11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Hər bir millətin mənəvi təməli onun qanunlarında, dövlətçilik ənənələrində və bu ənənələrin ən uca ifadəsi olan Konstitusiyada öz əksini tapır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası bizim müasir dövlət quruculuğumuzun sarsılmaz təməl daşıdır. Bu sənəd sadəcə hüquqi normalar toplusu deyil, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik irsinə və azadlıq idealına sədaqətinin əbədi simvoludur. Biz müəllimlər üçün Konstitusiya, keçmişdən gələcəyə uzanan bir körpü, milli kimliyimizin qoruyucusu deməkdir.
Azərbaycanın Konstitusiya quruluşunun tarixi mürəkkəb, lakin inkişafa doğru gedən bir yol qət etmişdir. 1921, 1925, 1978-ci illərdə qəbul edilmiş konstitusiyalar, təəssüf ki, müstəqil iradəmizi deyil, Sovet imperiyasının məhdudiyyətlərini əks etdirirdi. Lakin 1995-ci il Konstitusiyası məhz Ulu Öndər Heydər Əliyevin birbaşa rəhbərliyi və uzaqgörənliyi ilə hazırlandı. O, siyasi və hüquqi müstəqilliyimizi qoruyacaq, gələcək nəsillərə ötürüləcək möhkəm bir bünövrə atdı. Ulu Öndər vurğulayırdı ki, qəbul ediləcək Konstitusiya "müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olmalıdır". Bu irs bu gün də gənc nəslin tərbiyəsində əsas dayaq nöqtəsidir, onlara dövlətçilik idealını aşılayan dərs vəsaitidir.
Bu tarixi zərurəti və dövlətin suverenliyinin ali dəyər olduğunu dərindən hiss edən Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mənə bir təhsil işçisi kimi böyük qürur verir. Bu, Konstitusiyamızın 30 illik yubileyi və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünün qeyd edilməsi deməkdir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Konstitusiya islahatları dövlətçiliyimizin daha da möhkəmlənməsinə, hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsinə xidmət edir.
Ən əsası, 2020-ci ildə cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə suverenliyimizin tam bərpası sayəsində yurdlarından didərgin düşmüş milyonlarla soydaşımızın pozulmuş konstitusion hüquqları bərpa edildi. Konstitusiyamızın birinci maddəsi dövlət hakimiyyətinin mənbəyinin xalq olduğunu bəyan edir. Bu Qələbə xalqın öz iradəsini və suverenliyini necə əzmlə müdafiə etdiyinin ən parlaq nümunəsidir. Prezident İlham Əliyev bu tarixi missiyanı şərəflə yerinə yetirmiş, Konstitusiyanın aliliyini döyüş meydanında sübut etmişdir.
Birinci vitse-prezident Mehriban Əliyeva xanımın fəaliyyəti də bu təməllərə – Konstitusiyanın humanist prinsiplərinə söykənir. Onun Heydər Əliyev Fondu vasitəsilə təhsilə, mədəniyyətə, tarixi-mədəni irsin qorunmasına və xüsusilə sosial problemlərin həllinə yönələn layihələri əslində Konstitusiyamızın insan və vətəndaş hüquqları ilə bağlı bəyan etdiyi prinsiplərin real həyatda təcəssümüdür. Məsələn, işğaldan azad edilmiş ərazilərdə tarixi abidələrin bərpası işləri Konstitusiyanın mədəniyyət hüququnun həyata keçirilməsinə və tarixi yaddaşın qorunmasına xidmət edir.
Biz, təhsil işçiləri, bu ilin Konstitusiya və Suverenlik İli elan edilməsindən maksimum istifadə edərək, məktəblilərimizə Konstitusiyanın yalnız hüquqi deyil, həm də mənəvi-tarixi mahiyyətini aşılamağı borc bilirik. Onlara Vətəni sevməyi, qanunlara hörmət etməyi, dövlətçilik ideologiyasına sadiq olmağı öyrədirik. Konstitusiya Günü bizim gələcək nəsillərə ötürəcəyimiz ən qiymətli irs və müstəqilliyimizin ən böyük qarantıdır.
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru Kərəm Mehdiyev
Sozcu.nfo