Novruz-sülh, qardaşlıq və dostluq bayramı

Hər xalqın tarixində çoxlu bayramlar olsa da, onlardan biri daha sevimli, daha əziz olur. Azərbaycan xalqının da böyük coşqu ilə keçirdiyi belə bayram Novruz bayramıdır. Orta Asiyadan Balkanlardakı millətlərə qədər geniş bir bölgədə qeyd olunan Novruz, türk xalqlarının öz mədəni dəyərləri ilə eyniləşdirdiyi, simvollaşdırdığı, mahiyyət etibarilə yazın gəlişini qeyd etdiyi və coşqu ilə qarşıladığı bir gündür. Türk cəmiyyətində Novruz təkcə təqvim başlanğıcı və ya yeni il kimi qəbul edilmir. Bundan əlavə, Novruz yeni həyat, ümidlərin başlanğıcı kimi mənaları ehtiva edir.

28 sentyabr-2 oktyabr 2009-cu il tarixləri arasında Əbu-Dabidə hökumətlərarası toplantı keçirən Birləşmiş Millətlər Təşkilatının Qeyri-Maddi Mədəni İrsin Qorunması Şurası Novruz bayramını Dünya Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil etdi. Türk dövləti olan Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixdə                  martın 21-ni  Beynəlxalq Novruz Günü elan etməsi isə bu bayramın təkcə türk dünyasının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri olduğunu bütün dünyaya sübut etdi.
Novruz bizim birliyimizin, böyüklüyümüzün, diriliyimizin rəmzidir. Bu səbəbdən dünyanın bir çox yerində alovlanan Novruz atəşi ulu türk millətinin tarixdən sülhə və əmin-amanlığa səsləndiyi bir çağırışdır. Türk dünyasının ən mühüm bayramlarından biri və yazın müjdəçisi sayılan Novruz bayramı Azərbaycanda xüsusilə təntənəli tədbirlərlə qeyd olunur. Bir ay əvvəl Novruz şənliyinə başlayan xalqımız su, od, yel, torpaq çərşənbəsi adlandırılan günləri müxtəlif cür qeyd edir.
SSRİ dövründə uzun illər keçirilməsinə qadağa qoyulan bu el bayramı 1969-cu ildən etibarən Ümummilli Lider Heydər Əliyevin öz xalqına, tariximizə, adət-ənənələrimizə olan bağlılığının təzahürü nəticəsində təntənə ilə qeyd edilməyə başladı. Lakin 1991-ci ilin oktyabrında müstəqilliyə qovuşan Vətənimizdə yaşanan ağır siyasi vəziyyət və faciələr isə Novruzun yüksək-əhval ruhiyyədə keçirilməsinə əngəl yaratdı. Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra faciələr aradan qaldırıldı, ictimai-siyasi sabitlik təmin olundu, xalqımız Novruz bayramını da yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Müstəqil Azərbaycana başçılıq etdiyi zamanlarda hər il Novruz bayramında müxtəlif tədbirlərdə iştirak edən Ümummilli Lider Heydər Əliyev xalqımızın milli bayramına böyük əhəmiyyət verir, Novruz bayramının mahiyyətini ehtiva edən fikirlər bildirirdiNovruzun hər bir azərbaycanlının qəlbinin bayramı, hər bir insanın, ailənin bayramı, bizim müstəqil Azərbaycan Respublikasının bayramı olduğunu çıxışlarında qeyd edirdi.

Öz fəaliyyəti dövründə cənab Prezident İlham Əliyev də Novruz bayramının əhəmiyyətini daima yüksək qiymətləndirmiş, öz çıxışlarında qeyd etmişdir ki, Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o bizim üçün ən başlıca, ən gözəl bayramdır. 2023-cü ildə isə artıq üçüncü dəfə cənab Prezident Azərbaycan xalqına Novruz təbriklərini doğma Qarabağ diyarından çatdırdı.

Novruz güclü mənaları ilə yeni oyanışa, sülhə, dostluğa, birliyə, həmrəyliyə çağırışdır. Məhz bu birliyimiz nəticəsində azğın düşmən üzərində parlaq zəfər qazandıq, 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, rəşadətli ordumuzun gücü ilə işğaldan azad edilən doğma torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları yandırılır. Bu sevinci, həmrəylik ruhunu xalqımıza bəxş etdiyi üçün Prezidentimiz cənab İlham Əliyevə, məğlubedilməz Azərbaycan Ordusuna borcluyuq. Ərazi bütövlüyümüzvə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, əziz Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Şəfəq İbişova

Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti