“TEKNOFEST” Azərbaycan və Türkiyə əlaqələrinə yeni körpüdür

Məlumdur ki, mayın 26-29-da Bakıda “TEKNOFEST” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirildi. Bu festival az müddətdə bütün dünyada əks-səda doğurdu. “TEKNOFEST” festivalı –may ayının 26–29-da keçirildi. Məhz 104 il öncə yəni, 1918-ci il mayın 28-də xalqın milli mənlik şüurunun özünə qaytarıldığı, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu möhtəşəm tarixi günə təsadüf etdi! Təəssüf ki, AXC 1920-ci ildəaprel işğalından sonra müstəqilliyini itirsə də, XX əsrin sonlarındayenidən müstəqilliyini bərpa etdi. Xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ən əsası Heydər Əliyevin şah əsəri olan müasir və müstəqil Azərbaycan dövləti quruldu. Məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik və qətiyyətli siyasət sayəsində müstəqilliyimiz əbədi, dönməz xarakter aldı.

28 May - Müstəqillik Günündə bizə qardaş ölkənin - Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlməsi, Bakıda ilk dəfə keçirilən “TEKNOFEST” Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev“TEKNOFEST” festivalında,çıxışında 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyini və 30 ildir Azərbaycan xalqının azad yaşadığını qeyd etdi. Prezident İlham Əliyev həmin tarixi çıxışında dedi ki, “İki qardaş ölkə. 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir”.

Ölkə başçısı tarixi bir məqamı da xüsusi olaraq söylədi ki, “Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.

Ölkə başçısı həm “TEKNOFEST” festivalını Azərbaycan-Türkiyə birliyinin təzahürü, həm də “TEKNOFEST” festivalını elm, inkişaf, bilik, texnologiya bayramı kimi dəyərləndirdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Günümüzü təbrik etdi. PrezidentRəcəb Tayyib Ərdoğan sonra qeyd etdi ki, “Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Əziz Qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ otuz il sonra əsarətdən qurtulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. Bu məqam çox həssasdır, 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir”.

“TEKNOFEST” festivalında Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığını,eləcə də enerjidən mədəniyyətə, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurulmasını, silahlı pilotsuz uçuş aparatlarının zirvə nöqtəsi olan “Akıncı” PUA-ları İstanbuldan buraya fasiləsiz uçuş həyata keçirməklə rekorda imza atdığını və ən nəhayət dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsinidə söylədi. Həmçinin, Türkiyə Prezidenti Azərbaycanın bütün sahələrdə inkişaf yolunda nümayiş etdirdiyi uğurlara şəxsən şahidlik etdiyini, Qarabağda və Şərqi Zəngəzurda Türkiyənin də rol aldığı bərpa-quruculuq işləri ilə “Böyük Qayıdış” üçün daimi şərait yaradıldiğını diqqətə çatdırdı. Festivalda Türk dünyasının böyük oğlu, dünyaşöhrətli türkiyəli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər çıxış edərək, Bakıda “TEKNOFEST”in Azərbaycanda olduğuna çox şad olduğunu, elm və texnologiya sahəsində birgə çalışmaq istəyinin isə onu çox xoşbəxt edəcəyini demişdir.

Həmin festivalda hazırda müdafiə sənayesi üzrə dünyanın ən tanınmış mütəxəssisi,  “Baykar” şirkətinin texnoloji lideri, “Teknoloji Takımı Vakfı”nın Qəyyumlar Şurasının sədri, “Qarabağ” ordeninə və Azərbaycan Texniki Universitetinin fəxri doktoru adına layiq görülən Selçuk Bayraktar da iştirak etdi. İkinci Qarabağ müharibəsində, “Bayraktar” PUA-ları ilə xalqımıza dəstək olan Selçuk Bayraktar çıxışında vurğuladı ki, “TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi və əxlaqı əldə rəhbər tutan bir ruhdur. Bu ruh ölkələrimizi tam müstəqil və firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə inkişaf etdirmək səfərbərliyidir”.               Möhtəşəm festivalın yadda qalan hadisəsi, müxtəlif müsabiqələr üzrə qaliblərin mükafatlandırma mərasimi və aviaşou tədbirinin keçirilməsi oldu. Festivala tamaşa edərkən Azərbaycan və Türkiyə pilotlarının üç rəngli bayrağımızın çalarlarını səmada yüksək peşəkarlıqla canlandırması, müxtəlif manevrlər etməsi qəlbimizdə xoş duyğular, anlar yaratdı.Sonda böyük qürur hissi ilə qeyd edərdim ki, uzun müddət yaddaşlardan silinməyəcək “TEKNOFEST” - Aerokosmik və texnologiya festivalı bir daha Azərbaycan və Türkiyə tarixi əlaqələrinə yenidən körpü oldu. 

 Arzu Məmmədova

Suraxanı rayonu, 226 №-li tam orta məktəbin direktoru



Oxşar Xəbərlər

Xəbər lenti