lkədə və dünyada sabitliyi və inkişafı hərtərəfli dəstəkləmək dövlətimiz üçün əsas məqsədə çevrilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edərək, ölkəmiz və regionumuz üçün aktual olan məqamlara toxundu.
Azərbaycanın iki il əvvəl Qarabağ müharibəsində qazandığı qələbə ilə ədalətin bərpasına nail olduğunu qeyd edən ölkə başçısı BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasının tələb olunmasına baxmayaraq qarşı tərəfin buna məhəl qoymamasını, ərazilərimizi işğalda saxladığı müddətdə dağıdıcı mövqe sərgiləməklə maddi-mədəni irsimizə qarşı vandal yanaşma nümayiş etdirdiyini vurğuladı. Azərbaycan xalqı beynəlxalq hüquq normalarına uyğun olaraq öz əzmi və iradəsi ilə haqqı olan torpaqları işğaldan azad etməyə müvəffəq oldu.

Müharibənin başa çatmasının ilk dövrlərindən quruculuq işlərinə başlayan dövlətimiz sülhə olan inamını öz əməlləri ilə ifadə etməyə başladı. Regionda daimi sabitliyin yaranması naminə illərlə Azərbaycana və onun vətəndaşlarına qarşı düşmən münasibət bəsləyən Ermənistanla müzakirələrə hazır olduğunu bildirdi. Bütün bunlar 30 ilə yaxın bir zaman kəsiyində 3900-ə yaxın vətəndaşı itkin düşmüş, başqa sözlə desək işgəncə və əziyyətlər nəticəsində öldürülmüş, kəndləri şəhərləri yandırılmış, 1 milyondan artıq vətəndaşı doğma yurdundan qovulmuş və ədalətsiz bir müharibəyə cəlb olunmaqla şəhidlər vermiş bir ölkə üçün elə də asan deyil. Lakin Azərbaycan daimi düşmənçiliyin qəbulolunmaz olduğunu müdafiə edərək regionda və dünyada sülhün bərqərar olması üçün öz öhdəsinə düşənləri etməyə hazır olduğunu bildirmişdir. Bütün bunların həyata keçməsi hüquq çərçivəsində və mərhələli şəkildə təşkil olunmalıdır.
İlk növbədə Ermənistan bu günə qədər törətdiyi cinayətlərin məsuliyyətini qəbul edərək münaqişə zamanı itkin düşənlərin taleyi barədə hesabatlarını təqdim etməlidir. Ölkəmizə vurduğu maddi ziyanla bağlı hüquqi tələblərdən yayınmağa cəhd etmək də öz növbəsində yeni bir mübahisə mövzusu yaradır. İşğal altında olan Azərbaycan torpaqlarını mina tarlasına çevirmək Ermənistanın insanlığa zidd mövqeyinin daha bir nümunəsidir.

Ərazilərimizdə 1 milyona qədər minanın basdırılması hər şeydən əvvəl bu qədər maddi vəsaitin daha səmərəli və inkişafyönümlü məqsədlərə sərf oluna biləcəyi barədəki fikirlərə yol açır ki, bu da özlüyündə Ermənistan hərbi-siyasi rəhbərliyinin təkcə bizə deyil eləcə də öz vətəndaşlarına qarşı nə qədər laqeyd münasibət bəslədiyini göstərir. Kin və qəzəb bataqlığında boğulan həmin güclər bütün bəşəriyyət üçün təhlükə saçan məhvedici düşüncə tərzləri ilə günahsız insanların taleyini qaraltmaqda davam edirlər.

Yalnız II Qarabağ müharibəsinin bitməsindən sonra keçən iki il ərzində 250 insanın mina partlaması səbəbilə həyatını və ya sağlamlığını itirməsi kifayət qədər ciddi bir rəqəmdir. Ölkə başçısının da diqqətə çatdırdığı kimi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən basdırılmış minaları təmizləməsi üçün 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu qədər maddi vəsait və zamanın daha sərfəli istiqamətlərə yönəldilməsi mümkün olardı. Əgər Ermənistan dövləti öz mücərrəd və heç bir məntiqə sığmayan qərarlarını daha adekvat münasibətə dəyişə bilsəydi. Lakin heç bir çətinlik Azərbaycanı öz hədəflərindən yayındıra bilməz. “Böyük Qayıdış” adlı proqram artıq başlayıb. İmkanlarını Ermənistandan fərqli olaraq qurub yaratmaq məqsədi ilə istifadə etməyə səy göstərən dövlətimiz bir tərəfdən minalanmış ərazilərin təmizlənməsi işini uğurla davam etdirir, digər tərəfdən isə həmin ərazilərin abadlaşdırılması və məskunlaşmanın sürətlənməsi üçün çalışır.

Azərbaycan eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Bununla yanaşı Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə dəstəkləyir.Azərbaycanın BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrliyinin üzv ölkələrin yekdil qərarı əsasında 2023-cü ilin sonuna qədər uzadılması da beynəlxalq nüfuzun daha bir göstəricisidir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılması da məhz Azərbaycanın təşəbbüsü olaraq gerçəkləşmişdir.

Bir sözlə, ölkədə və dünyada sabitliyi və inkişafı hərtərəfli dəstəkləmək dövlətimiz üçün əsas məqsədə çevrilmişdir. Bu ali məqsəd uğrunda prinsipial mübarizənin sona qədər aparılacağı da heç kimdə şübhə doğurmamalıdır.

Səadət Məmmədova
Suraxanı rayonu 327 №-li tam orta məktəbin direktoru



Oxşar Xəbərlər

Xəbər lenti