Vətən sevgisi ilə yoğrulmuş bir ömür – Şəhid Rəvan Əliyev -Fotolar

Vətən sevgisi insanın ruhunda uşaq yaşlarından formalaşır, zaman keçdikcə möhkəmlənir və bəzən ən ali zirvəyə – şəhidlik məqamına yüksəlir. 44 günlük Vətən müharibəsində canından keçərək adını tarixə yazdıran igidlərimizdən biri də Rəvan Əliyevdir. Onun qısa, lakin şərəfli ömrü və qəhrəmanlıq yolu gənc nəslə örnəkdir.

Rəvan Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik illəri isə Quba şəhərində keçib. 2007-ci ildə Quba şəhəri Zaur Cəfərov adına 3 saylı tam orta məktəbin birinci sinfinə daxil olub.

Kiçik yaşlarından incəsənətə maraq göstərən Rəvan Quba incəsənət məktəbində tar ixtisası üzrə təhsil alıb, fortepiano dərslərində də fəallığı ilə seçilib. Musiqiyə həvəsi ilə yanaşı, şeir və mahnılar yazırdı. Onun dünyası yalnız sənətlə məhdudlaşmırdı – idmana, xüsusilə futbola böyük maraq göstərirdi. Futboldakı uğurlarına görə “Fəxri fərman”la təltif olunmuşdu.

Rəvanın ən böyük arzularından biri sevdiyi FC Barcelona klubunun oyunlarını canlı izləmək idi. Bu arzu onun həyata bağlılığının, gənclik enerjisinin bir parçası idi.

2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olunan Rəvan təhsilini başa vurduqdan sonra 5 iyul 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. O, Yevlaxda yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Çevik Hərəkət Qüvvələrinin hərbi hissəsində xidmət edib.

Hərbi xidmətdə nizam-intizamı, cəsarəti və döyüş yoldaşlarına sədaqəti ilə seçilən Rəvan qısa müddətdə komandirlərinin və silahdaşlarının hörmətini qazanıb. Onun məsuliyyətli və vətənpərvər xarakteri hər kəs tərəfindən yüksək qiymətləndirilib.

2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin ilk günlərindən Rəvan döyüşlərə qatılıb. Ağdam, Füzuli və Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə igidliklə vuruşub. Daha sonra Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda aparılan əməliyyatlarda iştirak edib.

Ağbənd istiqamətində gedən döyüşlər zamanı Rəvan və silahdaşları pusquya düşsələr də, o, son nəfəsinə qədər vuruşaraq döyüş yoldaşlarının pusqudan çıxmasına şərait yaradıb. Onun göstərdiyi şücaət nəticəsində onlarla hərbçinin həyatı xilas edilib.

22 oktyabr 2020-ci ildə Rəvan Əliyev qəhrəmancasına şəhid olub və şəhidlik zirvəsinə ucalıb.

Şəhidin adı bu gün müxtəlif məkanlarda əbədiləşdirilib:

Zəngilanın Ağbənd qəsəbəsində bir posta onun adı verilib

Sərhəd qoşunlarının qərargahlarından biri onun adını daşıyır

Zəngilanda bir dağ zirvəsi Rəvan Əliyevin adı ilə adlandırılıb

Quba şəhərində küçələrdən biri onun adını daşıyır.

Rəvan Əliyev 29 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub. Ailəsi tərəfindən onun xatirəsinə iki bulaq inşa edilib ki, bu da xalqımızın şəhidlərinə olan ehtiramının bariz nümunəsidir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rəvan Əliyev “Vətən uğrunda”, “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə”,  Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin “100 illik yubiley medalı” ilə təltif edilmişdir.

Rəvan Əliyevin ömrü qısa olsa da, mənalı və şərəfli oldu. O, təkcə bir əsgər deyil, vətən uğrunda canından keçən, qəhrəmanlıq dastanı yazan igid Azərbaycan oğludur. Onun adı xalqımızın yaddaşında şərəf, qürur və vətənpərvərlik simvolu kimi yaşayacaq.

Ruhun şad olsun, igid şəhidimiz.

Afət İlkin

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti