Bəşər dünyasının yaranması, inkişaf etməsi,yenilənməsində əsas rolu məhz qadınlar oynayır

Qadınlar həyatın mənası, bəzəyi və gözəlliyidir. Bugün formalaşan cəmiyyət məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur. Hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı var və qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar. Qəhrəman qadın hökmdarlar Tomris, Nüşabə, ilk diplomatlarımız Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultan xanım, təkcə əsərləri ilə deyil, həm də ictimai-siyasi fəaliyyətləri ilə seçilən Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Heyran xanım, Şahnigar xanım, Aşıq Pəri Azərbaycan tarixindəyaddaqalan qadınlardan olmuşlar.
Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. O, istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Ulu Öndər qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi. Qadınlarla bağlı heç bir yığıncaq, iclas, qurultay nəzərindən kənarda qalmırdı. Müstəqilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 
Bütün dünyada qəbul olunmuş faktdır ki, qadınların fikirləri, istəkləri, məsləhətləri nəzərə alınmırsa, həmin dövlətdə, bölgədə, kənddə, ailədə - tərəqqidən, yaşayış səviyyəsinin yüksəlməsindən söz gedə bilməz. Beynəlxalq analitiklər təsdiq edirlər ki, siyasi strukturlarda qadınların təmsil olunma faizi 20 faizdən çoxdursa, həmin dövlətdə, sosial, təhsil və səhiyyə sahələrinin inkişafında real dönüşlər müşahidə edilir
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub.
Müasir dövrümüzdə Azərbaycan qadının ən fəal nümayəndəsi kimi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı örnək göstərmək olar. Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır.
Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur.
Xoşbəxt,dinc və sağlam nəsillər yetişdirməyi qarşısına məqsəd qoyan qadınlar dünən olduğu kimi bu gün də, sabah da cəmiyyətin formalaşmasında ən böyük təsirə malik olacaqlar.

Abulla Məmmədov

Zığ bələdiyyəsinin sədri



Oxşar Xəbərlər

Xəbər lenti