Xalqımızın milli-mənəvi dəyərlər sisteminin yaşadılmasında və inkişafında Azərbaycan qadınının müstəsna rolu olmuşdur.

Heç təsadüfi deyil ki, qadın adını hər bir azərbaycanlı həmişə uca tutub, ana məfhumunu vətənin təcəssümü hesab edib.

Azərbaycan qadını ictimai - siyasi proseslərdə həmişə fəal olmuşdur. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai - siyasi xadimləri yetişib. Ulu öndərHeydər Əliyevin  qadın şəxsiyyətinə böyük hörmətlə yanaşması, ölkə həyatının  bütün sahələrində qadınlara xüsusi  yer ayırması, onların fəaliyyəti üçün lazım olan şəraitin yaradılması,  müxtəlif sahələrdə yuksək nəticələr əldə edənlərin ali mükafatlara layiq görməsi Azərbaycan qadınlarına olan dövlət qayğısı, hörmətin əyani sübutudur.

Dövlət müstəqilliyimizin bərpasından sonra isəAzərbaycan qadınının cəmiyyətdəki mövqeyi daha da möhkəmlənmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan qadını hər şeydən əvvəl 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında rol oynayan qəhrəman igidlərin anasıdır. Vətən müharibəsində Azərbaycan qadınının nümayiş etdiyi mətanət, fədakarlıq və möhkəm iradə yaddaşlarda silinməz olaraq qaldı. Zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyaraq şəhid anaları, şəhid xanımları öz mərdlikləri və mətanətli duruşları ilə tarixə imzalarını atmış oldular.
İstər mədəni, istərsə də ictimai - siyasi sahədə fəal olan Azərbaycan qadınlarına Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti gözəl bir nümunə, örnəkdir. Mehriban xanım Əliyeva humanitar layihələri, xeyriyyəçilik tədbirləri, milli - mədəni irsimizin təbliği sahəsində və digər xidmətləri ilə beynəxalq aləmdə  Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır.
Qadınlarımızın elm və təhsil, səhiyyə, idman,mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurlar, mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunması isə Azərbaycanda gender siyasətinin dəgücləndirilməsini sübut edir. Müxtəlif illərdə qadın hüquqları ilə bağlı mühüm qərarların qəbul edilməsi,fərmanlar ölkəmizdə qadınlara dair dövlət  siyasətinin effektivliyini təmin edən amillərdəndir.
Dövlətimizin bu sahədə apardığı işlər, ölkəmizdə rəsmi olaraq 8 Mart bayramının keçirilməsi, hər il bayram ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adların  verilməsi, orden və medallarla təltif olunması Azərbaycan qadınına böyük dəyər verildiyini bir daha təsdiqləyir. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan qadınının potensialına, onların ictimai-siyasi həyatdakı fəaliyyətinə xüsusi diqqət ayırır.

Ümummilli Lider Heydər Əliyev demişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox vəzifələr düşür, onlarıın işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. Bu gün cəmiyyətdə aparıcı rol oynayan Azərbaycan qadınının fəaliyyəti isə uğurlu sabaha, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. 
Səadət Seyidova
Suraxanı rayonu, 290 № li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti