75 yaşlı İsrail və bölünmüş cəmiyyət

İsrail yaranmasının 75-ci ildönümünü qeyd etməyə hazırlaşdığı bir vaxtda müzakirələrə səbəb olan məhkəmə islahatları cəmiyyətdə dərin fikir ayrılıqlarına səbəb olur.
Sozcu.info “Deutsche Welle”yə istinadla xəbər verir ki, təqaüdçü kimyaçı və insan haqları müdafiəçisi Yehudit Elkana sağçı İsrail hökumətinin mübahisəli məhkəmə islahatlarına qarşı çıxmaq üçün hər şənbə axşamı etiraz aksiyalarında iştirak edir.
Elkana deyir ki, təbiətcə çox nikbin insan olsa da, bu günlərdə çox pessimistdir. O bildirir ki, buna baxmayaraq onlar etirazlara davam edəcəklər.
İcrası dayandırılan mübahisəli məhkəmə reqlamentinə görə cəmiyyət son 4 ayda onun əleyhinə olanlar və tərəfdarları olanlara bölünüb. Müxaliflər yeni tənzimləmənin İsrail demokratiyasını təhdid etdiyini iddia edir, iqtidar tərəfdarları isə gücdən düşmüş Ali Məhkəmənin səlahiyyətlərinin azaldılmasının tərəfdarıdırlar.
1935-ci ildə Yerusəlimdə anadan olan Elkana İsraili quran nəslin nümayəndəsidir. 1930-cu illərdə faşist Almaniyasını tərk edən ailəsi o zaman Britaniya mandatı Fələstində (Mandat - Versal müqaviləsinin (1919) 22-ci maddəsinə əsasən keçmiş keçmiş alman müstəmləkələrinin və Osmanlı mülklərinin qəyyumluğa götürülmə formasında bölüşdürülməsi. 1945-ci il 24 oktyabrda təsdiq olunan BMT Nizamnaməsi qüvvəyə mindikdən sonra Yalta konfransında əldə edilən razılaşmaya uyğun olaraq mandat əraziləri BMT-nin himayəndəsində olan ərazilər adlandırıldı) yeni həyata başlayıb. Ömrü boyu bir çox böhranlar və müharibələr yaşayan Elkananın 1948-ci il mayın 14-də Təl-Əvivdə David Ben Qurionun İsrail dövlətinin yaradılmasını bəyan etməsi də yadına düşür.
"Qəzetlərdə gördüyüm fotoları xatırlayıram. Sderot Rotşilddəki xoşbəxtliyi və rəqsi xatırlayıram", - deyə Elkana Tel-Əvivin mərkəzindəki əsas bulvarda baş verənləri təsvir edir.
Lakin Elkana İsrailin yaranmasının 75-ci ildönümünü qeyd etməyə hazırlaşarkən ölkənin gələcəyindən narahatdır. Məhkəmə islahatları ilə bağlı müzakirələrə işarə edən Elkana, "Vətəndaş müharibəsinə səbəb ola bilər. Çünki heç bir tərəf təslim olmur. Bu çox üzücüdür", - deyir.

“Ölkə yol ayrıcında”
Yerusəlimdəki Şalom Hartman İnstitutunun tədqiqatçısı Dr. Tomer Persiko da ölkənin “yol ayrıcında” olduğunu bildirir və bunun yeganə səbəbinin məhkəmə islahatları olmadığına diqqət çəkir:
"Uzun müddətdir basdırılan və ya diqqətdən kənarda qalan bəzi məsələlər indi üzə çıxır - İsrailin liberal/qeyri-liberal ictimai sferası, təbii ki, dünyəvi çoxluq və orduda xidmət edən ultra-pravoslav azlıq ilə bağlı din və dövlət arasındakı münasibətlər. Bunların hamısı müzakirə olunur”.
O bildiri ki, ultra-pravoslav gənclərin əksəriyyəti orduda xidmət etmir.

Sol baxış
Təl-Əvivin Yaffa rayonundakı kafedə 24 yaşlı tələbə və fəal Roni Amir 23 yaşlı dostu Nili Rozenlə etirazlar və İsrailin yaxın gələcəyi haqqında danışır. Amir izah edir ki, məhkəmə islahatlarına qarşı həftəlik etiraz aksiyalarında iştirak etmək vacibdir. Lakin onun prioriteti Fələstin torpaqlarının işğalına son qoymaq və “hamı üçün bərabərlik”dir.
“Etirazlarda Fələstin xalqı və hər kəs üçün azadlıq və bərabərlik tələb edən işğal əleyhinə qrupda iştirak edirəm. Diqqətimizi hazırda baş verənlərin əsası hesab etdiyimiz işğala yönəldirik. Biz hamı üçün əsl demokratiya istəyirik, milliyyətindən və dinindən asılı olmayaraq hamının azad olduğu bir ölkə istəyirik”, - deyə Amir bildirir.
Gənclər gələcəkdə fələstinlilərin bərabərhüquqlu vətəndaş olacağı və ölkə daxilində sərbəst hərəkət edəcəyi bir dövlət həllini görməyə ümid edirlər.
Hər iki gənc İsrailin təhlükəsizliyə həddindən artıq diqqət yetirdiyini, beləliklə də təhsil və yaşayış xərcləri kimi mühüm məsələlərə laqeyd yanaşdığını deyir.
"Biz daim təhlükəsizliklə məşğuluq, özümüzü bu böyük Yaxın Şərqdə qurbanlar kimi hiss edirik", - deyir Amir.
Roni isə mövcud atmosferdən təsirləndiklərini ifadə edərək belə davam edir: "Fələstin xalqına kömək etməyə çalışan bir fəal olsanız belə, öz ölkəniz sizə xain kimi baxır. Halbuki, “başqalarına kömək etməyə çalışmaq yaxşı bir şeydir” deyilməlidir...”
Roni və Nilinin İsraillə Fələstinlilər arasındakı münaqişəyə baxışı, xüsusilə 1990-cı illərdə Oslo Sülh Sazişlərini və İsrailə iki dövlətli həllə ümid gətirən sülh prosesini yaşamamış bir çox gənc yəhudi israillilər arasında çox populyar deyil.
Şalom Hartman İnstitutundan Persiko deyir ki, əsl problem solun İsraildə ideoloji təsirinin az olmasıdır:
"Bir vaxtlar Şalom Açşav (Sülh İndi adlı QHT) kimi qrupların rəhbərlik etdiyi işğala son qoymaq üçün aparılan mübarizə bu gün xeyli zəifləyib. Bu gün İsraildə bununla bağlı heç bir iş görülməməsi ilə bağlı ümumi fikir formalaşıb. Digər tərəfdən, həqiqi tərəfdaşımızın olmadığına dair ümumi bir inanc var."
İsraildə gənclərin bir hissəsi 2000-2005-ci illərdə İkinci İntifada (Əl-Əqsa İntifadası - Fələstin ərəblərinin Qərb Sahilində və Qəzzada İsrail hakimiyyətinə qarşı silahlı üsyanı) zamanı böyüdü. 2005-ci ildə İsrailin Qəzzanı birtərəfli qaydada tərk etməsi, daha sonra HƏMAS-ın bölgəyə nəzarəti və İsrail şəhərlərinə raket hücumları tez-tez sağçı fraksiya tərəfindən nümunə kimi göstərilir.
Qeyri-kommersiya təşkilatı olan İsrail Demokratiya İnstitutu tərəfindən hər il hazırlanan 2022 İsrail Demokratiya İndeksi, 18-35 yaş arası gənc israillilərin 75 faizinin özünü sağçı kimi tanıdığını və bu tendensiyanın son on ildə artdığını göstərir.
Bundan əlavə, gənc israillilər özlərini getdikcə daha çox dindar hesab edirlər və ya daha çox mühafizəkar olmağa meylli olan ultra-pravoslav ailəsində doğulurlar.
Son ümumi seçkilərdə bu vəziyyət seçki qutusunda qismən əks olundu. Sağçı partiyaların yaratdığı Dini Sionizm ittifaqı 120 yerlik İsrail parlamentində 14 yer qazanıb. İttifaqın ekstremist liderləri indi Baş nazir Benyamin Netanyahunun kabinetində nazir vəzifəsində otururlar.
"Onlar ideoloji cəhətdən çox qərarlıdırlar. Özlərinə çox aydın bir məqsəd qoyublar. Və bu qətiyyət bunu başqa heç yerdə görə bilməyən bir çox gənc üçün çox cəlbedicidir", - Persiko deyir.

Sağçı perspektiv
Sosial mövzularda podkastlar hazırlayan Naor Meninqer etirazlardan məyus olduğunu bildirir və heç olmasa məhkəmə islahatlarının bir hissəsinin həyata keçiriləcəyinə ümid edir.
Təl-Əvivdə yaşayan 34 yaşlı Meninqer deyir:
"Seçkilər dörd ay əvvəl keçirilib. Seçkilərin nəticələri çox aydındır. Bu hökumətin xalqdan aldığı qəti bir mandate var".
Meninqer deyir ki, onun nəsli üçün ən böyük məsələ “rifah dövləti” ritorikasına və “ölkə üzərində asılmış sosializm qalıqlarına” son qoymaqdır:
“Düşünürəm ki, insanlar bunun üçün küçələrə çıxsalar, sağçıardan özlərinə dəstək tapacaqdılar”.
Meninqerin İsraillə Fələstinlilər arasındakı məsələ ilə bağlı mövqeyi bəllidir. İşğal olunmuş İordan çayının qərb sahilinə işarə edən Meninqer deyir:
“Düşünürəm ki, nəticə ən yaxşı ehtimallardan biri ilə yekunlaşıb və İsrail məskunlaşmanın az olduğu bütün əraziləri ilhaq edib”.
Qeyd edək ki, İsrailin işğalı altında olan İordan çayının qərb sahilindəki yaşayış məntəqələri Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən beynəlxalq hüquqa zidd hesab edilir.
“Qəzzə və ya İordan çayının qərb sahilindəki fələstinlilər ümumiyyətlə mənim düşmənlərimdir. Ona görə də onların suveren dövlətə malik olmalarında maraqlı deyiləm”, - Meninqer davam edir.
Onun üçün İsrail yəhudilərin özlərini təhlükəsiz hiss etdiyi yeganə ölkədir:
“Mənim babalarım 1970-ci illərdə Rumıniyadan gəliblər. Onlar diktaturadan, kommunist diktaturasından qaçıb bura sığınıblar. Məncə, yəhudilərin alternativi yoxdur. Mənim üçün bura əbədi vətəndir".
Yehudit Elkana isə etirazlarda “işğal əleyhinə blok”un yanındadır.
O vaxta qədər İordaniyanın nəzarətində olan əraziyə işarə edən Elkana deyir:
“1967-ci ildən sonra Köhnə Şəhərə getdim. Amma o zaman da mənə aydın idi ki, İordan çayının qərb sahili işğal edilmiş ərazidir və onu geri qaytarmaq lazımdır”.
İsrail 1967-ci ildə Altı Günlük Müharibədə İordaniyadan Qüdsün Köhnə Şəhərini ələ keçirmiş və işğal etmişdi.
Hazırda diqqət məhkəmə islahatlarına yönəldilsə də, Elkana problemlərin həlli yollarını tapmaqda gənc nəslə inanır və deyir: "Pessimizmə baxmayaraq, nikbinliyimizi qorumalıyıq. Əlimizdən gələni etməliyik".



Oxşar Xəbərlər

Xəbər lenti