Dövlətçilik iradəsinin təntənəsi və tarixi ədalətin bərpası

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün Azərbaycan xalqının milli qürurunun, dövlətimizin iradəsinin, Silahlı Qüvvələrimizin gücünün, həmçinin tarixi ədalətin bərpasının rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri bu qələbənin mahiyyətini ifadə edir: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”


1988-ci ildən başlayaraq Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın şəhər və kəndləri dağıdılmış, mədəni irs talan edilmiş, bir milyondan çox soydaşımız doğma yurdlarından didərgin düşmüşdür. İşğal illəri təkcə torpaqların deyil, insanların talelərinin, evlərinin, xatirələrinin də darmadağın edildiyi dövr oldu. Azərbaycan üçün bu dönəmdə ən böyük strateji məqsəd Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Dövlətin bütün planları, bütün qərarları bu hədəfə doğru yönəlmişdi.


Bu illər ərzində ölkədə güclü iqtisadi əsaslar formalaşdırıldı. Azərbaycan regional və qlobal layihələrdə aparıcı rol oynadı, enerji və nəqliyyat xəritəsini dəyişdi. Ermənistan isə bütün regional proseslərdən təcrid olundu. Azərbaycanın iqtisadi müstəqilliyi siyasi müstəqilliyini daha da gücləndirdi və dövlətə öz mənfəətləri çərçivəsində sərbəst qərar vermək imkanı yaratdı.


Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü ordu quruculuğu həyata keçirildi. Silahlı Qüvvələr müasir silah və texnika ilə təchiz edildi, hərbi sənaye kompleksi yaradıldı və Azərbaycan artıq hərbi məhsullar istehsal edən ölkəyə çevrildi. Bu proseslər beynəlxalq güclərin təsirindən asılılıq riskini azaldaraq ölkəmizin müdafiə qabiliyyətini daha da möhkəmləndirdi. Azərbaycan masada prinsipiallıq göstərdiyi kimi, meydanda da güc nümayiş etdirməyə hazır idi.


Diplomatik sahədə də Azərbaycan ardıcıl və məqsədyönlü fəaliyyət göstərdi. BMT, Avropa Parlamenti, Türk Dövlətləri Təşkilatı və bir çox beynəlxalq qurumların sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınmışdı. Lakin ATƏT-in Minsk qrupu 29 il ərzində münaqişənin həllinə deyil, onun dondurulmasına çalışdı. Bu səbəbdən Azərbaycan öz haqqını döyüş meydanında bərpa etmək qərarına gəldi.


2020-ci il 27 sentyabrda Ermənistanın təxribatları Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə nəticələndi. Ali Baş Komandanın verdiyi “İrəli!” əmri 30 illik həsrətin sonu və Qələbənin başlanğıcı oldu. “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi” – deyə Prezident İlham Əliyevin sözləri həmin dövrün xalq ruhunu əks etdirir.


Azərbaycan əsgəri və zabiti “Dəmir yumruq” əməliyyatı çərçivəsində misilsiz qəhrəmanlıq göstərdi. Hər gün yeni yaşayış məntəqələri azad edildi, hər gün Azərbaycan bayrağı yeni yüksəkliklərdə dalğalandı. Noyabrın 9-da Şuşanın azad edilməsi qələbənin rəmzinə çevrildi. Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu və Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təhvil verdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.


Bu qələbənin ən təsirli tərəfi xalq və dövlət birliyinin möhtəşəm təzahürü idi. Orduda bir dənə də fərari olmadı, əksinə, yaralılar döyüş meydanına qayıtmaq üçün çalışırdılar. Xalq-ordu birliyi Zəfərin əsas amillərindən biri oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız informasiya müharibəsində fəal iştirak etdi, erməni lobbilərinin təxribatlarına layiqli cavab verdi.


Türkiyənin siyasi və mənəvi dəstəyi də Azərbaycan üçün böyük güc mənbəyi idi. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən səsləndirilən “Azərbaycan tək deyil” mesajı qardaşlıq birliyinin ən ali ifadəsinə çevrildi. Daha sonra Şuşa Bəyannaməsinin imzalanması ilə iki dövlətin müttəfiqlik münasibətləri rəsmiləşdi.


Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən nüfuzlu media qurumlarına verdiyi müsahibələrlə informasiya savaşı cəbhəsində də Qələbə qazandı. Onun qətiyyətli mövqeyi, dəqiq faktlara əsaslanan çıxışları beynəlxalq ictimaiyyətin münaqişəyə münasibətini dəyişdi. Prezidentin nitqləri xalqın iradəsini, qürurunu ifadə edirdi və bugün də hafizələrdə yaşayır.


Bu Qələbə hərb meydanında əldə olunsa da, illərlə qurulan siyasi, iqtisadi və diplomatik strategiyanın nəticəsi idi. Bu Qələbə Azərbaycan xalqının birliyinin, gücünün və yenilməzliyinin əyani sübutudur.

Fatma Xıdırlı

Beyləqan RİH başçısı aparatının baş məsləhətçisi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti