20 Oktyabr – Zəngilan şəhəri günü ilə əlaqədar

20 oktyabr Azərbaycan xalqı üçün xüsusi bir gündür. 2020-ci ilin məhz bu tarixində Zəngilan şəhəri və rayonun əhəmiyyətli hissəsi Vətən müharibəsi zamanı işğaldan azad edildi. Bu gün  həm Zəngilanın zəngin tarixi keçmişinin, həm də müasir dövrdə yenidən doğuluşunun simvoluna çevrilib. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr “Zəngilan şəhəri günü” kimi qeyd olunur.

         1993-cü ildə Ermənistan silahlı qüvvələri Füzuli və Cəbrayılı işğal etdikdən sonra Zəngilan tam mühasirədə qaldı. 67 gün qəhrəmanlıqla müqavimət göstərən zəngilanlılar 235 şəhid verərək Araz çayını keçməklə ərazini tərk etmək məcburiyyətində qaldılar. Rayon 27 il müddətində işğal altında qaldı. Bu dövrdə bütün yaşayış məntəqələri, məktəblər, dini və tarixi abidələr, məscidlər, türbələr və qəbiristanlıqlar erməni vandalizminə məruz qaldı. 

         27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri və onun ətraf əraziləri azad edildi. Prezident cənab  İlham Əliyev bu tarixi xəbəri xalqa müraciətində elan etdi. Beləliklə, Azərbaycanın 132 kilometrlik İranla sərhədi tam bərpa olundu.

Bu qəhrəmanlıq salnaməsini yazan minlərlə əsgər “Zəngilanın azad olunmasına görə” medalı iləm təltif edildi. 

         Zəngilan azad olunduqdan dərhal sonra burada genişmiqyaslı bərpa və quruculuq işləri başlandı. İlk pilot layihə – Ağalı “Ağıllı kənd” layihəsi məhz burada həyata keçirildi. Bu kənd dünyanın ən müasir ekoloji və texnoloji həllərinə əsaslanaraq inşa olunub. Enerji səmərəliliyi, günəş panelləri, Arximed turbini tipli mini su elektrik stansiyası, “yaşıl” texnologiyalar və müasir internet infrastrukturu ilə Ağalı kəndi yeni Zəngilanın simvoluna çevrilib.

        Azərbaycan hökumətinin “Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə ailə doğma torpaqlarına qayıdıb. Onlar üçün yaşayış evləri, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, “ASAN” və “DOST” xidmətləri yaradılıb. 

        Zəngilan təkcə Qarabağın deyil, həm də regionun mühüm nəqliyyat qovşağı rolunu oynayır. Burada inşa olunan Zəngilan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri qəbul etmək gücündədir və regionun hava nəqliyyatı şəbəkəsində strateji mövqeyə malikdir.

         Bundan əlavə, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Zəngilan–Horadiz avtomobil yolu Zəngəzur dəhlizinin əsas hissəsini təşkil edir və Naxçıvanla birbaşa əlaqə üçün zəmin yaradır. 

         İşğal zamanı dağıdılmış Zəngilan məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa edilmişdir. Eyni zamanda, ərazidəki türbələr, pirlər, sərdabələr və körpülər də tarixi görkəmlərinə qaytarılır. Zəngilanın turizm potensialının artırılması məqsədilə 2024-cü ildə “Ağalı” oteli istifadəyə verilib.

        Zəngilanda həyata keçirilən “Dost Aqropark” layihəsi Azərbaycan və Türkiyə əməkdaşlığının bariz nümunəsidir. Layihə tam başa çatdıqda 6 min hektar ərazidə kənd təsərrüfatı istehsalı, heyvandarlıq, toxumçuluq və emal müəssisələri fəaliyyət göstərəcək, minlərlə yeni iş yeri yaradılacaq.

        Zəngilan tarixi, mədəniyyəti, təbiəti və qəhrəman xalqı ilə Azərbaycanın yenidən doğulan bölgələrindən biridir. Bu torpaqların hər qarışı azadlıq, zəhmət və inamla yoğrulub. 20 oktyabr – Zəngilan şəhəri günü təkcə bir rayonun deyil, bütöv Azərbaycanın qələbə, dirçəliş və birliyinin rəmzidir

Yusif İbrahimov

Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti