8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Azərbaycanın dövlət müstəqilliyinin 11-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsusi qiymət verən Heydər Əliyev öz çıxışında demişdi: “Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda çox işlər gördü. İlk dəfə olaraq müsəlman Şərqində demokratik bir respublika yaratdı. İlk dəfə olaraq Azərbaycan xalqı müstəqil yaşamaq şəraitinin nə olduğunu hiss etdi, gördü”. Azərbaycan xalqı haqlı olaraq müsəlman aləmində ilk demokratik respublikanın yaradıcıları kimi bu tarixlə fəxr edir. Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açıldı. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatikmüstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı.
Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi. Naxçıvan diyarının Azərbaycan ərazisi kimi qorunub saxlanılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirildi. Qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu. Maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu. Təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlandı. İctimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə, dövlətçiliyin bərpa edilməsi sahəsində, demokratik quruluş yaratmaq istiqamətində böyük rol oynayıb. Bu gün xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını böyük qürur hissi ilə yad edir. Xalq Cümhuriyyəti dövründə olduğu kimi, Azərbaycan xalqı və dövləti bu gün də demokratik dəyərlərə ciddi önəm verir. Cənab Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrə sadiqliyini daim yüksək dəyərləndirir və dövlətçilik ənənələrini uğurla inkişaf etdirir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması onun milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Ölkəmizdə milli dövlətçilik günbəgün inkişaf edir və möhkəmlənir və biz belə bir dövlətin vətəndaşları olduğumuzdan qürur duyuruq.Südabə Abdullayeva
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info