Vətənə sevdalı ömür – Şəhid Seymur Qocayevin unudulmaz həyat yolu -Foto

Seymur Qocayev 29 yanvar 1996-cı ildə Quba rayonunun Bağbanlı qəsəbəsində anadan olmuşdur. 2013-cü ildə Rövşən Mütəllimov adına tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, xidmətini Daşkəsəndə yerləşən hərbi hissədə şərəflə başa vurmuşdur. Hərbi xidməti bitirdikdən sonra mülki həyata qayıtsa da, Vətənə olan sonsuz sevgisi onu yenidən ordu sıralarına səsləmişdir.

Bu sevgi və bağlılıq Seymuru 2018-ci ildə yenidən hərbiyə qayıtmağa vadar etmiş, o, Gədəbəydə yerləşən 171-ci hərbi hissənin kəşfiyyat bölüyündə xidmətə başlamışdır. Qısa müddətdə bölüyün komandiri olmuş, düşmən arxasında keçirilən çoxsaylı kəşfiyyat əməliyyatlarında iştirak etmişdir. Erməni dilini yaxşı bilməsi sayəsində düşmənin planlarının pozulmasında xüsusi rol oynamışdır. Döyüş yoldaşlarının xatirələrinə görə, onlar dəfələrlə mühasirəyə düşsələr də, Seymurun cəsarəti və soyuqqanlılığı sayəsində hər dəfə vəziyyətdən çıxmağı bacarmışlar.

Seymur yalnız Vətən müharibəsində deyil, ondan əvvəl 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində də iştirak etmiş, daim ön mövqedə dayanaraq torpaqlarımızın müdafiəsində igidlik göstərmişdir.

2020-ci ilin may ayında ailəsindən xəbərsiz Xüsusi Təyinatlı Qüvvələrə keçərək ağır təlimlərə qatılmışdır. Vətən müharibəsi başlayan kimi ön cəbhəyə yollanmış, Murovdağdan başlayaraq Kəlbəcər, Hadrut, Xocavənd, Cəbrayıl və Şuşa istiqamətində gedən ağır döyüşlərdə iştirak etmişdir. İki dəfə yaralansa da, döyüş meydanını tərk etməmiş, yenidən silahdaşlarının yanına qayıtmışdır.

Yaxınlarının dediyinə görə, Seymur öz adını “Vətənə sevdalı” qoymuşdu, sosial səhifələrində də bu adla tanınırdı. O, Vətəninə, bayrağına və torpağına sonsuz bağlı idi. Müharibə günlərində bayrağı sinəsində gəzdirər, hər danışanda “bu bayrağı Şuşaya sancacağıq” deyərdi.

5 noyabr 2020-ci ildə ailəsinə zəng edərək “Şuşaya girmişik, qələbə bizimdir” sözlərini demiş, lakin qələbəni görmək ona qismət olmamışdır. 7 noyabr 2020-ci ildə Şuşa qalasının yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Prezident sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Seymur Qocayev xalqımızın yaddaşında Vətənə sədaqətin, igidliyin və fədakarlığın rəmzi kimi əbədi yaşayacaq.

Ruhun şad olsun, igid şəhidimiz.

Afət İlkin

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti