Bu gün, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
2023-cü ilin 19 sentyabrı Azərbaycan tarixində xüsusi yeri olan günlərdən biridir. Həmin gün Qarabağ iqtisadi rayonunda yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribatlar və terror aktları ölkəmizi qəti tədbirlər görməyə məcbur etdi. Əhmədbəyli–Füzuli–Şuşa yolunda baş verən mina partlayışında mülki şəxslərin və hərbi qulluqçuların həlak olması, eyni zamanda ordumuzun mövqelərinin atəşə tutulması vəziyyəti daha da gərginləşdirdi. Bu hadisələr lokal xarakterli antiterror əməliyyatının başlanmasına səbəb oldu.
Əməliyyatın əsas məqsədi bölgədə hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, separatçı qurumun fəaliyyətinə son qoyulması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun tam bərpası idi.
İkinci Qarabağ müharibəsindən sonra imzalanmış 10 noyabr 2020-ci il bəyanatına əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməli idi. Lakin üç il ərzində bu öhdəlik yerinə yetirilmədi. Əksinə, Qarabağda yeni istehkamlar quruldu, yüzlərlə texnika yerləşdirildi və qanunsuz hərbi dəstələrin sayı artırıldı. Bu dövrdə Azərbaycan dəfələrlə xəbərdarlıqlar etdi, sülh çağırışları irəli sürdü, danışıqlara dəvət etdi. Lakin separatçı rejim öz mövqeyindən geri çəkilmədi və nəticədə yeni toqquşmalar qaçılmaz oldu.
Azərbaycan Ordusu qısa müddətdə strateji əhəmiyyətli mövqeləri nəzarət altına aldı. Düşmənin illərlə möhkəmləndirdiyi istehkamları dəqiq zərbələrlə sıradan çıxarıldı. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizləndi və tam nəzarətə götürüldü. Ermənistan silahlı birləşmələri müqavimət göstərə bilməyərək silahı yerə qoydu. Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi və 20 sentyabrda atəşkəs imzalandı.
Əməliyyat zamanı mülki əhalinin qorunması əsas şərtlərdən biri idi. Qarabağda yaşayan erməni sakinlərə SMS və səsgücləndirici vasitələrlə xəbərdarlıqlar edildi, hərbi obyektlərdən uzaq durmaları istəndi. Qadınların, uşaqların, qocaların və xəstələrin təhlükəsizliyi təmin olundu, tibbi və humanitar yardımlar göstərildi. Bu, Azərbaycanın humanist mövqeyinin və beynəlxalq hüquqa sadiqliyinin göstəricisi idi.
Əməliyyat separatçı qurumun sonunu gətirdi. 28 sentyabrda qondarma rejimin rəhbəri onun ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, Qarabağda mövcud olan qanunsuz hakimiyyət strukturları fəaliyyətini dayandırdı. 2023-cü il oktyabrın 15-də Prezident cənab İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağını ucaldaraq Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu bəyan etdi.
Bir il sonra isə həmin tarixin əhəmiyyəti nəzərə alınaraq Prezidentin sərəncamı ilə Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi. Bu qərar 19 sentyabrın xalqımızın yaddaşında suverenliyin bərpası günü kimi əbədiləşdirilməsinə xidmət etdi.
19–20 sentyabr antiterror əməliyyatı yalnız hərbi əməliyyat deyildi. Bu hadisə Azərbaycanın siyasi iradəsinin ifadəsi, separatizmə son qoyulması və ərazi bütövlüyünün tam təmin edilməsi idi. Yalnız bir sutka davam edən əməliyyat nəticəsində Azərbaycan öz dövlət suverenliyini bərpa etdi, Qarabağda yeni reallıqlar yaratdı və gələcək reinteqrasiyanın əsasını qoydu.
Hacıbala Abdulla
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info