Son 32 ildə ilk dəfə Xocalı soyqırımı qurbanlarının xatirəsi Xocalıda anıldı

Düz 32 il bundan öncə Azərbaycan xalqı 20-ci əsrin ən dəhşətli faciələrindən biri Xocalı soyqırımını yaşadı. Ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər  qoca olmaqla 613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Dünyanın gözü qarşısında baş vermiş qanlı cinayət olan Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Azərbaycan onilliklər ərzində çalışırdı ki, qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versin. Amma bu ədaləti ancaq Azərbaycanın özü təmin etdi. II Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi.
44 günlük Vətən Müharibəsində əldə etdiyimiz böyük Qələbədən sonra Xocalı soyqırımının ildönümü də fərqli şəkildə anılır. 32 ildən sonra Xocalı sakinləri öz doğma yurdunda şəhidlərin xatirəsini yad etdi. Prezident İlham Əliyevin Xocalıda ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüş, burada verilən mesajlar bir daha təsdiqlədi ki, 20 sentyabrdan etibarən Xocalının da artıq yeni parlaq tarixi, yeni inkişaf dövrü başlayıb. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür.
Son 32 ildə ilk dəfə Xocalı soyqırımı qurbanlarının xatirəsi Xocalıda anıldı. Dövlət başçımız Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin təməlini qoydu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Cənab Prezident İlham Əliyev Xocalıda bir daha mesaj verdi ki, yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan üçün yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.
Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Qalib, güclü Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə II Qarabağ müharibəsində və bir günlük antiterror tədbirlərində bütün şəhidlərimizin, günahsız qurbanlarımızın qisasını döyüş meydanında aldı. Azərbaycan isə Ermənistandan fərqli olaraq bu hərbi əməliyyatlarda dinc əhali ilə heç vaxt müharibə aparmayıb.
Hər zaman adı çəkiləndə qəlbimizin göynədiyi Xocalıda artıq  Azərbaycanın üçrəngli bayrağı böyük qürurla dalğalanır. 
Elburus Xəlilov 
Hövsan bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti