“Yanan bina”nın “sönməyən” sualları – Sona çatan məhkəmədə hansı məsələlər cavabsız qalıb?

“Yanan bina”nın “sönməyən” sualları –

 

2015-ci ilin mayın 19-da Binəqədidə yerləşən 16 mərtəbli binada baş vermiş yanğınla bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Aylardır davam edən bu məhkəmə prosesi başlandığı gündən cəmiyyətin əsas diqqət mərkəzində qala bildi. Bunun səbəbləri aydındır. İnsanların belə faciəli şəkildə həlak olması cəmiyyəti hiddətləndirmişdi və hamı günahkarların tezliklə tapılmasını tələb edirdi.

 

Budur, məhkəmə yekunlaşmaq üzrədir. Dövlət ittihamçısı artıq ittiham olunanlara cəza da istəyib. Biz məhkəmə prosesinin bütün iclaslarını əvvəldən axıradək diqqətlə izlədik. Cavabsız qalan bir sıra suallara məhkəmədə aydınlıq gətiriləcəyinə ümid edirdik. Məhkəmə istintaqı tamamlanıb, tərəflər çıxış edib, lakin təəssüf ki, həmin suallar hələ də açıq qalır.

 

Prezident yanında müşavirədə hansı arqumentlər səslənmişdi?

Baş vermiş faciədən dərhal sonra prezident İlham Əliyevin yanında güc strukturları rəhbərlərinin və hökumət rəsmilərinin iştirakı ilə fövqəladə iclas keçirildi. Hadisənin səbəbləri barədə dövlət başçısına məruzə edildi. Yanğına keyfiyyətsiz poliuretan üzlüyün səbəb olduğu birmənalı şəkildə vurğulanırdı. İctimai rəy də məhz bu varianta köklənmişdi.

Bu işin məhkəmə araşdırması zamanı meydana çıxan işin faktiki halları isə hadisə barəsində tamamilə fərqli bir mənzərə canlandırır. Yazıda vəkillərin məhkəməyə təqdim etdiyi həmin faktiki hallar barədə öz qənaətlərimizi oxucularla  bölüşmək istərdik.

Məhkəmə prosesinin gedişində məlum oldu ki, binanı üzləmiş "Qlobal Konstrakşn” şirkətinin təsisçilərindən birinin və iki əməkdaşının həbsinə səbəb olmuş bu ittihamlar öz təsdiqini tapmır.

Bəs Prezidentin yanında keçirilən iclasda nə deyilmişdi?

Həmin iclasda məruzə edildi ki, Binəqədidəki yanan bina müvafiq müqavilə imzalanmadan və layihə-smeta sənədləri olmadan üzlənib. Lakin istintaq materiallarından aydın olub ki, bu heç də belə deyil. Binanın üzlənməsi üçün Binəqədi rayon icra hakimiyyəti ilə bütün lazımi sənədləşmə aparlıb, icra başçısı poliuretanla üzlənəcək binaların konkret ünvanları göstərilən müvafiq sərəncamı imzalayıb. 01 iyun 2012-ci ildə Binəqədi rayon icra hakimiyyəti ilə "Qlobal Konstrakşn” şirkəti arasında müqavilə bağlanıb.

Həmin iclasda deyilən digər arqument yanan binanın layihə-smeta sənədlərinin olmaması barədə idi. Lakin istintaqın gedişində smeta sənədlərinin olduğu üzə çıxıb. Bu sənəd hətta Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsi tərəfindən də təsdiq olunub. Layihə sənədlərinə gəlincə, FHN istintaqa rəsmi məktub göndərərək bəyan edib ki, bina üzlənməsi təmir işi olduğu üçün layihə sənədi tələb olunmur. Belə məlum olur ki, burada da qanunvericilyin heç bir tələbi pozulmayıb.

Səslənmiş digər ittiham isə başıbəlalı poliuretanın istehsalı ilə bağlı idi. Fövqəladə müşavirədə bu materialın "Global Stone” şirkətində istehsal olunduğu vurğulanmışdı. İttihamın əsası bu idi ki, şirkət bu materiala yanğına davamlı maddə qatmalı imiş, amma bunu etməyib. Bu arqument də "havada əriyib”. İstintaq zamanı müəyyən olunub ki, "Global Stone” ümumiyyətlə poliuretan istehsal eləmir. Heç Azərbaycanda bunu istehsal edən zavod yoxdur. Səbəbi sadədir: Poliuretan çox bahalı istehsal sayılır. Belə kimya zavodunun qurulması üçün 5 milyard dollara yaxın pul tələb olunur. Dünyada cəmi beş ölkədə -Belçika, Almaniya, ABŞ, Türkiyə və Çində belə zavodlar fəaliyyət göstərir. "Poliuretan" məhsulu "Global Stone” şirkətinə germetik qablarda Türkiyədən gətirilirmiş. Şirkət gömrükdən bütün qaydalara uyğun keçən, maye halında gələn bu məhsulu Bakıda yalnız qəlibləyib. Qəlibləmə prosesi zamanı isə tərkibə müdaxilə heç bir halda mümkün deyil. İstintaq zamanı ekspertiza da bunu təsdiq edib.

Həmin müşavirədə deyilən digər ititham da hamını qəzəbləndirmişdi. Bildirilmişdi ki,  sınaq üçün ekspetizaya bir material təqdim edilib, binanın üzləməsində isə başqa materiadan istifadə edilib. Məhkəmədə bu da araşdırılıb. Aydın olub ki, şirkət 2011-ci ildən bu yana yalnız Türkiyənin "Tekpol” şirkətindən məhsul alıb. Bununla bağlı analiz sertifikatları istintaqa təqdim edilib. Ekspertiza sınağa təqdim olunmuş nümunəni və yanmış binadan götürülmüş numunəni də yoxlayıb. Məlum olub ki, tərkibdə heç bir fərq yoxdur.

Qəribə situasiya yaranıb: Axı istintaq bütün ittihamı məhz bu üç məsələ üzərində qurmuşdu. Bu ittihamlar isə "yaz qarı” kimi əriyib. Bəs məhkəmə bütün bu əhvalatı qanun dili ilə necə həll edəcək? Femidanın "ədalət tərəzisi” günahı neçə "çəkəcək?”

Bina yanan gün şahidlərin ifadələri da maraqlıdır. Zərərçəkmişlər yanğının səhər 10:30 radələrində başlandığını desələr də kamera görüntülərindən aydın olub ki, ilkin tüstülənmə həmin binaya bitişik binanın üzərində 10:58 radələrində başlayıb. Sakinlər isə yalnız saat 10:30-da yanğının ilkin əlamətlərini görüblər. Onlar izahatlarında deyiblər ki, yanğın çox sürətlə, 5-10 dəqiqə ərzində yayılaraq genişlənib. Yanğınsöndürənlər yanğın yerinə 11:30 radələrində gəlib.

Buradan isə hadisə ilə bağlı digər suallar yaranır. İlk olaraq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti heyrət doğurur. Onların bu məsələdə davranışı peşəkarlıqdan xəbər vermir.

Yanğın baş verən zamanda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları təcili olaraq yanğın yerinə getmək əvəzinə tamam ayrı səmtə üz tutublar. Yaraqlı-yasaqlı 31 MTN əməkdaşı Hollivud blokbasterlərində olduğu kimi "Qlobal Konstrakşn” şirkətinin yerləşdiyi ünvana gələrək ofisi mühasirəyə alır. İzah etmək belə çətindir… Yanğın davam edir, sadə vətəndaşlar insanları binadan çıxarmağa cəhd edirlər. Yanğınsöndürmə maşınları saat 12-nin yarısı hadisə yerinə çatır. Hələ binanın nədən yandığı barədə heç nə məlum deyil. Amma eyni vaxtda şirkətin ofisində xüsusi əməliyyat keçirilir.

Rəsmi məlumata görə, yanğın saat 17:30-da söndürülüb. Deməli, yanğının səbəbi, günahkarın kimliyi yalnız bundan sonra aparılacaq araşdırmalardan məlum ola bilərdi… Bəs MTN niyə "isti-isti” ofisi möhürləyib? Onlar yanğının məhz bu üzlükdən baş verdiyinə necə əmin olublar?

Həmin gün MTN əməkdaşları hadisənin şokunda olan şirkətin təsisçilərindən birini tələsik maşına otuzdurub nazirliyə aparıblar.

Yanğında "MTN izi” varmı?

Məhkəmə iclaslarında aşkarlandı ki, keçmiş MTN-nin bəzi əməkdaşları bir sıra iş adamlarına tətbiq etdikləri və artıq cəmiyyətə bəlli analoji "pul yığmaq” taktikasını sözügedən şirkətə də tətbiq ediblər. Çekistlərin hədə-qorxusu da maraqlı olub: Pul verməyəcəyi təqdirdə şirkət haqqında dövlət rəhbərliyinin yanında mənfi rəy formalaşdırmaqla təhdid ediblər.

Məhkəmə bu detalı diqqətdən kənarda saxlaya bilməz axı…

İttiham tərəfi təxribat versiyasını yaxına buraxmasa da məhkəmədə buna dəlalət edən xeyli sayda faktlar təqdim olunub.

Əziz oxucu, bu faktlar kifayət qədər düşündürücüdür: Binəqədidəki yanğından 3 gün əvvəl naməlum şəxslər "Qlobal Konstrakşn” şirkətinin yeni təmir etdiyi və Kaveroçkin küçəsində yerləşən Veteranlar Təşkilatının binasını yandırmağa cəhd ediblər. Neftə bulaşdırılmış kəndirləri binaya sallayan cinayətkarlar xoşbəxtlikdən niyyətlərinə çata bilməyiblər. Kəndirləri orda ataraq qaçıb aradan çıxıblar.

Məhkəmədə bu fakt təsdiq edilib. Nərimanov rayon polis idarəsinin 16 fevral 2016-cı ildə istintaqa göndərdiyi məktubda qeyd olunub ki, Kaveroçkin küçəsinə bitişik tikilidə yanğın törətməklə Veteranlar Təşkilatı binasını yandırmaq cəhdi olub. Bu fakt üzrə cinayət işi başlanılıb. Lakin sonra istintaq dayandırılıb. Bəs nəyə görə? Bu günə qədər bu sual cavabsızdır. Maraqlıdır ki, Binəqədidə baş vermiş yanğında da "dəst-xətt” eynidir: Orada da yanğın bitişik tikilidə törədilməklə baş tutub.

Oxuculara deməliyik ki, Binəqədidə yanan 16 mərtəbli binaya da bitişik tikili olub. Bina ilə tikili arasında ara məsafə qoyulmayıbmış… Müstəntiqlər nədənsə bu məqama diqqət yetirməyib. İstintaqa yanğınla bağlı təqdim edilmiş protokolda yanğın eksperti Azər Bəyalıyev yazıb ki, həmin tikili bir tərəfdən birmərtəbəlidir, digər tərəfdən iki mərtəbəli… Protokolda yazılıb ki, ikimərtəbəli hissənin altında zirzəmi var. Otağın üstündə yanğın o qədər güclü olub ki, yanıb çöküb aşağı. Zirzəmiyə. Məhz həmin tikilidə törədilən yanğın güclü mənbə rolunu oynayıb. Vəkillər iddia edir ki, bu güclü mənbə bir siqaretdən başlaya bilməzdi. Onlar hesab edir ki, protokolda göstərilən faktlar ümumiyyətlə sonradan yanğın ekspertizasının tədqiqində istifadə olunmayıb.

Daha bir belə yanğına cəhd Gəncədə edilib. İnanılmaz görünsə də faktdir: Hadisədən 5 gün sonra – 24 may 2015-ci il Gəncədə Dədə Qorqud 2 ünvanda yerləşən poliuretanla üzlənmiş binada əllərində kerosin kanistri olan 2 nəfər (biri Rusiya vətəndaşı, digəri isə müddətdən artıq xidmət edən Samux rayonu Əliuşağı kənd sakini 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşı) gecə saat 03:30-da yaxalanaraq Gəncə şəhəri Kəpəz rayon polis şöbəsinə təhvil verilir. Polislər isə öz növbəsində Gəncə şəhər icra hakimiyyətinin hüquq şöbəsinin məsul işçisi Pərvin Kazımova məlumat veriblər ki, saxlanılanları MTN-ə təhvil veriblər. MTN-də isə bu məsələ "itir”. Ən vacib şahid olan Gəncə şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin məsul işçisi Pərvin Kazımov müdafiə tərəfindən istintaqa təqdim edilsə də, naməlum səbəbdən o, verdiyi ifadəni danır. Halbuki Kazımovun vəkillərə 4 şahidin iştirakı ilə verdiyi ifadəsinin səs yazısı var və bu ifadənin stenoqramı istintaqa təqdim edilib. Hədə-qorxu gəlinən şahid təbii ki, qaçıb gizlənir və ifadə vermək istəmir.

Bu yanğın işi ilə bağlı belə müəmmalar çoxdur.

Yanğında zərəçəkmiş bina sakini Feyzulla Bağırovun ittihama inamsızlığı yəqin ki, bundan irəli gəlir. Bütün məhkəmə iclaslarında iştirak edən Feyzulla Bağırov bu yanğında 2 doğmasını – qardaşını və bacısını itirib. Lakin o məhkəmədəki çıxışında bildirdi ki, özünü təhqir olunmuş sayır. Çünki məhkəmə qarşısına çıxarılmış şəxslərin təqsiri olduğuna inanmır, ittihamla da razı deyil. Feyzulla hesab edir ki, hadisənin əsl səbəbləri araşdırılmayıb və binanı yandıran şəxslər tapılmalıdır. "Xahiş edirəm sizdən, dəfələrlə xahiş edirəm təkrar istintaq aparılmasına sərəncam verəsiniz. Binanı yandıranı tapın.” – deyə Feyzulla Bağırov öz məhkəmə çıxışında tələb edib.

 

Zərər çəkənlər ittiham olunanların günahkar olduğuna niyə inanmır?

Hadisədən dərhal sonra – mayın 20-də keçirilən dövlət komissiyasının iclasına rəhbərlik edən prezident İlham Əliyev yanğının səbəblərinin ciddi şəkildə araşdırılmasını tələb etmişdi. "İlkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub. Ancaq bu materiallardan artıq neçə ildir ki, Bakıda istifadə olunur və buna oxşar hadisələr baş verməyib”– deyə dövlət başçısı söyləmişdi. Faktları diqqətlə götür-qoy etdikdə, araşdırdıqda hər şeyin ilk baxışda göründüyü, təqdim edildiyi kimi olmadığı aydınlaşır.

İctimaiyyəti isə cavablandırılmamış çox ciddi suallar narahat edir: yanğın hadisəsi niyə baş verdi? Bu hadisədə günahkarlar kimdir? Yanğın hadisəsi təxribat idimi?

Məhkəmə prosesinin müşahidəsi onu deməyə əsas verir ki, bu yanğın hadisəsi barədə olan ictimai rəy bu gün tam tərsinə çevrilib. Əgər 2 il əvvəl binanı üzləyən "Qlobal Konstrakşn” şirkəti ictimai rəydə əsas günahkar kimi görünürdüsə, indi vəziyyət dəyişib. Məhkəmə prosesini izlədikcə belə təəsürat yaranır ki, bu şirkətin həbs olunan əməkdaşları və təsisçilərindən biri də yanan binanın diri qalmış qurbanlarındandır. Hətta soyuqqanlı hakimləri belə heyrətə salan mənzərə yaranıb: Hələ heç bir məhkəmə prosesində zərərçəkənlərin ittiham olunanları dəstəkləməsi faktı müşahidə olunmayıb. "Yanan bina” prosesində isə bu baş verir: Zərər çəkən sakinlər ittiham olunanların günahkar olduğuna inanmır, bunu açıq deyir, barmaqlıq arxasında oturanlara lənət oxumaq əvəzinə onları müdafiə edən vəkili zalda alqışlayırlar…

Yanğından zərər çəkənlərin "əsl günahkarı tapın” tələbi, məhkəmə istintaqında aşkara çıxan faktlar bu məsələ üzərində böyük bir sual işarəsinin asıldığını göstərir.

Qanuna görə, baş vermiş cinayət faktının həqiqiliyi yalnız sübutlar əsasında müəyyən olunmalıdır. Günahkarlar isə hökmən tapılmalı və cəzalandırılmalıdır. Bunu körpə balasını itirmiş ana, övladı gözü qabağında ölmüş atanın qubar bağlamış ürəyi, bükülən beli tələb edir.

Ola bilsin ki, bu gün məhkəmə barmaqlıq arxasında oturanlara azadlıqdan məhrumetmə cəzası ilə bağlı müxtəlif rəqəmli hökm çıxarsın, amma bununla da "yanan bina” kitabının bağlanacağını düşünənlər yanılır. Yalnız obyektiv araşdırmanın nəticəsi kimi çıxarılan qərar tarixin arxivində ədalətli hökm kimi qalacaq. Əks təqdirdə suallar heç vaxt azalmayacaq!

Xanlar Muradov



Oxşar Xəbərlər

Xəbər lenti