Elm və Təhsil Konstitusiyanın Dəyişməz Dəyəri Kimi: İnkişafın Əsas Sütunu və Suverenliyin Təminatı

Dövlətin inkişafı, onun beynəlxalq arenada rəqabətədavamlılığı təhsilin və elmin səviyyəsi ilə birbaşa bağlıdır. Bu həqiqət Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapır. Konstitusiyamızın təhsil, elm və mədəniyyət haqqında bəyan etdiyi prinsiplər, xüsusilə təhsil almaq hüququ (Maddə 42) və yaradıcılıq azadlığı (Maddə 50) hər bir vətəndaşın gələcəyə inamla baxmasının təminatıdır. Bir müəllim kimi inanıram ki, bu hüququn təminatı, o cümlədən savadlı, bilikli və rəqabətədavamlı kadrların hazırlanması dövlətin suverenliyinin və iqtisadi müstəqilliyinin möhkəmlənməsinə xidmət edir. Müasir dövrdə biliyin gücü silahın gücündən heç də az deyil.

Ulu Öndər Heydər Əliyev hər zaman təhsilin və elmi inkişafın vacibliyini vurğulayırdı. Onun müəyyən etdiyi dövlət siyasətinin əsasında dayanan insan kapitalının inkişafı prinsipi bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək səviyyədə davam etdirilir. Prezident cənab İlham Əliyevin sərəncamları və dövlət proqramları ilə təhsil infrastrukturunun müasirləşdirilməsi, yeni məktəb binalarının tikintisi, İKT-nin tətbiqi, kadr hazırlığının dünya standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlar Konstitusiyanın tələblərini uğurla həyata keçirir. Təhsilə edilən investisiya, əslində, gələcək suverenliyimizə, informasiya cəmiyyətinə keçidimizə və elmi-texniki tərəqqimizə yatırılan ən etibarlı sərmayədir. Cənab Prezidentin vurğuladığı kimi, biliyi və bacarığı olan hər bir azərbaycanlı Konstitusiya ilə zəmanət altına alınmış ədalətli cəmiyyətin qurulmasına öz töhfəsini verə bilər.

İşğaldan azad edilmiş ərazilərdə tikilən və təhvil verilən müasir məktəb binaları isə işğaldan azad olunmuş ərazilərin bərpası fonunda Konstitusiya prinsiplərinin əyani təcəssümüdür. Uşaqların o torpaqlarda yenidən məktəbə başlaması, təhsil almaq hüququnun bərpası Prezident İlham Əliyevin suverenlik siyasətinin ən humanist nəticələrindəndir. Bu Zəfər sayəsində Konstitusiyanın hökmü bütün ölkə ərazisində bərqərar oldu.

Birinci vitse-prezident Mehriban Əliyevanın Heydər Əliyev Fondu çərçivəsində reallaşdırdığı "Yeniləşən Azərbaycana Yeni Məktəb" layihəsi yüzlərlə məktəbin tikintisi və təmiri ilə təhsilin keyfiyyətinin yüksəldilməsində əvəzsiz rol oynayıb. Onun fəaliyyəti, elm və mədəniyyətin inkişafına verdiyi töhfələr Konstitusiyanın təmin etdiyi hüquqların cəmiyyətdə real qarşılığını tapmasına zəmin yaradır. Xanım Mehriban Əliyevanın təhsilə və elmə dəstəyi cəmiyyətdə intellektual potensialın inkişafına bir çağırışdır.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bir daha təsdiqləyir ki, bizim təhsilimiz, elmimiz məhz müstəqil, suveren dövlətin təməli, onun gələcəyə atılan ən qətiyyətli addımıdır. Biz müəllimlər olaraq, cənab Prezidentin yürütdüyü bu uzaqgörən siyasəti dəstəkləyir və ölkəmizin elmi-texniki inkişafı üçün bütün gücümüzlə çalışırıq.


Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktoru Arzu Məmmədova

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti