Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iyulun 25-də bir neçə rayona yeni icra başçısı təyin edib.

Prezidentin mətbuat xidmətindən iyunun 25-də verilən məlumata görə, Araz Əhmədov Masallı, Elvin Paşayev Göygöl, Əkbər Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Dövlət başçısı yeni təyin olunmuş icra başçıları ilə ilk qəbulda onlara düzgün işləməyən başçıların mənfi təcrübəsini xatırladaraq korrupsiyaya yol verməmək, başçılıq etdikləri rayonun problemlərinin həlli istiqamətində işlər görmək barədə tapşırıqlar verib.

Mən cənab Prezidentin yeni məmurlarla görüşdə etdiyi çıxışı olduğu kimi oxucuların diqqətinə çatdırmaq istəyirəm: «Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.
Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq".
Bundan əlavə çıxışda cənab İlham Əliyev qəbul olunmuş dövlət proqramlarının müsbət nəticələri, rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, davamlı icra olunan infrastruktur layihələri haqqında danışıb. O qeyd edib ki, son illərdə regionlarda Dövlət Proqramı çərçivəsində geniş abadlıq - quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və əhalini narahat edən problemlərin böyük bir hissəsi aradan qaldırılıb. Bunlara rayonların elektrik enerjisi ilə təchizatı, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su təchizatı, sosial infrastruktur layihələri və s. daxildir. Bundan əlavə, hər rayonda müasir, hər bir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalar, tibb ocaqları, təhsil ocaqları inşa edilərək əhalinin istifadəsinə verilib. Xalqın rifahı naminə dayanmadan işlər görülüb, görülür və bundan sonra da görüləcək.
Eyni zamanda işsiz kütləni nəzərə alaraq yeni infrastruktur layihələri çərçivəsində iş yerləri yaradılır. Ölkə əhalisinin artımı da tələb edir ki, bu proses daimi vüsət alsın.
Bütün bunlar əhalinin vəziyyəti yaxşılaşdırmaq üçündür və hansısa məmur bu məqsədə, bu amala xidmət etmirsə, onun sonu yaxşı olmur. Dövlət Başçısının vəzifəyə təyin edərək ona verdiyi missiyanı yerinə yetirməyən, təyin olunduğu rayonun əhalisinə layiqincə xidmət etməyən, ümidləri doğrultmayan, xalqın qəzəbinə səbəb olan icra başçıları vəzifəsindən kənarlaşdırılmış, əməlində cinayət tərkibi olan məmurlar isə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bütün bunlar o deməkdir ki, qanun hamı üçün qanundur və məmurlar məhz xalqa xidmət etmək üçün vəzifələrində mövcuddurlar, hansı məmursa nəyə, kimə xidmət etdiyini unudursa, öz vəzifəsindən sui-istifadə edirsə, xalqın narazılığına səbəb olursa dərhal ciddi şəkildə cəzalandırılır. Bu isə cənab Prezidentin ədalət prinsiplərini layiqincə yerinə yetirdiyinin bariz nümunəsidir.

Cənab Prezident son olaraq vəzifəyə yeni təyin olunmuş icra başçıları ilə konfransda bir daha onlara vəzifələrini yerinə yetirəcəklərinə inandığını, eləcə də xalqın da onlara böyük ümidlər bəslədiyini və bu yolda onların əllərindən gələni etməli olduqlarını vurğulayıb və əlavə edib ki, biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir təəssüfedici  hal yaşanmasın. 

Suraxanı rayon sakini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ingilis dili müəllimi Türkan Bayramova



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}