25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsini möhtəşəm qələbə ilə başa vuran dövlətimiz işğaldan azad olunmuş torpaqlarımızın inkişaf etmiş ərazilərə çevirilməsi istiqamətində geniş işlərə başlamışdır.
Müharibənin sona çatmasından qısa müddət keçməsinə baxmayaraq artıq bu ərazilərdə real işlərə başlanmış və uğurla davam etməkdədir.
Azad olunmuş ərazilərin inkişaf etdirlməsi ilk növbədə təhlükəsizlik və beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçirilir. Atılan ilk addımlar yeni yol-nəqliyyat infrastrukturunun yaradılması ilə başlamışdır. Çünki belə bir infrastruktur olmadan heç bir sahədə sosial iqtisadi inkişafı təmin etmək mümkün deyil.
Təməli qoyulmuş Füzuli-Şuşa yolu, Kəlbəcərdən Laçına qədər davam edəcək Toğanalı - Kəlbəcər yolu, Füzuli hava limanı həm də gələcəkdə turizm potensialını inkişaf etdirmək üçün geniş imkanlar açacaqdır. Eyni zamanda yenidən qurulmasına başlanmış Bərdə-Ağdam dəmir yolu və inşası nəzərdə tutulan Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolu xətləri bölgədə əlverişli gələcək inkişafı təmin edəcəkdir.
Cənab prezident son çıxışlarının birində bildirmişdir ki, aeroportlar tikmək planları təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Ərazilərin abadlaşdırılması proqramları çərçivəsindəLaçında və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Bu proqramlar ən azı bölgənin sonrakı 50 ilinə hesablanaraq həyata keçirilməkdədir.
İşğaldan azad olunmuş ərazilərin su təchizatı, enerji infrastrukturu və bölgənin təbii qazla təminatı ilə bağlı hazırlanan layihələr doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın həm həyat şəraitinə, həm də onların məşğulluğunun təmin edilməsinə yönəldilmişdir.
Həyata keçirilən bütün layihələrdə müasir texnologiyaların, innovativ yeniliklərin nailiyyətləri nəzərə alınmışdır. Prezident İlham Əliyevin tapşırığına əsasən ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyaların tətbiqi və digər məsələləri əhatə edəcək bir məkanın konsepsiyasının hazırlanmasına başlanılıb.
Ərazilərin bərpasında tarixi, mədəni və dini abidələrin bərpası, müasir arxitektura və Qarabağ memarlıq üslubunun qorunub saxlanılması qarşıya qoyulan məqsədlərdəndir. İnanırıq ki, qısa müddətdə ölkəmizin mədəniyyət paytaxtı, Qarabağın incisi sayılan Şuşa şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çeviriləcəkdir.
Qarabağın məhsuldar torpaqlara və su ehtiyatlarına malik olması burada müxtəlif kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinə böyük imkanlar yaradacaq, burada məskunlaşacaq vətəndaşlarımızın layiqli yaşayışını təmin edəcəkdir. Kənd təsərrüfatının inkişafı ölkəmizdə ərzaq təhlükəsizliyi, məşğulluq, yeni investisiyaların cəlb edilməsi kimi imkanları da reallaşdıracaqdır.
Biz inanırıq ki, “Qarabağı da qısa müddətdə bərpa edəcəyik” deyən cənab Pezident İlham Əliyevin rəhbərliyi altında sıx birləşən Azərbaycan xalqı doğma Qarabağımızda əbədi firavan və xoşbəxt həyat sürəcəkdir.
Vahid Mahmudov,
“Suraxanı maşınqayırma zavodu” ASC-nin sədri