Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir.

Prezident İlham Əliyevin sərəncamı ilə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. 
I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. 
5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 
2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və  Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili Çaxırlı  Aşağı Maralyan Şəybəy kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edildi. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.
“Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyi haqqında xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. 
Gülnarə Hənifəyeva 
Bakı şəhəri 316 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti