Bir ananın yaddaşında yaşayan ömür: Rəvanın izi -FOTO

Bəzən bir ömrün hekayəsi tarix kitablarına deyil, bir ananın ürəyinə yazılır. O ürəkdə həm qürur var, həm də heç vaxt sağalmayan bir ağrı. Mehriban Yusif qızının həyatı da məhz belə talelərdəndir — Vətən sevgisi ilə yoğrulmuş, itki ilə sınanmış, amma yenə də ayaqda qalan bir ana ömrü.

Onun həyatında Vətən anlayışı hələ uşaqlıqdan başlayıb. Atası Birinci Qarabağ müharibəsinin iştirakçısı idi. Şuşa işğal olunanda o, sanki bir yaxınını itirmiş kimi yas saxlamışdı. “Şuşa azad olunmayana qədər saqqalımı qırxmayacağam” demiş və bu sözünə ömrünün sonuna qədər sadiq qalmışdı.

2001-ci ildə o dünyadan köçdü. Elə həmin il Mehriban xanımın oğlu Rəvan dünyaya gəldi. Sanki Vətən sevgisi nəsildən-nəsilə ötürülərək yeni bir taleyə yazıldı.

Rəvan böyüdü, arzuları, xəyalları ilə həyatın içində yer aldı. Anası ilə birlikdə yeni tikilən evin planlarını qururdu. Əsgərliyə gedəndə ana ona zəng edib demişdi: “Evimiz hazırdır, köçmüşük.” O isə uşaq kimi sevinərək cavab vermişdi:

“Nəhayət, mənim öz otağım olacaq.”

Amma o otaqda heç vaxt yaşamadı.

O ev Rəvanı ilk dəfə tabut içində qarşıladı.

2020-ci ilin payızı bir ailənin həyatını iki yerə böldü — əvvəl və sonra. Oktyabrın 22-si Rəvanın şəhid olduğu gün idi. Yeddi gün sonra doğma yurda gətirildi. Ertəsi gün isə anasının ad günü idi. Ana oğlunun həmin gün torpağa tapşırılmasını istədi — sanki ömrünün ən ağır gününü onunla bölüşmək istəyirdi. Amma buna icazə verilmədi.

O, son dəfə oğlunun üzünü görmək istədi. Lakin buna da imkan olmadı.

İndi illər keçsə də, Mehriban xanım özünü belə təsəlli edir:

“Sanki oğlum hələ də əsgərlikdədir… Mən onu Vətənə göndərmişdim, elə bil hələ də xidmət edir.”

Rəvan onun yeganə oğul övladı idi. Ondan sonra dünyaya gələn balaca Nilay isə sanki bu ailəyə həyatın davam etdiyini xatırladan bir ümiddir. Amma heç nə bir ananın qəlbindəki boşluğu doldura bilmir.

Mehriban xanım bu gün muzey rəhbəri kimi şəhidlərin xatirəsini yaşadır. Onun üçün Şəhidlər Muzeyi sadəcə bir iş yeri deyil — o, bütün şəhid oğulların evidir. Bəlkə də buna görə o, muzeyin hər daşına, hər guşəsinə ana qayğısı ilə yanaşır.

O deyir:

“Biz övladlarımız haqqında danışdıqca, onlar yaşayır. Adları çəkildikcə, xatirələri yaşadıldıqca, sanki yanımızdadırlar.”

Rəvan artıq bir ananın deyil, bir xalqın övladıdır. Amma hər axşam bir ana ürəyi yenə də pıçıltı ilə eyni sözləri deyir:

— Oğlum, sən mənimlə yaşayırsan…

Afət İlkin

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti