17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
27 Sentyabr Azərbaycan tarixində Anım Günü kimi qeyd olunur. Bu gün şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın və hörmətin təcəssümüdür. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin başlanğıcı məhz bu günlə bağlıdır.
Anım Günü gənc nəslin milli ruhda, vətənpərvərlik dəyərləri əsasında böyüməsində mühüm əhəmiyyət kəsb edir. Hər il qeyd olunması isə gəncləri qəhrəman şəhidlərimizin yolunu davam etdirməyə, dövlətçiliyə sədaqətli olmağa səsləyir. Hər bir azərbaycanlı üçün 27 Sentyabr yaddaş, qürur və Vətən sevgisi günüdür.
Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamda vurğulanır:
“Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.”
Azərbaycan tarixində ermənilərin işğalçılıq, separatçılıq və təxribat siyasəti uzun illər mühüm problemlərdən biri olmuşdur. XIX əsrdən etibarən Cənubi Qafqaza köçürülən ermənilər XX əsrin sonlarında açıq müharibə və işğal siyasəti yürütmüş, soyqırımı və deportasiyalarla xalqımızın yaddaşına qanlı səhifələr yazmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Dövlət–Xalq–Ordu birliyi nəticəsində qısa müddətdə böyük uğurlar əldə edildi və əzəli torpaqlarımız işğaldan azad olundu.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirə bilməyən düşmən mülki əhalini hədəfə almaqla müharibə cinayətləri törətdi. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid oldu, yüzlərlə hərbi qulluqçu itkin düşdü, minlərlə əsgər və zabit yaralanaraq sağlamlığını itirdi. Bununla belə, xalqımızın iradəsi, əzmi və birliyi düşmənə sarsıdıcı zərbələr endirdi.
Müharibənin başlanğıcı 27 Sentyabra təsadüf edirdisə, onun zirvəsi 8 Noyabrda – Şuşanın azad edilməsi ilə tarixləşdi. Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu Zəfər Azərbaycanın qəhrəmanlıq salnaməsinə əbədi həkk olundu. 10 noyabrda imzalanan üçtərəfli bəyanatla isə işğala son qoyuldu və yeni geosiyasi reallıqlar yarandı.
Bu gün Azərbaycan xalqı, eləcə də bütün dünya azərbaycanlıları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Arzu Aslanova
Zığ bələdiyyəsinin sədri
Sozcu.info