6 ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib

11 iyul 2023 tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi. Dövlət başçısı çıxış edərək ilk 6 ayın səmərəli keçdiyini bildirdi. Prezident çıxışında müxtəlif iqtisadi və sosial məsələlərə toxundu. İlin əvvəlində qarşıya qoyulan bir sıra tapşırıqların uğurla yerinə yetirildiyini bildirən Prezident bunun müsbət inkişafa təkan verəcəyini qeyd etdi.
Prezident çıxışında ölkənin iqtisadi vəziyyətinə xüsusi yer verdi. Qeyri-neft sektorunun inkişafı, iqtisadi layihələrin miqyası barədə danışan prezident bildirdi ki, qeyri-neft sektoru artıq 3 faizdən çox artmışdır. Coğrafi şəraiti bu sahədə müsbət amil kimi dəyərləndirən ölkə başçısı Cənubdan Şimala, Şərqdən Qərbə gedən yolların rayonların əksəriyyətini əhatə etdiyini bildirdi. Nəticə olaraq prezident qeyd etdi ki, hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi biznes imkanları var.

Dövlət büdcəsi, ölkədə maliyyə vəziyyəti, xarici dövlət borcu cənab İlham Əliyevin toxunduğu məsələlərdən idi. Maliyyə vəziyyətinin yaxşılaşmasını bu sektordakı nizam-intizamla, vergi və gömrük orqanlarında islahatların aparılması ilə əlaqələndirən cənab prezident bu amillərin büdcəyə yenidən baxılması və dürüstləşmə aparılmasını təmin etdiyini bildirdi. Cari ilin dövlət büdcəsinin 36 milyard manat olduğunu qeyd edən ölkə başçısı bunun əlavə gəlirlərin əldə edilməsi ilə bağlı olduğunu dedi. Büdcə gəlirlərinin artması qarşıda duran investisiya layihələrini icra etməkdə, xüsusilə azad edilmiş torpaqlarda quruculuq işlərini sürətləndirməyə təkan verəcək. Prezident bütün bunların nəticədə hərbi gücü artıracağını qeyd etdi. İlham Əliyev bildirdi ki, 3 milyard manatdan çox əldə olunmuş vəsaitin 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensiala sərf olunacaq. Bütövlükdə isə investisiya proqramı əsasında Qarabağ və Şərqi Zəngəzura 12 milyard manata qədər vəsaitin xərclənəcəyini qeyd edən ölkə başçısı iki məktəb istisna olmaqla qalan bütün infrastruktur, inşaat işlərinin Azərbaycan büdcəsi hesabına həyata keçirildiyini bildirdi.

Xarici dövlət borcunun hal-hazırda 6,7 milyard dollar olduğunu bildirən Prezident bunun ümumi daxili məhsulun təxminən 10 faizi təşkil etdiyini, lakin daha aşağı olmasının qarşıda duran məqsəd olduğunu qeyd etdi. İlhan Əliyev vurğuladı ki, ölkələrin idxalı ixracdan çoxdur. Azərbaycanda isə vəziyyət tam əksinədir. Ölkə başçısı bu tempi düşünülmüş siyasətin təzahürü kimi qiymətləndirdi.

Ümumilikdə baş verən müsbət inkişafın mərkəzində Azərbaycan vətəndaşının dayandığını bildirən İlham Əliyev bunun ən çox insanların yaşayış səviyyəsinə təsir göstərdiyini qeyd etdi. Minimum əməkhaqlarının, pensiyaların artması buna nümunə ola bilər. Cənab Prezident İlham Əliyev çıxışında Böyük Qayıdış proqramına geniş yer verdi. İlin ilk 2 rübündə 100 yaşayış məntəqəsinin qurulduğunu qeyd edən prezident cari ilin sonunadək Laçın şəhərinin Zabux və Sus kəndlərinə məcburi köçkünlərin qayıdacağını bildirdi. Ümumilikdə bu sahədə  qarşıda duran məqsədi açıqlayan ölkə başçısı ilin sonuna qədər beş yaşayış məntəqəsində - bir şəhər və dörd kənddə vətəndaşların məskunlaşacağını bildirdi.

İqtisadi layihələrin miqyasından söhbət açan Prezident İlham Əliyev bunun sadəcə Qarabağla, Şərqi Zəngəzurla məhdudlaşmadığını, bütün ölkəni əhatə etdiyini bildirdi. Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramı buna nümunə ola bilər. Bu addımın Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafına yol açdığını qeyd edən ölkə rəhbəri proqramın yalnız öz resurslarımıza əsaslandığını bildirdi.Naxçıvan ərazisində elektrik enerjisinin böyük hissəsinin su elektrik stansiyaları vasitəsilə istehsal olunduğunu bildirən  İlham Əliyev artıq külək və günəş elektrik stansiyalarının da inşasının nəzərdə tutulduğunu qeyd etdi. İkinci Qarabağ müharibəsindən sonra öz çıxışlarında beynəlxalq hüquqla bağlı vəziyyətə tez-tez toxunan Prezident İlham Əliyev müşavirədə bir daha qeyd etdi ki, dünyada qaydalar tamamilə pozulub, hüquqa əməl edilmir. Cənab İlham Əliyev bildirdi ki, beynəlxalq hüquqa, qətnamələrə artıq inanmaq, bel bağlamaq olmaz. Dünyada artıq güc amilinin ön plana keçdiyini xüsusi qeyd edən ölkə başçısı hərbi potensiala xeyli vəsaitin ayrıldığını, həm döyüş qabiliyyətinin, həm də silah, texnika təchizatının gücləndirildiyini bildirdi. Bu sahədə bəzi planların mövcudluğundan bəhs edən cənab Prezident yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığını, o cümlədən müasir silahların, texnikaların alındığını qeyd etdi. Cənab İlham Əliyev açıqladı ki, məqsədimiz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmaqdır. Bu yaşadığımız coğrafiyada özümüzü tam əmində hiss etmək üçün olduqca vacibdir.
Son zamanlar sülh danışıqlarında baş verən yeniliklər, təbii ki, cənab prezidentin çıxışında öz əksini tapdı. Bu sahədə mövqeyimizin aydın və dəyişməz olduğunu deyən cənab İlham Əliyev artıq Ermənistan tərəfinin mövqeyində az da olsa, müsbətə doğru hərəkət olduğunu bildirdi. Ötən ilin oktyabr ayında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul edən Ermənistan tərəfi cari ilin may ayında bir addım da irəli gələrək artıq Azərbaycan ərazisinin parametrlərini, Qarabağ və anklav kəndlərimizi rəsmən tanıyıb. Cənab prezident növbəti məqsədini açıqlayaraq bildirdi ki, bu kağız üzərində təsdiq olunmalı, imzalar atılmalı və münasibətlər yaradılmalıdır.

Nəqliyyat sektoru İlham Əliyevin çıxışında xüsusi diqqət ayırdığı məsələlərdən idi. Azərbaycanın coğrafi şəraitinin bu sahədə böyük imkanlar açdığını bildirən ölkə başçısı qeyd etdi ki, qonşu dövlətlərin nəqliyyat problemlərinin lli üçün öz köməyini əsirgəmir. İlham Əliyev bildirdi ki, Şimaldan Cənuba və əks istiqamətdə, Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımalar artır və Azərbaycan bu sahədə çox etibarlı tərəfdaşdır. Burada diqqət çəkən məqamlardan biri də ölkə başçısının qeyd etdiyi kimi nəqliyyat imkanlarımızın hüdudlarını aşmağımızdır. Bunun Azərbaycan tarixində bir ilk olduğunu açıqlayan İlham Əliyev Qara dənizdə üç böyük tankerin alındığını dedi. Tankerlərə “Qarabağ”, “Şuşa”, “Zəngəzur” adları verilib. Əlbəttə ki, bu addım əlavə böyük gəlirlər gətirəcək. İlham Əliyev bildirdi ki, danışıqlar göstərir ki, Azərbaycan ərazisindən yüklərin daşınmasının mümkünlüyü bir neçə dəfə çox olacaqdır. Xəzərdəki gəmiqayırma imkanlarından bəhs edən ölkə başçısı qonşu ölkələrdən sifarişlər gəldiyini bildirdi. Uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxdığını açıqlayan cənab Prezident qeyd etdi ki,  tələbatın artdığını da nəzərə alaraq gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə nə vaxtsa başlaya bilərik.
İlham Əliyev çıxışında ekoloji məsələlərə də yer verdi. O bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi. Ermənistan Qarabağ və Şərqi Zəngəzurda təbiətə böyük ziyan vuraraq 60 min hektardan çox meşə fondunu dağıdıb, talan etmişdir.

Ekoloji məsələlərdən söz açmışkən cənab İlham Əliyev qeyd etdi ki, ölkənin böyük hissəsi artıq rəsmən “yaşıl enerji” zonasına çevrilib. Bu zaman ölkə başçısı son zamanlar Gədəbəy rayonunda baş verən hadisələrə də toxundu. Burada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhlənkar davrandığını bildirərək araşdırma nəticələri barədə heç bir məlumatın olmadığını qeyd etdi. Xarici investorun təbiətə ziyan vurduğunu bildirən İlham Əliyev onların da Nazirlər Kabinetinə gələrək izahat verməli olduqlarını dedi. Azərbaycanda çalışan xarici və yerli şirkətlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Ölkə başçısı bildirdi ki, təbiətə insanların sağlamlığına zərrə qədər təhlükə varsa, həmin şirkətin fəaliyyəti dayandırılmalıdır. Prezident İlham Əliyev Gədəbəydə baş verən neqativ hadisələri qəbuledilməz qiymətləndirdi. Buradakı bəzi hadisələrin səbəbkarlarının Azərbaycanda və xaricdə yaşayan təxribatçılar olduğunu deyən ölkə başçısı bir daha bildirdi ki, ölkəmizdə xaos, özbaşınalıq 1993-cü ildə başa çatıb. Vətəndaş və polis arasında olan münasibətə toxunan İlham Əliyev polisin asayişi qoruduğunu, hətta Qarabağda daxili qoşunlarımızın xeyli şəhid verdiyini də xatırlatdı. Avropada, Amerikada polisin vətəndaşlara qarşı qəddar münasibətini vurğulayan Prezident vətəndaşları qanuna tabe olmağa çağırdı. Nəticə olaraq ölkə başçısı araşdırmanı davam etdirməyi, insanların örüş, otlaq sahələrini zəbt etməməyi tapşırdı.

Son olaraq İlham Əliyev ölkəmizin gələcəyi üçün əhəmiyyətli bir hadisəni vurğuladı. Bu, “Abşeron” qaz-kondensat yatağından hasil edilən qazla bağlıdır. Bu qədər gözəl nəticə gözləmədiyini bildirən Prezident bu hadisənin enerji təhlükəsizliyimizin daha yüksək səviyyədə təmin edəcəyini, ixraca gedən qazın həcminin ildən-ilə artacağını vurğuladı. İlham Əliyev tapşırdı ki, tezliklə SOCAR öz tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı danışıqlara başlamalıdır. Prezident İlham Əliyevin çıxışından sonra müşavirə müzakirələrlə davam etdi. Müşavirədə öz əksini tapan fikirlər bir daha sübut etdi ki, dövlət başçısının yüksək idarəçilik qabiliyyəti sayəsində konkret zaman kəsiyində qarşıya qoyulan məsələlər öz həllini tapmışdır. Cari ilin qalan hissəsində də ölkəmizdəiqtisadi və sosial inkişafı, Qarabağın bərpasını, nəhəng infrastruktur və nəqliyyat layihələrinin reallaşdırılmasını təmin edən addımlar atılacaq.

Nisə Fərəcova
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti