Heydər Əliyev İrsi və Üçrəngli Bayrağın Tarixi Qayıdışı

Azərbaycan Respublikasının Dövlət Bayrağı bizim üçün xalqımızın çətin, lakin şərəfli yolunu, azadlıq uğrunda mübarizəsini özündə əks etdirən müqəddəs bir nişanədir. Bayrağımızın qayıdış tarixi isə birbaşa Ümummilli Lider Heydər Əliyevin adı və uzaqgörən siyasəti ilə sıx bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş bu bayraq, Sovet imperiyası dövründə qadağan edilmişdi. Onun yenidən dövlət simvolu olaraq qəbul edilməsi, məhz Heydər Əliyevin tarixi qətiyyəti sayəsində mümkün oldu.

Ulu Öndər Heydər Əliyev, 90-cı illərin əvvəllərində, ölkənin müstəqilliyə gedən keşməkeşli yolunda xalqımızın milli dövlətçilik ənənələrini bərpa etmək istiqamətində misilsiz bir addım atdı.

Bayrağımızın tarixi qayıdışında həlledici an 1990-cı il noyabrın 17-də baş verdi. Həmin vaxt hələ ölkədə Sovet hakimiyyəti mövcud idi və Kommunist Partiyasının hökmranlığı davam edirdi. Buna baxmayaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi.

Ulu Öndər o tarixi qərarı belə xatırlayırdı: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq... Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.

Bu, təkcə Naxçıvan üçün deyil, bütün Azərbaycan üçün müstəqilliyə doğru atılan cəsarətli və prinsipial ilk addım idi. Həmin sessiyada, həm də Naxçıvan MR Ali Sovetinin adından “Sovet Sosialist” sözləri çıxarıldı, bununla da milli dövlətçilik ideyasına sadiqlik nümayiş etdirildi.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu tarixi qərarla kifayətlənmədi. Heydər Əliyevin uzaqgörən siyasi strategiyasının davamı olaraq, Naxçıvan Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

Ulu Öndər özü də bu addımın respublikanın gələcəyinə təsirini yüksək qiymətləndirirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı”.

Nəticədə, 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə başlayan qurtuluş missiyası bütün Azərbaycanı əhatə etdi.

Dövlət Bayrağının rəsmiləşdirilməsi prosesinin məntiqi nəticəsi, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı oldu. Bu Akt ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdi. Bu, Azərbaycanın dövlətçilik tarixinin fasiləsizliyinin təsdiqi idi və Ulu Öndərin siyasi dahiliyinin bəhrəsi idi.

Prezident İlham Əliyev, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olaraq, bayrağa və dövlət rəmzlərinə ehtiramı dövlət siyasətinin əsas prioritetlərindən biri etmişdir. Məhz onun 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə rəsmi şəkildə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Bakıda Dövlət Bayrağı Meydanının yaradılması (2007) və onun 2010-cu ildə açılışı isə bu rəmzə verilən ən böyük dəyərin təzahürü oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir”. Bu sözlər, bayrağın yalnız tarixi bir yadigarı deyil, həm də müasir dövlətin nəfəsini, qüdrətini təcəssüm etdirdiyini göstərir.

Təhsil işçisi olaraq, biz gənc nəslə bu şanlı tarixi – Heydər Əliyevin milli dövlətçilik ənənələrinin inkişafına xidmət edən, böyük risklərə baxmayaraq atdığı qətiyyətli addımı tədris etməliyik. Azərbaycan bayrağının Heydər Əliyev irsinin əbədi varisliyinin ən parlaq təcəssümü olduğunu onlara aşılamaq bizim müqəddəs borcumuzdur. Bu gün dalğalanan üçrəngli bayraq, Ulu Öndərin Vətənə və millətə olan sonsuz sevgisinin əbədi nişanəsidir. Bu şanlı bayraq altında Azərbaycanın daha böyük qələbələr qazanacağına tam əminik.


Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru Yasin Quliyev

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti