18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Hər bir xalqın, millətin taleyində mühüm yer tutan hadisə azadlığa qovuşmaq və müstəqil dövlətçiliyə sahib olmaqdır. Şübhəsiz, bu yol çox çətin və məsuliyyətli bir yoldur. Öz azadlığı uğrunda son anadək mübarizə aparan millət xoşbəxtdir. Məhz Azərbaycan xalqı da tarix boyu belə mübarizələrdən keçib, azadlığa aparan yolda mürəkkəb şəraitlərdən çəkinməyib.
Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.
Peşəkar milli ordunun yaradılmasına ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən sonra - 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılıb, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilib. Həmin il oktyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilib. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilib.
Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi prosesinə isə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra başlanılıb. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılıb, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirilib. Ulu Öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ olub.
Dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə silahlı qüvvələrimiz dünyanın ən müasir silah-sursatları, hərbi-texnoloji avadanlıqları ilə təmin olunub, şəxsi heyətin döyüş ruhu dəfələrlə yüksəldilib. Ölkə Prezidenti cənab İlham Əliyev demişdi: “Ulu Öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda, doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üç rəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi - böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi”.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
Rəşadətli Azərbaycan Ordusu ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilin işğalına son qoydu, ərazi bütövlüyümüzü təmin etdi, Ermənistanı diz çökdürdü. Bu gün xalqımızın böyük qürurla ziyarət etdiyi, dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qəhrəmanlığının, şücaətinin təqdimatıdır. Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının istər Zəfər Paradında, istərsə də Hərbi Qənimətlər Parkında nümayişi işğalçı dövlətin illərdir yaratdığı “yenilməz erməni ordusu” mifinin dağıldığının nümayişidir.
Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etmiş və düşmən üzərində tarixi zəfər çalmışdır. Cənab Prezidentin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Qətiyyətli Lider, müzəffər ordu və yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaradır.
Gülnar Mürsəlova
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin coğrafiya müəllimi
Sozcu.info