Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Çernobıl Atom Elektrik Stansiyasında qəza ilə əlaqədar əlilliyi olan 4 şəxsə minik avtomobili təqdim edilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, nazirlikdə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın 40-cı ildönümü ilə əlaqədar görüş keçirilib. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan vətəndaşların sosial müdafiəsi sahəsində mühüm addımların atılmasına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə başlandığını, bu sahədə işlərin davam etdirildiyini vurğulayıb.Bildirilib ki, Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının da ildən-ilə güclənməsinə imkan verib. Ölkəmizdə 2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində bu kateqoriyaya aid şəxslərin sosial ödənişləri də dəfələrlə artırılıb.Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə, reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və digər istiqamətlərdə aparılan işlərdən bəhs olunub.Çernobıl AES-də qəza ilə əlaqədar əlilliyi olan şəxslər həyata keçirilən sosial dəstək tədbirlərindən razılıqlarını bildirib, onlara göstərilən hərtərəfli qayğıya və bu gün avtomobillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.