Bu yol Qarabağın xoşbəxt gələcəyinə işarədir!

2023-cü il Azərbaycanın tarixində Heydər Əliyev ili kimi yaddaşlarda qalacaq ! Bu günlərdə, sosial şəbəkələrin birində, Dahi Ulu Öndərin, bir neçə il öncə dediyi sözlər və arzular, məni bir Azərbaycanlı qızı kimi həm kövrəltdi, həm də qürurlandırdı. Kövrəlməyimin səbəbi, Yeni Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev cənablarının, Azərbaycanın ən çətin anında məcburi köçkünlərə  verdiyi söz, həmçinin, Uca Yaradanına və siyasi varisinə olan daxili inamı idi...  O deyirdi: Biz qayıdacağıq Şuşaya, Laçına, mütləq qayıdacağıq. Amma tək Şuşa yox, Laçın dağları da bizə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik ...”
Qürurlanmağımın səbəbi isə, bu dahi insanın, otuz ildən sonra, cismən aramızda olmasa da, arzularının həyata keçməsi, onun dediyi və görmək istədiyi  Azərbaycanın hal-hazırdakı inkişafı, tərəqqisi, qalibiyyəti və eyni zamanda, bütün bunların səbəbkarı, onun soy kökündən yaranan, güclü siyasi məktəbini keçəmüdavimi İlham Heydər oğlu Əliyev cənablarının ata vəsiyyətinə  əməl etməsidir.

 İlham Əliyev cənablarının siyasi portretində, öz öhdəsinə düşən yüksək biliklərə malik olan siyasi liderlik, dövlət başçılığı, eyni zamanda bir övlad kimi atasına olan ləyaqət cəmlənmişdir.  Belə ki, bu gün Prezidentimiz 44 günlük 2-ci Qarabağ Müharibəsindən sonra, Azərbaycan xalqı üçün, əlamətdar olan bayram günlərini, davamlı olaraq Qarabağın azad olunmuş torpaqlarında, növbəli şəkildə getdikcə və hər səfərində yenilik, quruculuq, abadlıq işlərinin daha da vüsətlə irəli getdiyinin şahidi oluruq.   İşğaldan azad olunmuş elə rayonlar var ki, rayon olaraq böyük potensialı olsa da, işğal dövründə Erməni vandalları nəticəsində sıfırdan da aşağı səviyyəyə düşmüşdür. Belə rayonlardan biri, Laçın rayonudur. Laçın rayonu 28 il işğal altında olmuş və bu rayonda, hər bir infrastruktur Ermənistan tərəfindən məhv edilmişdir. Təbii sərvəti olan meşə fondu talanıb, satılıb məhv edilmişdir. Laçın işğal olunandan bir ay sonra, AXC-Musavat cütlüyü, hakimiyyəti qanunsuz yollarla zəbt etdi və bu hadisələrdən sonra, Kəlbəcər işğal olundu, Kəlbəcərin işğalı ilə isə 1-ci Qarabağ Müharibəsinin məğlıubiyyətinə gedən yolu açdı. Bu gün şükürlər olsun ki, biz Azərbaycan xalqı olaraq, Laçın rayonunu, həm döyüş meydanında, həm siyasi yollarla azad etdik. Bu bizim Prezidentimizin  uzaqgörən siyasəti və böyük tarixi zəfəridir. Bu gün Laçında, abadlıq-quruculuq işləri, böyük vüsətlə davam edir. İşğal dövründə Laçın rayonunda ermənilər tərəfindən qanunsuz məskunlaşma siyasəti aparılırdı və bu hərəkətlər,  işğalçı dövlətin öz torpağının olmamasından irəli gəlirdi. Belə ki, onlar xaricdə yaşamış erməniləri həm Laçın şəhərinə, həm də bir neçə kəndə yerləşdirmişdilər. Lakin bu gün Laçın rayonu öz sahibinə qovuşmuşdur. Belə ki bu sahib, bu rayonda beynəlxalq hava limanı inşa edir, lazımi alternativ yollar çəkdirir, yüz kilometrlərlə ölçülən kəndlər arası yollar salır..

Bu yol uğur yoludur! Bu yol zəfər yoludur! Bu yol Qarabağın xoşbəxt gələcəyinə işarədir!  

Cəmilə Ağayeva

Əmircan Bələdiyyəsinin sədri
Sozcu.info       



Oxşar Xəbərlər

Xəbər lenti