8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Daşıdığı mənaya görə 8 rəqəmlər arasında xüsusi yer tutur. Bu rəqəm zənginlik, rifah, uğur rəmzidir. O özündə sabitlik, etibarlılıq ehtiva edir. Mart ayının adını çəkməsək də, 8 rəqəmi həmişə qadınlarla assosiasiya olunur. Bu rəqəm sanki özündə gözəllik, zəriflik, incəlik və məlahət daşıyır. Həmçinin Beynəlxalq Qadınlar Gününün mart ayına təsadüf etməsi də maraqlıdır. Sanki bahar fəslinin gəlişi ilə Beynəlxalq Qadınlar Gününün eyni ayda olması qadınların bahar kimi təravətli, yaz çiçəkləri kimi gözəl olmasını bir daha təsdiqləyir.
8 Mart gününün tarixi qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardıqları mübarizənin təmsili başlanğıcı olaraq, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz əlaməti olaraq tətil etməsi qəbul edilir. Lakin polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtmışdı. 1910-cu ildə 1857-ci il hadisələrdən 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı bir alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününü Dünya Qadınlar Günü olmasını təklif etmişdi və onun bu təklifi qəbul edilmişdi. BMT də 8 martı beynəlxalq qadınlar günü kimi tanımışdır.İndi isə Türk və Azərbaycan xanımlarının qəhrəmanlığı haqqında məlumat vermək yerinə düşərdi. Bunlardan biri də massaget tayfasının hökmdarı Tomris olmuşdur. Tomris onun yoldaşını və oğlunu öldürən fars mənşəli Əhəmənilər dövlətinin hökmdarı olan Kiri məğlub etmiş, yoldaşının və övladının qisasını almışdır. O, qadın hökmdar olaraq, öz ordusunun başında olmuş və sonuna qədər mərdliklə döyüşmüşdür. Azərbaycanın görkəmli siyasi qadın xadimlərindən biri də Sara xatun olmuşdur. O, Azərbaycanın ilk diplomat qadını sayılan şəxsdir. Ağqoyunlu dövlətinin xarici ölkələrlə diplomatik əlaqələrində Sara Xatunun rolu daha mühüm idi. Uzun Həsən bütün xarici siyasət məsələlərini onunla məsləhətləşər, ən məsul diplomatik danışıqlar üçün onu göndərərdi. Qaffari "Tarixi Cahan Ara" əsərində deyir ki:“Uzun Həsənin anası Sara Xatun olduqca adil, müşfiq və işini bilən bir hakim idi.” O, nəinki xarici ölkələrin ayrı-ayrı diplomatları ilə, həmçinin Teymuri hökmdarı Əbu Səid, Osmanlı imperatoru II Mehmed kimi dövlət başçıları ilə də diplomatik danışıqlar aparmış, Ağqoyunlu dövlətinin xarici siyasi mənafeyini müvəffəqiyyətlə müdafiə etmişdir. Osmanlı imperatoru II Mehmed hətta diplomatik danışıqlar zamanı Sara xatuna “ana” deyərək səslənmişdir. Onu da qeyd etmək istəyirəm ki, Sara xatunun şərəfinə Sara Xatun məscidi ucaldılmışdır. Azərbaycanın tarixi görkəmli şəxsiyyətləri olan Koroğlu, Qaçaq Nəbi kimi igidlərimizin yanında və arxasında hər zaman onlar kimi qoçaq və igid olan qadınları olmuşdur. Koroğlunun Nigarı, Qaçaq Nəbinin isə Həcəri ən çətin gündə belə, hətta döyüşdə belə onları tək buraxmamışdırlar. Bu da Azərbaycan qadınlarının qorxmazlığının, mərdliyinin, cəsurluğunun və sadiqliyinin göstəricisidir.
Azərbaycan tarixi qəhrəmanlarından olan Koroğlu hər daim Nigarın sözlərini dinləmiş, hər hansı bir qərar verməzdən əvvəl onun ilə məşləhətləşmişdir. Bu da Azərbaycan kişisinin öz qadınına necə dəyər verdiyinin nümunəsidir. “Kitabi-Dədə Qorqud” dastanında da daim qadın yüksək qiymətləndirilmiş, “Ana haqqı-tanrı haqqı”kimi dəyərləndirilmişdir.Azərbaycan ədəbiyyatında qədim dövrlərdən müasir dövrə qədər daim qadın azadlığı, qadının cəmiyyətdə rolu, tez ərə verilməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması məsələlərinə toxunulmuş, qadınların hüquqları müdafiə olunmuşdur. Bu problemlər N.Gəncəvinin, M. Füzulinin, M.F.Axundzadənin, C. Məmmədquluzadənin, C.Cabbarlının, H.Cavidin və s. yaradıcılığında daim öz əksini tapmışdır. Qeyd edək ki, C.Cabbarlının “Sevil” əsəri əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs etməsi ilə ən çox sevilən əsərlərdən olmuşdur.
Müsəlman Şərqində yaranmış ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətində də qadınların hüquqlarının müdafiəsi və qorunması daim diqqət mərkəzində olmuşdur. Bunun ən bariz nümunəsi Azərbaycan Xalq Cümhuriyyətinin banisi və qurucusu M.Ə. Rəsulzadənin bu sözləri olmuşdur: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai - siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir. 1919-cu il iyulun 21-də qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz təsdiqini tapdı. 1918-1920-ci illərdə qadın hərəkatının güclənməsi daha ardıcıl qadın mətbuatının yaranmasını zəruri etdi.Dövrün ictimai, siyasi, publisistik və digər sahələrində ad qazanmış məhşur ziyalı xanımları – Şəfiqə xanım Əfəndizadə, Nigar xanım Şıxlinskaya, Xədicə Ağayeva, Sara Talışinskaya, Badusəba Köçərli, Fatma Topçubaşova, Mədinə xanım Qiyasbəyli, İsmət Aşurbəyova, Pəri Topçubaşova, Sürəyya Axundova, Hənifə Zərdabi, Liza xanım Muxtarova, Əminə xanım Ağayeva, Mina xanım Aslanova, Nigar xanım Vəlibəyova, Gövhər xanım Vəlibəyova, Gövhər xanım Qayıbova və digərləri öz adlarını tarixə yazdırmışdır.Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi. Bir sözlə, türkçülükdən mərdlik, ərənlik, İslamdan müqəddəslik almış müsəlman qadını Azərbaycan Xalq Cümhuriyyəti dövründə haqqı olan siyasi hüquqlara qovuşmuş oldu.Müstəqilliyimizin bərpasından sonrakı dövrdə də qadınların hüquqlarının qorunması mövzusu daim gündəmdə olmuşdur. Buna sübut Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin bu sözləridir: “Cəmiyyətdə daim qadınların üzərinə çox ağır vəzifələr düşür və onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də aparıcı rol oynayırlar.” 28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Bu, vətəndaşların hüquqlarının müdafəsi sahəsində atılmış mühüm addımlardan biri idi. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunlar qəbul etməsi, fərman və sərəncamlar imzalaması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olmasını reallaşdırmasındakı rolu danılmazdır. Azərbaycan qadınları cəmiyyətin inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi , humanist Azərbaycan qadını obrazı təqdim olunur.
Onu da qeyd etmək istəyirəm ki, I və II Qarabağ müharibələrində öz qəhrəmanlığı ilə seçilən qadın qəhrəmanlarımız olmuşdur. Buna nümunə kimi Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərovanı və şəhid Arəstə Baxışovanı göstərmək olar. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 294 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Arəstə Baxışova isə 44 günlük Vətən müharibəsinin yeganə xanım şəhidi, tibbi işçisi olmuşdur. Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Bir sözlə, Azərbaycan daim qadınlara yüksək qiymət vermiş və qadının rolunu cəmiyyətin inkişafı üçün çox vacib hesab etmişdir. Z.Tağıyevin dediyi kimi “Bir kişinin təhsil alması, yalnız savadlı bir insanın olması deməkdir. Amma bir qadının təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir. Savadlı anaların isə gələcəkdə düzgün cəmiyyətin qurulmasında əhəmiyyəti böyükdür”
Ceyran NovruzovaSuraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info