İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəverib. İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Müharibə bitsə də, mübarizə hələ davam edir. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün biz də bu mənfi təsirə məruz qalmışıq. Çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək.

Ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr başa çatır. Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir.

Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdir.Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Özünüməşğulluq proqramı davamlı olaraq inkişaf edir. Bu gün 60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Rusiya-Ukrayna müharibəsi nəqliyyat sahəsində layihələrin əhəmiyyətini daha da artırmışdır. Bu sahəyə uzun illərdir böyük vəsait qoyulur. Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. İndiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir.

Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur.Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarmışıq. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Biz bunu sülh yolu ilə etmək istəyirik və buna nail olacağıq. Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması Ermənistanın marağındadır. Qərbi azərbaycanlıların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur. İndi videogörüntülər var, digər sənədlər var, o kəndlərə gedənlər var. Görürlər ki, orada hər şey dağıdılıb və həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə - Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı “Qərbi Azərbaycan” mövzusunda da görməliyik. 
Azərbaycanın bütün proqramları bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq. Laçın şəhərinin azad olunması tarixi hadisədir. Laçın bizim tarixi diyarımızdır və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan ilk işğal edilmiş rayon idi. Ən tez öz doğma ocaqlarına qayıdan laçınlılar olacaq.  Fransa hər vəchlə çalışır ki, nə sülh, nə hərb olsun, məsələ dondurulmuş vəziyyətdə qalsın.Ulu Öndər Heydər Əliyev Fransanın Minsk qrupunun həmsədr olmasına dəfələrlə etiraz edirdi. Fransa indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışırdı.Mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Müharibə zamanı Fransa BMT-də bizə qarşı bir təşəbbüsə əl atdı. Alınmadı, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qabağını aldılar. Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasında iştirak edən gənclər bizim fəxrimizdir. Bütün keçmiş köçkünlər dədə-baba torpaqlarına qayıdacaqdır. İnfrastruktur olmadan insanları köçürmək mümkün deyildi. Uzun illər Azərbaycanda, ölkə daxilində hər hansı bir risklər, təhdidlər yoxdur.

Xarici siyasətimizin əsas istiqaməti və məqsədi beynəlxalq müstəvidə ölkəmiz üçün daha münbit şərait yaratmaqdır ki, ölkə daxilindəki proseslər müsbət məcrada davam etsin.Mümkün olan bütün risklər, təhdidlər hüdudlarımızın kənarında formalaşır. Erməni təbliğatı uzun illər bizə qarşı çalışırdı, işləyirdi və münaqişə ilə bağlı təhrifedilmiş fərziyə artıq oturuşmuşdu. Bunu sındırmaq, dağıtmaq o qədər də asan məsələ deyildi. İllər keçdikcə biz gördük ki, öz siyasətimizlə daha böyük rəğbət qazanırıq. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi artan beynəlxalq nüfuzunun təzahürüdür. Əlbəttə ki, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik.
Qurbanəli İslamov
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti