8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sentyabr ayının 13-dən başlayaraq Ermənistan tərəfinin dövlət sərhədlərimizdə başlatdığı silahlı təxribat qarşı tərəfin məkrli və dağıdıcı mövqeyinin dəyişməz olaraq qaldığını göstərir. Özünü regionda sülh və əminamanlığa daimi təhlükə kimi təsdiq edən rəsmi İrəvan revanşist şüarlara dəstək ifadə etməklə öz xalqına və dövlətçiliyinə böyük zərbə vurmaqdadır. Belə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlar Azərbaycan ordusunun qətiyyətli müqaviməti ilə üzləşmişdir. Tərəqqiyə və onun zəmanəti olan sülhə böyük önəm verən dövlətimizi hərbi əməliyyatlara cəlb etməklə dünya ictimaiyyətini çaşdırmağa çalışan düşmən və havadarları sabitliyi pozmaqla inkişaf yolunda addımlayan Azərbaycana hər vasitə ilə mane olmağa çalışsalar da son günlərin xronikası onu göstərir ki, onlar istəklərinə nail ola bilməyəcəklər.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində artan rolu Ermənistanın hərbi-siyasi rəhbərliyini getdikcə daha çox narahat edir. Güclü və sarsılmaz iradə ilə qarşısına qoyduğu məqsədə doğru irəlilyən dövlətimizə qarşı heç bir şəkildə üstünlük əldə edə bilməyəcəyini yaxşı dərk edən bədnam qonşularımız ənənəvi “yazıq” simasına bürünərək beynəlxalq aləmdə mərhəmət dilənməyə davam edir. Lakin Ermənistan birdəfəlik anlamalıdır ki, varlığını qoruması üçün yaxın qonşuları ilə münasibətləri normallaşdırmalı və əbədi düşmənçilikdən əl çəkməlidir. Bunun üçün onlar vəziyyəti aydın təfəkkürlə təhlil edərək erməni xalqının gələcəyini düşünməlidirlər. Daimi sülhü bərqərar edəcək razılaşmaların şərtlərinə əməl etmək öz kinində boğulmaqda olan Ermənistan üçün yeganə çıxış yoludur.
Regionumuzun inkişafını arzuolunmaz hesab edən ölkələrin reallıqdan uzaq vədlərinə uyaraq yenidən müharibə vəziyyəti yaratmaq, günahsız insanların həlak olmasına rəvac vermək isə heç kimə xeyir gətirə bilməz. Rifah və firavan həyat yalnız sülh şəraitində mümkündür. Odur ki, daha böyük fəlakətlərdən qaçmaq üçün Ermənistanın hərbi-siyasi rəhbərliyi öhdəliklərini yerinə yetirməli və tarix qarşısında sülhə olan borcunu ödəməlidir.
Bu gün revanşist ideyalarla bəslənən xam xəyallar Ermənistanı həm də daxildən sarsıtmaqdadır. Erməni xalqının xarici güclərin əlində oyuncağa çevrilmiş rəhbərliyinə inamı itdikcə hökümət böhranının qaçılmaz olduğu da diqqətdən yayınmır. Azərbaycanda isə bütün bunlara paralel olaraq daha da möhkəmlənən xalq-dövlət birliyi onu deməyə əsas verir ki, xalq taleyini əmanət etdiyi liderinin məntiqi strategiyasına və qətiyyətinə tam əmindir. Müdrik millətimiz düşmən təxribatı nəticəsində şəhid olan övladlarını müqəddəs torpağa tapşırarkən kədərini iradəyə çevirərək gələcəyə inamla baxır. İşğaldan azad olunmuş torpaqlarımızda yeni və işıqlı günlərin yaşanması üçün canını fəda edən bu igidlərin Vətən qarşısındakı əvəzsiz xidməti hər bir Azərbaycan vətəndaşına yeni məsuliyyət aşılayır. Elə ona görə də davam edən həssas zaman kəsiyində hər kəs davranışı, münasibəti və ifadə etdiyi fikirləri ilə bu məsuliyyətə hörmətlə yanaşmalı, bölücü, xain və sarsıdıcı meyllərə boyun əyməməlidir. Sülhün qəti qələbəsi və gələcək nəsillərin xoşbəxtliyi naminə fədakarlıq tariximizi bəzəyəcək ən şərəfli səhifəyə çevrilməlidir.
Səadət Məmmədova
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktoru