Xocalı soyqırımı - bəşəri cinayətdir

2024-cü il fevralın 26-da Xocalı soyqırımının 32-ciildönümü tamam olur. Öz tarixində dəfələrlə ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı 1992-ci ilin fevralında Xocalıda növbəti faciə ilə üzləşdi. Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq və “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək istəyən ermənilər 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə azərbaycanlılara qarşı terror, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı da ötən əsr boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı barədə deyib: “Bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”. 
Xocalı faciəsinin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir. Məhz ona görə də Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl və sistemli tədbirlər həyata keçirilir. 2008-ci il fevralın 6-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakının Xətai prospektində “Ana fəryadı”abidəsi ucaldılmışdır. Ölkə başçısının 18 yanvar 2022-ci il tarixli “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” imzaladığı sərəncam bu baxımdan olduqca böyük əhəmiyyət kəsb edir. Faciənin hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, filmlər, materiallar nümayiş etdirilir. Bu işdə Heydər Əliyev Fondunun müstəsna rolu vardır. Bu baxımdan fondun Prezidenti, Azərbaycan Respublikasının birinci vitse Prezidenti, ölkəmizin birinci xanımı, UNESKO və İESEKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələri xüsusi xatırlatmaq lazımdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam KonfransıTəşkilatının (İKT) Gənclər Fondunun əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət” kampaniyası ildən-ilə genişlənməkdədir. Aparılan bu səmərəli fəaliyyətin nəticəsidir ki, indiyənə qədər Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Ruminya, Çexiya, İordaniya, Honduras və digər iyirmidən çox ölkənin parlamentləri, habelə ABŞ-ın 20 dən artıq ştatının qanunverici orqanı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanımışdır. 2018-ci ildə Heydər Əliyev Fondunun Təşəbbüsü ilə İstanbul şəhərinin Bağçalar rayonunda Böyük Dostluq Parkı açılmış və burada Xocalı soyqırımı abidəsi ucaldılmışdır. Dünya Xocalı faciəsi haqqında həqiqəti bilməli və onu unutmamalıdır.

Azərbaycan xalqı öz liderinə inanırdı və bilirdi ki, bu vəhşiliklər cavabsız qalmayacaq, cinayətkarlar zamanında layiqli cəzalarını alacaq, işğal altındakı torpaqlarımız düşmən tapdağından azad ediləcəkdir. 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi möhtəşəm Zəfər deyilənləri tam sübuta yetirdi. Artıq hər bir Azərbaycan gənci də bu müstəqilliyi qorumaq, onu daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır. Fəxrlə demək olar ki, Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə bu missiyanı şərəflə daşıyacaq, Vətəninə qırılmaz tellərlə bağlı olan gənclik yetişmişdir.
Allah Xocalıda və vətənimizin azadlığı uğrunda şəhid olmuş bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Çinarə Hüseynova
S.S.Axundov adına 172 nömrəli tam orta məktəbin kitabxana müdiri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}