8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ana dilim! Azərbaycan dilim! Gözəlliyi, ahəngi, səlisliyi ilə seçilən dilim!Laylalarımın, bayatılarımın, dastanlarımın, nağıllarımın şirin, zəngin dili! Azərbaycan dilim! Azərbaycan xalqının əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə yaşatdığı dil. Millətimin simasını əks etdirən, milli sərvəti olan dilim! Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. 70 il əsarətdə olan bir xalqın dilinin bu gün yaşamasının səbəbi, səbəbkarları var. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildiyi bir zamanda, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmiş, onun təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır: “Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur”;“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”deyən Ulu Öndər hər bir azərbaycanlıya nümunədir. Onun müdrük kəlamları bü gün dilçilərin, ədiblərin, yazarların qələminin gücüdür. Heydər Əliyevin “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” kəlamları mədəniyyətimizin inkişafına, xalqımızın güclü və əyilməz olmasına yol göstərən bir mayakdır. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. Azərbaycan xalqının böyük sərvəti olan Azərbaycan dili yaşayır, zənginləşir və yaşayacaq! Onu müdriklərdən dərs alan,vətənini sevən,dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq vətəninə bağlı olan azərbaycanlılar yaşadacaq! Təhsilalanlarımız arasında rus, türk, ingilis dillərinə üz tutanlarımız da az deyil. Hansı dildə, hansı ölkədə təhsil almasından asılı olmayaraq hər bir azərbaycanlı unutmamalıdır: “Bu dil bizə babalardan qalıb!” “Öz dilinə hörmətlə yanaşana hər kəs hörmət edir!” “100 dildə danışmaq olar, ana laylasını heç bir dildə ana dili qədər sevdirmək olmaz!” “Bu gün dilimizi sevməsək, yaşatmasaq düşmənlərimizi sevindirərik.” "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir"."Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir". Bu kəlamlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur. Ali Baş Komandanımız dünyanın bir çox dillərində səlis danışıb, siyasət yürütsə də, hər zaman xalqına öz ana dilini dilimizin incəliklərinə qədər bildiyini nümaiş etdirməkdən, düşmənəməhz Azərbaycan dilində mesajlar göndərməkdən çəkinməyib.Babalardan atalara, atalardan oğullara, oğullardan oğullara dilimiz yaşayacaq! Azərbaycan dilində bundan sonra da igidlərimizin şərəfinə dastanlar yazılacaq, mahnılar bəstələnəcək, şeirlər deyiləcək. Ana dilimiz var ikən, biz də var olacağıq!Səfurə Rəhimova
Suraxanı rayonu B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin direktoru