "beton üzlüklü və nov kanalların, hidrotexniki qurğuların, istehsalat binalarının əsaslı və cari təmiri üçün mal-materiallar” satıb. Bunun müqabilində isə Kürdəmir Suvarma Sistemləri İdarəsi Zahir İsmayılovun direktor olduğu "Babək-CK” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına nə az, nə çox düz 157 min manat pul köçürüb. Məlumatlı mənbənin verdiyi məlumata görə Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan bu MMC-nin nə bir istehsal sahəsi, nə hansısa mal-materialı saxlamaq üçün anbarı, nə də onları daşımaq üçün müvafiq texnikası mövcud deyil. Məlumatlı mənbə bildirir ki, əgər Zahir İsmayılovun rəhbərlik etdiyi "Babək-CK” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilər siyahısına, onlar üçün ödədiyi vergi və sosial ödənişlərə baxılsa, bu şirkətin saxta maliyyə əməliyyatlarından başqa heç bir ciddi biznes əməliyyatı həyata keçirmədiyi məlum olar. Məlumatlı mənbə bildirir ki, Salyan rayon Aşağı Noxudlu kəndində qeydiyyatda olan və Rəna Sultanova adlı qadının rəhbərlik etdiyi "Ulduz-K” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə də aparılan maliyyə əməliyyatı eyni mahiyyət daşıyır. Belə ki, guya Kürdəmir Suvarma Sistemləri İdarəsi "Ulduz-K” MMC-dən mexanizm və nəqliyyat vasitələrinə ehtiyat hissələri almalıdır. Bunun müqabilində isə Kürdəmir Suvarma Sistemləri İdarəsi "Ulduz-K” MMC-nin hesabına 80 min manata yaxın pul köçürüb. Məlumatlı mənbə bildirir ki, Kürdəmir Suvarma Sistemləri İdarəsində baş verən maliyyə pozuntuları, korrupsiyaya oxşayan fırıldaqlar çox baş verir. İddia olunur ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin ştat cədvəlində adı olan işçilərin bir hissəsinin yalnız adı mövcuddur. Mənbə bildirir ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin ştat cədvəlində adı keçən işçilərin adına olan bank kartları ilə əmək haqqının alınması prosesi dəqiq yoxlanılsa, bir nəfərin bir neçə nəfərin yerinəbank kartı ilə bankomatdan pul çıxardığı aşkar olunar. Bu isə belə qənaət yaradır ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin ştat cədvəlində ölü canlar mövcuddur. Onların adlarına yazılan əmək haqqı isə ayrı-ayrı adamların cibinə gedir. Bu məlumatlar Hesablama Palatası kimi mötəbər dövlət qurumunun "Meliorasiya və Su Təsərrüfatı” ASC-də külli miqdarda maliyyə pozuntuları faktını üzə çıxarmasından sonra inkar edilməz görünür. Çox təəssüf ki, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi belə məlumatlara aydınlıq gətirməkdən bir qayda olaraq yayınır. Bu isə ictimaiyyətə hörmətsizlikdən başqa bir şey deyil. "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi də, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Talıb Məmmədov da bilməlidir ki, onlar cəmiyyəti maraqlandıran məsələlərə aydınlıq gətirməyə borcludurlar. Bu onların vəzifə borcudur. Eyni zamanda susmaq bu iddialara razılaşmaq anlamına gəlir ki, bu da istər "Meliorasiya və Su Təsərrüfatı” ASC-də, istərsə də Kürdəmir Suvarma Sistemləri İdarəsində korrupsiya faktlarının baş alıb getməsi haqqında cəmiyyətdəki ictimai rəyi gücləndirir. Vəzifə borcumuz olaraq bu faktlara Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Talıb Məmmədovun münasibətini öyrənmək istəsək də, cəhdimiz nəticə vermədi. Biz Kürdəmirdə olarkən adının cəkilməsini istəməyən mənbə Kürdəmir SSİ-nin rəisi T.Məmmədovla bağlı ilginc faktları söylədi. Belə ki, T.Məmmədov rayon ərazisindəki aparılan abadlıq quruculuq işlərində rayon İcra Hakimiyyətinin başcısı Ceyhun Cəfərovun yolqırağı hasarlanma işıni görüb. Bu yük Talıb müəllim üçün çox agır olub və o çıxılmaz vəziyyətlə üzləşdiyindən biznes obyektlərini satışa çıxarıb. Bu isə tamam başqa bir yazının mövzusudur. Hələlik isə Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyinin də Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Talıb Məmmədovun da mövqeyini dinləməyə hazırıq.
"Yeni Sözçü" qəzeti