Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Müasir Azərbaycan dövlətçiliyinin qurucusu və baş memarı Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəlişi ilə gənc müstəqil respublikamıza yeni nəfəs gətirdi. İctimai-siyasi, sosial-iqtisadi, milli-mədəni sferalarda, həmçinin mətbuat aləmində mühüm yeniliklərə imza atdı. Mətbu orqanların üzərindən nəzarəti götürdü. Davamlı olaraq, mətbuatın inkişafı naminə mühüm islahatlar həyata keçirdi. 1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu Öndərin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı" təsdiq olundu. Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
Ulu Öndərin ideya-siyasi irsini dinamik inkişafla həyata keçirən Prezident İham Əliyev də ölkəmizdə azad sözün hamisidir. Dövlətimizin başçısı bunu Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Odur ki, Azərbaycan mətbuatı da haqlı olaraq ölkə başçısını özünün dostu hesab edir. Nə qədər ki, dogma Qarabağımız erməni əsarətində idi, dövlət rəhbərinin torpaqlarımızın düşməndən azad olunması naminə siyasi fəaliyyətinə uyğun olaraq Azərbaycan mətbuatı da Prezidentin tövsiyəsi ilə hücum mövqeyini seçmişdi. Artıq mətbuatımız da qalib ölkənin, ərazisi pərpa olunmuş müstəqil pespublikanın informasiya orqanıdır. Bu mənada, 44 günlük müharibədə tarixi qələbəmizdən sonra Respublika Prezidenti tərəfindən "Azərbaycan Respublikası, Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında" qanun layihəsinin hazırlanması tapşırığı hadisələrin sürətlə dəyişməsinin işıqlandırılması üçün vacib və əhəmiyyətli məsələdir.
Media sahəsində olan yeniliklər, aparılacaq islahatlar dövlətimizin imicinə müsbət mənada təsir edəcəkdir. Yeni qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ baxımından da diqqətəşayandır. Nəzərə alsaq ki, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi zamanı iştirakçıların 81 faizi layihənin lehinə səs vermişdir, "Mediya haqqında" qanunun uğurlarına əmin ola bilərik.
Həmçinin yeni dövr başlandığı üçün 1999-cu ildə qəbul olunmuş və dəfələrlə vəziyyətlə əlaqədar olaraq dəyişdirilmiş hazırkı "Kütləvi informasiya vasitələri haqqında" qanunun müasir tələblərə cavab verməməsi də yeni qanunun yaranmasına zəmin yaradır. Yeni qanunun üstün cəhətlərindən biri də media subyektlərinin dəqiq təsnifatını verməsi və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirməsidir. Sosial şəbəkələrin və blogerlərin, həmçinin, "vətəndaş jurnalistikası" adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət növünün də bu Qanunun təsir dairəsinə daxil olmaması təqdirəlayiqdir. Layihədə bu hissə xüsusilə diqqəti çəkir: İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur. Yəni "Media haqqında" qanunda jurnalist kimi fəaliyyət göstərmək istəyənlərə heç bir qadağa nəzərdə tutulmayıb.
Qanundakı bir sıra müsbət yeniliklər jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir;
Layihənin Mediya Reyestrində indiyədək çap mediasında olduğu kimi, onlayn media subyektlərinin də fəaliyyətə başlamazdan öncə məlumat vermələri də təqdirəlayiqdir. Çünki məlumatlar bazası rolunu oynayan Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır. Dağınıq və səpələnmiş məlumatların medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə mane olduğu üçün də keyfiyyət naminə Mediya Reyestri mühüm amildir.
Mediyanın İnkişafı Agentliyi tərəfindən vahid jurnalist vəsiqəsinin verilməsi Media Reyestrinə daxil edilmiş jurnalistlərə könüllülük prinsipi əsasında həyata keçiriləcək. Mediya subyektləri öz əməkdaşlarına vəsiqə verməkdə tam sərbəstdirlər. Amma vahid jurnalist vəsiqəsi şəffaflığa və inkişafa stimul olacaq.
Qanuna görə güzəştlər və imtiyazlar tətbiq oluna biləcək media subyektlərinin və jurnalistlərinin dairəsi müəyyənləşəcək, bu istiqamətdə fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaq. Müəllif hüquqlarının qorunması da mühüm təşəbbüslərdəndir. Mediya reyestrinin aparılması həm də media sahəsində rəqabəti artırmaqla, keyfiyyətli xəbərlərlə, doğru-dürüst məlumatlarla medianın inkişafına xüsusi təkan verə bilər. Qanun layihəsindəki "keyfiyyətli xəbər istehsalı" nəticəsində xəbər "oğurlamaq" vərdişinə son qoyulacaq, jurnalistlərə yeni, daha keyfiyyətli xəbərlər yaratmaq qabiliyyəti aşılanacaq.
"Mediya haqqında" Qanun milli mediya məhsulunun istehsalını stimullaşdırmaqla, yerli medianın inkişafına təkan verəcək, informasiya təhlükəsizliyini qorumaqla yanaşı, Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasına şərait yaradacaqdır. Bütövlükdə "Mediya haqqında" Qanun layihəsi zamanın nəbzini tutur, qalib ölkənin strateji həflərinə tuşlanmışdır.
İlyas Rzayev