Ermənistan üçtərəfli bəyanatın şərtlərinə əməl etməyə məcburdur

Məlum olduğu kimi, Azərbaycan dövləti tərəfindən Ermənistana xeyli müddətdir ki, Sülh müqaviləsinin imzalanması üçün nəzərdə tutulan 5 şərtin yerinə yetirilməsi təklif olunmuşdur. İşğalçı ölkənin baş naziri müxtəlif mötəbər beynəlxalq görüşlərdə bu təklifləri qəbul etdiyini bəyan etmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq, gah nala, gah mıxa vuran Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi sözə əməl etmir, öz erməni xislətindən irəli gələn hiyləgərliklə davranaraq təklif olunan şərtlərin icrasından yayınmağa çalışır. Bu məqamda adını yada sala bilmədiyim məşhur bir şəxsiyyətin müdrik sözləri yada düşür: “erməni görüşə gələndə ürəyində bir fikirlə gəlir, danışığa başlayanda başqa fikirdə olur, ayrılıb gedəndə isə tamam başqa fikirdə olur.” 
Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir. Torpaqlarımızı işğal altında saxladığı zamanda BMT-nin qətnamələrinə, mötəbər, nüfuzli beynəlxalq qurumların çağırışlarına məhəl qoymayan, öz terrorçu siyasətini davam etdirən Ermənistan indi də dünya liderlərinin, beynəlxalq ictimaiyyətin “atəşkəs” çağırışına məhəl qoymur. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin igidliyi, şücaəti sayəsində qazanılan tarixi zəfəri heç cür həzm edə bilməyən Ermənistan müxtəlif vasitələrlə möhtəşəm qələbəmizə kölgə salmaqla, öz rüsvayçı məğlubiyyətini pərdələməklə, necə deyərlər, tarixin təkərini geri döndərməyə çalışır. 
2020-ci il noyabrın 10–da Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentlərinin və Ermənistanın baş nazirinin imazaladıqları bəyanatın müddəalarını yerinə yetirməyə borclu olan təcavüzkar ölkənin başçısının öz imzasına hörmətsizliyi açıq-aşkar görünməkdədir. Bu məqamda digərlərinə də örnək olacaq möhtərəm Prezidentimizin “bizim sözümüz imzamız qədər dəyərlidir sözləri yada düşür”. Ona görə də sözü ilə əməli düz gəlməyən bir dövlətin uzun müddətdir ki, torpaqlarımızı müxtəlif silahlardan, hərbi texnikalardan atəşə tutmasına heç də təəccüblənmək lazım deyil. Havadarlarının, himayədarlarının, xarici ölkələrdə fəaliyyət göstərən lobbilərinin köməyi, yardımı ilə zaman-zaman xalqımızın başına dəhşətli müsibətlər gətirən, millət belə deməyə adamın dili gəlməyən bu toplumun cavabı qüdrətli Azərbaycan Ordusu tərəfindən qətiyyətlə verildikcə, mənfur, xain düşmən daha da quduzlaşır, öz çirkin niyyətlərini gerçəkləşdirmək üçün min bir oyundan çıxmağa çalışır. Bununla, Ermənistanın hərbi-siyasi rəhbərliyi günü-gündən həm siyasi, həm də iqtisadi vəziyyəti gərginləşən, maddi durumu, güzəranı pik həddinə çatan erməniləri sakitləşdirməyə, daxili auditoriyanın get-gedə artan təzyiqinin qarşısını almağa çalışır. Təəssüflər olsun ki, “Sülh Müqaviləsi”nin imzalanmasının iqtisadi böhran quyusunda çabalayan Ermənistana daha çox lazım olduğunu dərk etməkdə çətinlik çəkən bu ölkənin rəhbərliyi öhdəliklərini yerinə yetirməməklə, əslində, öz xalqını sonu görünməyən ağrılara, məhrumiyyətlərə düçar etmiş olur. 
2022-ci il sentyabrın 13-də Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın bölgələrini müxtəlif silah növlərindən, minaatanlardan atəşə tutmaqla, genişmiqyaslı təxribatlar törətməsi işğalçı ölkənin məkrli xislətini bir daha təsdiq edir. Son hadisələr bir daha Ermənistanın təcavüzkar siyasətini, bəd niyyətini aşkara çıxararaq bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətdən hələ də özünə gələ bilməyən, gözü daim onun-bunun torpaqlarında olan nankor qonşumuz sülh sazişi imzalamağa məcbur olduğunu görüb vaxt qazanmaq üçün Brüssel görüşündən sonra dərhal hərəkətə keçərək bütün sərhədboyu təxribatlara başladı. Lakin rəşadətli Azərbaycan Ordusunun qətiyyətli, sarsıdıcı cavab əməliyyatları bir daha göstərdi ki, Ermənistan silahlı qüvvələri, hər zaman olduğu kimi, Azərbaycanın qəhrəman əsgər və zabitlərinin qarşısında məğlubdur. Qeyd edək ki, bu təxribat nəticəsində Azərbaycan Ordusunun, ümumilikdə, 80 hərbçisi şəhidlik zirvəsinə yüksəlmiş, yarananlarımız olmuşdur. Ermənistanın həyata keçirdiyi təxribatların qarşısının alınması istiqamətində aparılan hərbi əməliyyatlarda Salyan torpağının 3 yetirməsi qəhrəmanlıqla həlak olaraq şəhidlik zirvəsinə yüksəlmişdir. 
Bu təxribatların məsuliyyəti bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfi bu təxribatlara yalnız cavab verir. Azərbaycan Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpası, yenidən qurulması istiqamətində işlər aparır. Ermənistan isə, həmişə olduğu kimi, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin yaranmasına müxtəlif yollarla və vasitələrlə əngəl törədir. 
Erməni xalqı normal ölkədə yaşamaq istəyirsə, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan mütləq çıxmalı, işğalçı ölkə üçtərəfli bəyanatın şərtlərinə əməl etməli olduğunu anlamalıdır. Mənfur düşmən unutmamalıdır ki, lazım gələrsə, Azərbaycan Ordusu öz gücünü, qüdrətini hər an göstərməyə hazırdır və məsələnin beynəlxalq norma və prinsiplər əsasında güc yolu ilə həllinə qadirdir.

Təyyar Nəsirli, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 
Salyan rayon «Qələbə» qəzetinin məsul katibi



Oxşar Xəbərlər

Xəbər lenti