26 İyun - Rəsmi dövlət bayramı

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. O,1970-ci illərdə ölkədə müasir ordu quruculuğuna başlanğıc verərək, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına və peşəkar zabit kadrlarının hazırlanmasına xüsusi diqqət yetirmişdir. Müstəqilliyin ilk illərində xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev  nizami ordu quruculuğu prosesinə start verdi.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. 1998-ci il 22 may tarixində Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanla 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi. Bu qərar ordu quruculuğunun dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqlədi. 
Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı nəticəsində Azərbaycan hərbçiləri müxtəlif proqramlarda iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Ulu Öndər Heydər Əliyev deyirdi: “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır”.
Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz bunun  sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Aprel döyüşləri, Günnüt zəfəri, Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqləmişdir ki, ordumuz güclüdür, verilən əmrləri yerinə yetirməyə qadirdir. Ordumuz 44 günlük Vətən müharibəsində də düşmən üzərində parlaq qələbə qazanaraq mühüm tarixi nailiyyətə imza atdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. 
Prezident müsahibə və çıxışlarında Silahlı Qüvvələrin ölkənin suverenliyinin, ərazi bütövlüyünün qorunmasında əsas dayağı olduğunu daima vurğulayır, texniki imkanlarının artırılması, yeni silah və hərbi texnikanın alınması, hərbi təlimlərin səviyyəsinin yüksəldilməsi barədə danışır. Qeyd edir ki, biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
26 iyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi hər il ölkəmizdə hərbi qüvvələrimizin gücünü, qəhrəmanlığını və dövlətçiliyimizin qorunmasında oynadığı mühüm rolunun təntənəli şəkildə qeyd olunduğu əlamətdar gündür.
Prezident cənab İlham Əliyev hər il bu əlamətdar gün münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edir, ordu quruculuğu sahəsində görülən işləri vurğulayır və Azərbaycan Ordusunun regionda ən güclü ordulardan biri olduğunu bildirir. Xüsusilə 2020-ci il İkinci Qarabağ Müharibəsindən sonra bu gün daha qürurla qeyd olunur, çünki Azərbaycan Ordusu torpaqların azad olunmasında mühüm rol oynayıb.
Fidan Mehdiyeva
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.ınfo



Oxşar Xəbərlər

Xəbər lenti