8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Məhkəmə sədri İslam Əliyev tabeçiliyində olan hakimləri özünə lazım olan qanunsuzluqlara təhrik edir”
Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 14 B ünvanında yaşayan Qarayev Müsadif Mürvət oğlu və Qarayev Müseyib Mürvət oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova müraciət edirlər:
“Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Sizə bu məktubu yazmaqda məqsədim Yasamal Rayon Məhkəməsində baş verən qanunsuzluqlar haqda xəbər verməkdir. Yasamal Məhkəməsinin sədri İslam Əliyev tabeçiliyində olan hakimləri özünə lazım olan qanunsuzluqlara təhrik etməklə, vətəndaşların evlərini ələ keçirib, saxta qərarlar verirlər. Bunlardan biri də köçkün Qarayev Müseyib Mürvət oğludur.
Hansı ki, Əliyev Natiq Telman oğlu adlı şəxs bir neçə nəfərin evini Yasamal Məhkəməsinin əli ilə, saxta qərardadla ələ keçirəndən sonra hakimin göstərişi ilə evləri arvadı Əliyeva Rübabə Mədət qızının adına keçirib. Sonradan Müseyib Qarayevin evini də ələ keçirmək üçün E.Samayev, İslam Əliyev və V.Hacıyevin köməkliyi ilə arvadı Rübabə Əliyevanın adından saxta iddia qaldırmışdır. Baxmayaraq ki, bütün sənəd və məhkəmə qərardadları Müseyib Qarayevin xeyrinədir, lakin İslam Əliyev bütünlüklə qanunlara qarşı gedərək, öz bildiyini etmək istəyir.
Cənab Prezident!
Aşağıda göstərdiyim qərardaları və sübutları yazılı və şifahi şəkildə Yasamal Rayon Məhkəməsinin sədrinə və hakimi V.Hacıyevə bildirsəm də, onlar qanuna məhəl qoymaq istəmirlər. İddiaçını öyrədib, sökülmüş otağın bütün izlərini itirib, yenidən tikinti ekspertizası keçirmək istəyirlər ki, ekspert rəyi alıb, iddiaçının xeyrinə öz maraqları xatirinə qərardad çıxarsınlar. Üç il bundan öncə Müseyib Qarayevin xeyrinə çıxan məhkəmə qərardadlarından sonra eyni predmet, eyni əsaslarla iddia qaldırıblar.
Hakim əvvəcədən danışılmış və razılaşdırılmış şəkildə iddiaçının xeyrinə qərar çıxarmaq üçün texniki tikinti ekspertiza keçirmək qərarına gəlib. Baxmayaraq ki, Yasamal Rayon Məhkəməsinin hakimi E.Şamayev yerində baxış keçirməklə bərabər, texniki tikinti ekspertizası keçirilmişdir. İkinci dəfə Apellyasiya Məhkəməsinin hakimləri Xəyalə Cəlilova, İsmayıl Xəlilov və Kərimli İbrahimin iştirakı ilə həm yerində baxış, həm də texniki tikinti ekspertizası keçirilib. Bütün bunların keçirilməsinin təşəbbüskarı və tələbkarı cavabdeh Müseyib Qarayev olmuşdur. Demək, 2 dəfə yerində baxış və texniki tikinti ekspertiza keçirilməsi zamanı iddiaçının qərəzliliyini görərək, iddiaya xitam vermişlər. Bəs bütün bunlardan sonra İ.Əliyev və V.Hacıyevi yeni texniki tikinti ekspertiziyası keçirmək istəməsinə məcbur edən hansı maraqdır?! Yuxarı instansıya məhkəmələrinin qərardadlarını şübhə altına almaqda məqsəd nədir?
İslam Əliyev
Qanunla yuxarı instansiya məhkəmələrinin qərarı aşağı instansiya məhkəmələri üçün məcburidir. Deyəsən, bu qanun Yasamal Rayon Məhkməsində keçilməzdir. Yasamal Rayon Məhkəməsinin hakimi V.Hacıyev o qədər qərəzli və qanunsuz (04.05.2023-cü il tarixli) qərardad yazmışdır ki, bu, məhkəmələr tarixində olmayan bir yalandır. Mənim (Müseyib Qarayevin – red.) demədiyim sözləri kobudcasına mənim adımdan izahat kimi vermişdir. Halbuki, hakim V.Hacıyevə ümumiyyətlə izahat verməmişəm, işin davam edilməsinə etirazımı bildirmişəm və işə xitam verilməsini xahiş etmişəm. Hakim isə hər dəfə öz bildiyi kimi işini davam etdirib. Düzdür, monitor çox vaxt açıq olmasa da, mənim təhdidlərimdən sonra bəzən açılıb. Əgər silməyiblərsə, sübut üçün baxmaq olar. Əgər hakim cavabdehin demədiyi sözləri bu qədər ağ yalanlarla göstərirsə, demək, mənim tərəfimdən verilən etiraz və vəsadətlərimlə birlikdə verdiyim faktiki sənədlər bəlkə də işin arasında yoxdur, bunu yoxlamaq lazımdır.
Hakimlərin bu hərəkətinə nə ad vermək olar?! Bütün faktları ortaya gətirmək istəməyən hakim MPM-nin 7.1 maddəsində:
Ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər.
MPM-nin 7.2 maddəsində:
Hakimlər mülki işləri və kommersiya mübahisələrini kənar müdaxilə təsirindən azad şəraitdə həll edirlər.
Hanı bəs hakimin ədaləti, müstəqilliyi?! Hakim V.Hacıyev E.Şamayevlə İslam Əliyevin təsir və təzyiqlərindən çıxa bilmir. Çünki İslam Əliyevlə E.Şamayevin verdiyi göstəriş nəyin bahasına olursa-olsun əvvəldən razılaşdırılmış texniki tikinti ekspertiza rəyini almaqdır və bunun üçün bütün qanunsuzluqlardan istifadə edirlər.
V.Hacıyevin qərara aldığı hissəsində qeyd olunur: “İddiaçı Əliyeva Rübabə Mədət qızının cavabdehlər Qarayev Müseyib Mürvət oğluna və Azərbaycan Respublikasının İqtisadiyyat naziri yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmənin təşəbbüsü ilə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilsin”.
Vahid Hacıyev
Əvvəlcə onu deyim ki, 1 saylı Bakı ərazi idarəsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.07.2020-ci il tarixli qərarında iddiaçının yalanlarını ortaya çıxaran sübutları öz izahatında göstərmişdir. Yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi məsələsi isə 2005-ci ildə necə tikilibsə, elə də qalıb, heç bir dəyişdirilmə olmayıb. Qanunsuz sahiblikdən söhbət gedə bilməz. Çünki verilən sənəd, texniki pasport, çıxarış hamısı qanuni yolla, dövlət qanunları ilə verilmiş sənəddir. Hakimin ekspert qarşısında qoyduğu suallar da, bax, eynilə köhnə ekspertlərdə qoyulan suallardır:
Qarayev Müseyib Mürvət oğlu Əliyeva Rübabə Mədət qızına məxsus olan 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 40 kv.metr yaşayış sahəsi 17.4 kv.metr, köməkçi sahəsi 22.6 kv.metr olan 1 otağı sökərək özünə məxsus olan Bakı şəhəri Yasamal rayonu 8-ci keçid və 9a ünvanında yerləşən 4 nömrəli mənzilinin ümumi sahəsinə qatmışdırmı? Əgər qatmışdırsa, bu tikilinin əvvəlki vəziyyətinin bərpası mümkündürmü və bu nə qədər vəsait tələb olunur?
Artıq hakim işə pul mənbəyi kimi baxır. Əgər ümumi sahəsinə qatılsa Müseyib Qarayevə məxsus tikilinin sahəsi 112.0 kv.metr yox, 130.140 kv.metrdir, elə əvvəlki vəziyyətindədir. Sadəcə, onu öz rəyində göstərən şərəfli adam lazımdır. Özünə, qanuna hörmət edən adam.
Əvvəlki baxışlarda Ə.Natiq otaqların formasını belə deyə bilmirdi, artıq neçə dəfədir baxış keçirilib. Hakim qanuni iş aparmaq istəsəydi, bu sualları qoyardı. Birinci alqı-satqı müqaviləsi əsasında olan çıxarışa baxılmalı idi(152 kv. metr olan).
İkincisi, alq-satqı müqaviləsində olan 59.0 və 71.0 düzəlişi, kim edib, nəyə görə edib və bunu etmək kimə sərf edirdi? Bundan başqa, Museyibin evinin sahəsinin X.Abbasla alqı-satqıdan sonra axıra kimi 112 kv.metr olduğunu sübut edən sənədlərin surətlərini hakimə göndərmişəm, bunları bilə-bilə qoyduğu suallar nəticənin nə olacağını göstərir.
Üçüncüsü, X.Abbas yalandan verdiyi izahatda “3-cü mərtəbədə yaşamışam” deyir, lakin mən hakimə onun yalanını sübut edən sənəd vermişəm. Hakim nədənsə bu haqda heç nə demir, susur. Hakim sübut etmək istəyir ki, Abbas sökülən (2017-ci ildə evdə yaşayıb), yerində olmayan evdə necə yaşayıb. Buna göz yuman hakimə nə ad vermək olar?!
Biz iddiaçı ilə yox, iddiaçını idarə edən, iddianı yazan və qondarma ekspert təyin etmək üçün qərardad çıxaran Yasamal Rayon Məhkəməsinin sədr əvəzi İslam Əliyev və hakim Vahid Hacıyevlə qarşı-qarşıyayıq. Və özünü qarşı tərəf kimi aparan Vahid Hacıyevin apardığı prosesə, tələm-tələsik işə keçirmək istədiyi texniki-tikinti ekspertiza qərardadına baxanda bunlar açıq aydın görünür.
Yuxarıda göstərdiyim kimi, 152 kv.m-lik ölçünü sübut edən sənəd, texniki pasportda açıq-aydın otaqların sayı göstərildiyi halda, nə üçün ekspertiziya aparılmalıdır? Həmin sənədlərin də hamısı iddiaçı Rübabə Əliyevanın əri Natiq Əliyevin adınadır. Sənədlər ortada ola-ola hakim sadəcə yuxarı instansiya məhkəmələrinin qərardadlarını şübhə altına almaqdan başqa, bütün qanunları tapdayaraq öz maraqları xatirinə istədiyini edir. Vəziyyə görün hansı dərəcəyə çatıb ki, mənim Apellyasiya Məhkəməsinə yazdığım məhkəmə tərkibinə etiraza cavab yazmaq əvəzinə, ekspertiza keçirməklə məşğuldur. Demək, hakim M.Qarayevin bütün haqlarını tapdayıb, nəyin bahasına olursa olsun ekspert rəyi alıb, M.Qarayevin evini əlindən alıb, öz aralarında bölüşdürmək istəyir. Yəqin ki, bu mütəşəkkil dəstənin qarşısını alan tapılacaq.
Görünür, Vahid Hacıyev İslam Əliyevin ən arxayın olduğu hakimlərdəndir ki, bu işi həll etməyi ona həvalə edib. Hakim tərəflərin verdiyi izahatlar əsasında ekspert qarşısında suallar qoymalıdır. Bəs, Vahid Hacıyev hansı tərəflərin suallarını dinləyərək qərardad çıxarıb? Yasamal Rayon Məhkəməsinin 2(004)-960/2023 nömrəli qərardadı başdan-başa qərəzli, birtərəfli, öz maraqları xatirinə yazılmış bir sənəddir. Bu qərardad qəbul edilə bilməz. Mən buna etiraz etməkdə haqlıyam. Bu iddiaya xitam verilməlidir və bu işin Yasamal Rayon Məhkəməsində baxılmasına öz etirazımı bildirirəm. Ona görə, Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan, Ədliyyə naziri Fikrət Məmmədovdan xahiş edirəm ki, Yasamal Rayon Məhkəməsində olan bu qanunsuzluqların dayandırılmasına göstəriş verməklə bərabər, Qarayev Museyib Mürvət oğlunun evinin əlindən alınmasının qarşısının alınmasına da kömək olsunlar.
Siz öz çıxışlarınızda demişdiniz ki, “Məmurların qanunsuz hərəkətlərindən məni xəbərdar edin ki, mən də onların cəzasını verim”. İnanırıq ki, Yasamal Rayon Məhkəməsinin sədri İ.Əliyev və hakimi V.Hacıyev Sizin tərəfinizdən öz layiqli cəzalarını alacaqlar”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.