Müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək

1991-ci ildə Azərbaycan digər sovet respublikaları kimi öz müstəqillyini elan etsə də, bizim ölkənin azadlığa çıxması şəraiti tamamilə başqa cür idi: Gənc dövlətimiz əvvəlcə Ermənistanla ədalətsiz, qanlı müharibəyə cəlb edilmiş, digər tərəfdən çox sürətlə bir-birini əvəz edən səriştəsiz, dövlətçilik anlayışından uzaq olan iqtidarlar ölkəni inkişaf əvəzinə fəlakətə aparırdılar. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra xalqımız həmişə müstəqilliyini bərpa etmək arzusu ilə yaşamışdır.
Təzəcə müstəqilliyini elan etmiş Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında olduğu bir çətin məqamda hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalq özünün yeganə ümidi olan Ümummilli liderimiz Heydər Əliyevə üz tutdu.

Vətənin belə ağır günlərində-15 iyun 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdaraq xalq naminə, vətən naminə, canından da artıq sevdiyi Azərbaycan naminə böyük xilaskarlıq fəaliyyətinə başladı.

Azərbaycan Respublikası xarici qüvvələrin, bir qrup daxildən olan nankorların iştirakı ilə imperiya maraqlarına uyğun parçalanaraq bölüşdürülmə faciəsindən, milli dövlətin iflasından, qlobal məhv olmadan xilas edildi. Beləliklə, 18 oktyabr tarixində başlanan müstəqillik 15 iyun-Milli Qurtuluş günü ilə qorundu, möhkəmlənməyə başladı, Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı.

Həqiqətən Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün ən mühüm tarixlərdən, çox böyük bayramlardan biridir. Çünki məhz Milli Qurtuluş Günü sayəsində müasir dünya dövlətləri sırasında sayılan-seçilən indiki nüfuzlu, güclü, müstəqil Azərbaycan dövləti mövcuddur. Müasir Azərbaycan dövləti özünün siyasəti ilə bu gün beynəlxalq aləmdə nümunə olacaq bir dövlətdir. Eləcə də, bu gün dünyanın böhranlı şəraitində uğurlu siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir və belə bir dövlət qürur yerimizdir. Biz öz dövlətimizlə fəxr edirik.

Təbii ki, Azərbaycan bugünkü səviyyəyə elə də asan gəlib çatmayıb, çox çətin dövrlərdən keçib. Bilirsiniz ki, SSRİ-nin dağılması ilə müstəqil respublikalar yarandı. Keçmiş SSRİ-nin dağılması prosesi bəzi respublikaların daxilində müəyyən gərginliklərlə müşaiyət olundu. Həmin prosesləri təhlil edəndə görürük ki, ən mürəkkəb proseslər məhz Azərbaycanda baş verib. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal olundu və bunun nəticəsində də 1 milyondan çox insan öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətə düşdü. Yəni o dövrdə xalqımız çox ağır günlər yaşadı.

Prosesləri təhlil edərkən deyə bilərik ki, başımıza gələn bu bəlalar bir sıra amillərlə əlaqədardır. Ən əsası odur ki, həmin dövrdə Ulu öndər Heydər Əliyev Azərbaycanda deyildi. Hakimiyyətinin birinci dövründə öz nəcib əməlləri, Azərbaycan üçün misilsiz xidmətləri ilə Heydər Əliyev xalqın qəlbində özünə abidə ucaltmışdı. Məhz Ulu Öndərin sayəsində sovetlər dövründə Azərbaycan sürətlə inkişaf edərək keçmiş ittifaq respublikaları arasında öncül yerə çıxdı. 1980 - ci illərin sonu – 90-cı illərin əvvəlində Azərbaycan xalqı sahibsiz qalmışdı. Və başımıza gələn bütün bəlaların kökündə Heydər Əliyevin hakimiyyətdə olmaması idi.

Talehin qismətidir ki, Heydər Əliyevin həyatı Azərbaycan xalqı ilə bağlı olub. Tarix sübut edir ki, Azərbaycan xalqının ən çətin anlarında Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək xalqı bütün çətinliklərdən xilas edib.

1993-cü ilin o ağır günlərində də xalqımızın yeganə ümid yeri Heydər Əliyev oldu. Hakimiyyətə qayıtmaqla Ümummilli lider Heydər Əliyev xalqımızı düçar olduğu bəlalardan, başqa dövlətlərin vassalı olmaqdan, Azərbaycanı parçalanmaqdan xilas etdi.

Heydər Əliyevin yürütdüyü siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada ölkəmizlə bağlı formalaşan fikri müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ermənistanın bir çox dairələri Qarabağdakı işğal rejiminin danışıqlar prosesindən çıxarılmasını və Qarabağ danışıqlarının Azərbaycan - Ermənistan formatında aparılmasını Qarabağ klanının ən böyük məğlubiyyəti sayırlar. Onların fikrincə, bir neçə dəfə Robert Koçaryanla görüşmüş Heydər Əliyev ustalıqla Qarabağ işğal rejimini danışıqlardan maksimum uzaq tutmağı bacarıb. Ermənilər bunu Heydər Əliyevin Qarabağ məsələsində ən böyük qələbəsi sayırlar.

Qarabağın işğaldan azad olunması Ulu öndər Heydər Əliyevin ən böyük arzularından idi. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük səy göstərib. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətlərini çatdırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirib.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş oldu.

Ulu öndərin Azərbaycan xalqının bu günü və gələcəyi üçün əmanət qoyduğu ideyalar xalqımızın milli mənlik şüuru və milli sərvətidir. Bu ideyaların daşıyıcısı Ümummilli liderimizin siyasi kursunun davamçısı möhtərəm İlham Əliyevdir.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Ruslan Fərzəliyev

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi



Oxşar Xəbərlər

Xəbər lenti