8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb. Çıxışında mühüm məsələlərə toxunan dövlət başçısı İlham Əliyev forumun praktiki əhəmiyyətindən danışıb, regionda sülhü gücləndirməyə xidmət edən əsas sənəd olan 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın əhəmiyyətini vurğulayıb.
Prezidentin çıxışında əsas məsələlərdən biri kimi 30 il müddətində erməni işğalı nəticəsində Azərbaycana dəymiş ziyan, bunun mənəvi-hüquqi qiymətləndirilməsi, Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin regional təhlükəsizliyə yaratdığı hədələr, azərbaycanlıların Ermənistan ərazisindən keçən yoldan istifadə edə bilməməsinin qonşuluq siyasətinin qurulmasına yaratdığı maneələri qeyd etmək olar.
Azərbaycan və Ermənistan arasındakı münasibətlərə toxunan Prezident İlham Əliyev Qafqazda uzunmüddətli və dayanıqlı sülhün təminatı üçün sülh müqaviləsi imzalanması və hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn 5 təməl prinsipinin həyata keçməsininin vacibliyini bəyan edib. Azərbaycanda yaşayan ermənilərlə bağlı məsələdən danışan dövlət başçısı bildirib ki, “Konstitusiyamıza görə, bütün millətlərin nümayəndələri kimi ermənilərin də hüquqları və təhlükəsizlik məsələləri tərəfimizdən təmin ediləcək. Lakin Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq”. Eyni zamanda, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacağını diqqətə çatdırıb.
Enerji təhlükəsizliyi haqqında məlumat verən Prezident İlham Əliyev bir çox ölkənin artan tələbatını təmin etmək üçün Avropa Komissiyası ilə enerji dialoquna başlanıldığını, bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial olduğunu bildirib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən danışan ölkə başçımız çıxışında Azərbaycanın Qarabağ münaqişəsini həll etdikdən sonra artıq həmin quruma ehtiyac olmadığını, onu yenidən dirçəltmək cəhdlərinin də səmərəsiz olduğunu qeyd edib.
IX Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı onu göstərdi ki, Azərbaycan dövləti və Azərbaycan xalqı hər zaman sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və hər zaman beynəlxalq aləmdə təhlükəsizlik, yeni yanaşmalar və digər məsələlərin həlli istiqamətində öz müsbət töhfəsini verməyə hazırdır.
İbişova Şəfəq
Suraxanı rayonu 84 №-li tam orta
məktəbin direktoru