8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
XX əsrin sonlarından başlayaraq istər Azərbaycanda, istərsə də bölgədə və dünyada cərəyan edən proseslər belə bir həqiqəti ortaya qoydu ki, ölkənin müstəqilliyinin qorunması, onun dünya birliyində layiqli yer tutması aparılan məqsədyönlü mübarizənin məntiqi nəticəsidir. Ölkə əhəmiyyətli məsələlərin həyata keçirilməsi tarixi şəraitdən, mühitdən, müxtəlif təsirlərdən, obyektiv və subyektiv səbəblərdən asılı olaraq böyük məsuliyyət və həssaslıq tələb edir və o ölkələr öz inkişafında müvəffəqdirlər ki, onlar qarşıya qoyulan ən mürəkkəb vəzifələrin icrasını daha səmərəli, daha düzgün və daha dəqiq təmin edə bilirlər. Bu sahədə ölkə rəhbərliyinin də üzərinə böyük məsuliyyət düşür və tarix də bunu sübut edir ki, böyük dövlət xadimləri, istedadlı siyasi rəhbərlər öz ölkələrinin inkişafında çox önəmli rol oynaya bilərlər.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Onun istər sovet dövründə Azərbaycana rəhbərliyi, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir. Hər iki rəhbərlik dövründə Heydər Əliyev Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldıra bildi. Sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında Heydər Əliyev əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı.
Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri bu idi ki, o, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu
Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Bu böyük dövlət xadiminin muxtar respublikadakı qısa fəaliyyəti bir daha göstərdi ki, məsqədyönlü, milli maraqları qoruyan siyasət yeridilməsi, xalqın milli maraqlar ətrafında birləşdirilməsi ən mürəkkəb vəzifələri belə həyata keçirməyə imkan verir. Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də burada milli hərbi hissənin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi.
Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də o, məhz xalqın gücünə arxalanırdı və ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.
Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu.
Ulu öndərin layiqli davamçısı olan dövlətimizin başçısı İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.
Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son nailiyyətləri ilə təchiz olunmasına, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən dövlətimizin başçısı bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü daha da artırdı və peşəkar, ən müasir tələblərə cavab verən orduya çevirdi. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Nəticədə işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi.
Prezident İlham Əliyevin ordu quruculuğu siyasətində mühüm yer tutan məsələlərdən biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində - 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırıb. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam edib. Ulu Öndərin bu siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılması barədə mühüm qərarlar qəbul edib. Buna nümunə olaraq, Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasını göstərmək olar. Qırx dörd günlük Vətən müharibəsində bütün qoşun növləri kimi, Sərhəd Qoşunlarının şəxsi heyəti də torpaqlarımızın erməni işğalından azad edilməsində yaxından iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. Bundan başqa, Prezident İlham Əliyevin göstərişi ilə yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr başda qardaş Türkiyə olmaqla, dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilib. Bununla da peşəkarlıqlarını daha da artıran hərbçilərimiz dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olublar. Nəticədə Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng peşəkarlar məktəbinə çevrilib, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlib.
Yeganə Abdullayeva
Suraxanı rayonu, 290 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info