Bakıda adam oğurlayan və şərəfini alçaldaraq videoya çəkənlərə iş istənildi- 45 il 6 ay

 

Bakı şəhər sakinini oğurlayıb şərəfini alçaldaraq onu videoya çəkən və pul tələb edən şəxslərə prokuror iş istəyib.

 

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxslərə ümumilikdə 45 il 6 ay iş istəyib.
Xatırladaq ki, Biləcəri qəsəbəsində bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra onu zorla "Nissan” markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar. Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyib ondan 20 min manat pul tələb ediblər.
Bununla bağlı daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini Elman Əhmədov, Salyan şəhər sakini Fuad Şükürov və qardaşı Elnur, həmçinin paytaxt sakini Adil Lətifov tutulublar.
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182, 145, 310-cu maddələri ilə cinayət işi açılıb.
Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı Fuad Şükürova 12 il, Elnur Şükürova 11 il, Elman Əhmədova 11 il 6 ay, Adil Lətifova 11 il iş istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün vaxt istəyiblər.
Məhkəmə prosesi avqustun 23-də davam etdiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti