8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tarixi qaynaqlardan məlumdur ki, müxtəlif zamanlarda hər hansı millətin və dövlətin həyatında üzləşdiyi çox dəhşətli fəlakətlərdən həmin millətin arasından çıxmış dahilər və dühalar xilas ediblər. Ötən XX əsrin 93-cü ilin iyun ayında dövləti və milləti silkələyib-sarsıdan, xalqın gələcəyə olan ümidlərini büsbütün itirən dəhşətli faciə – yenicə müstəqilliyinə qovuşan Azərbaycan dövlətini və şərəfli millətimizi fəlakətin ağzına atmışdır. Bunun səbəb və səbəbkarları isə hamımıza yaxşı məlumdur. Həmin vaxt hakimiyyətdə olan AXC – Müsavat cütlüyünün yarıtmaz əməlləri sayəsində ölkədə baş verən xaos, anarxiya mənəmmənəmlik, dərəbəylik, Azərbaycan dövlətini və millətini iqtisadi mərhumiyyətlərə düçar etmiş, xalqın böyük hissəsini hakimiyyətdən narazı salmışdır.
Ermənistanla aparılan Qarabağ uğrunda müharibədə Vətən oğullarının qanı-canı bahasına işğalçılardan azad etdiyimiz torpaqlar yenidən işğala məruz qalmış, üstəlik də Kəlbəcər kimi çox strateji bir rayon erməni silahlı dəstələri tərəfindən zəbt edilmişdir.
Bütün bu hallar xarici əlehdarlarımızı və ölkə daxilində formalaşan siyasi-hərbi müxalifəti mövcud hakimiyyətə qarşı mübarizədə birləşdirmişdir. Gündən-günə artan ictimai narazılıqların və siyasi çəkişmələrin qarşısını almaq gücündə deyildi, AXC – Müsavat hakimiyyəti. Hakimiyyətsizlik, o zamankı baş nazir Pənah Hüseynovun dediyi «bespredel» anarxiya, xaos Azərbaycan dövlətini, sözün həqiqi mənasında fəlakətin ağzına sürükləməkdəydi.
Nəhayət, Azərbaycanın xarici və daxili düşmənlərinin hazırladıqları faciə baş Verdi. Gəncədə «korpus komandiri» kimi tanınan Surət Hüseynovun tabeçiliyində olan əsgəri hissə dövlətə tabeçilikdən imtina etdi. Əslində bu gizlində hazırlanan qiyamın ilk işartısı idi. AXC hökuməti həmin işartını yerindəcə söndürmək və qiyamçıların rəhbərlərini həbs etmək üçün Gəncə şəhərinə qoşun hissələri yeridildi. Üsyançıları zərərsizləşdirmək məqsədilə bir sıra hökumət üzvləri Gəncəyə ezam edildi. Amma hadisələr gözlənilənlərin əksinə cərəyan etdi. Qiyamçılar Gəncədəki hökumət üzvlərini və yerli məmurları həbs edib, çox az bir vaxtda şəhərdə nəzarəti ələ aldılar.
Bu hadisə hakimiyyəti büsbütün iflic vəziyyətə saldı. Dövlət və hökümət rəhbərləri başlarını itirdilər. Nə etdiklərini özləri də bilmədilər… Müstəqil Azərbaycan Respublikası isə dəhşətli fəlakət kabusuna doğru sürükləməkdə idi. Qazanılan hər şey itirilir, millətin gələcəyə inamı isə büsbütün qırılmaqda idi. Hadisələr bu sayaq davam etsəydi Azərbaycanın Dövlət müstəqilliyi itirilə və xalqımız yenidən müstəmləkə girdabına düşə bilərdi.
Ölkəni və milləti fəlakətə aparan faciəli yolu ancaq və ancaq Azərbaycan xalqının qeyrətli və ləyaqəli oğlu Heydər Əliyevin qeyri-adi fitri istedadı, dahiyanə manevretmə bacarığı, idarəçilik təcrübəsi, mətin iradəsi, diplomatik gedişləri və nəhayət millətinə və dövlətinə böyük vətəndaş sevgisi bağlayıb, dəhşətli hadisəni qansız-qadasız sona verdi, doğma Azərbaycanı inkişaf və tərəqqi yoluna yönəltdi.
Bütün bunlar istedadlı yazıçı Məmməd Əfşanın yenicə çapdan çıxmış «Milləti və dövləti sarsıdan 15 gün» povestində bədii təsvirini tapmışdır. Əsərin süjet xətti on beş günün (03-17 iyun 1993-cü il) dramatik hadisələri üstündə qurulsa da, onun hərəkət istiqaməti Ulu Öndər Heydər Əliyev dühasının yenilməzliyi, polad iradəsi, qeyri-adi fitri istedadı, zəngin dövlətçilik təcrübəsi və s. yüksək mənəvi keyfiyyətləri fonunda cərəyan edir.
Mən hər şeydən öncə həssas bir oxucu kimi rəvan dillə yazılmış bu əsəri çox böyük heyranlıqla, həm də diqqətlə oxudum. Bağışlayın, mübaliğə olsa da, sərin su kimi birnəfəsə içdim. Sonra isə povestin mənə verdiyi bədii zövqün və real həqiqətin ədəbi salnaməsini yaradan hörmətli qələm sahibinə – həm də yaxın dostuma «Əhsən!» dedim.
Doğrudan da həmin 03-17 iyun 1993-cü ilin məşum hadisələri hamımızın gözləri önündə baş versə də, Məmməd Əfşan bir zərgər dəqiqliyi ilə hadisələri saf-çürük etmiş, hər kəsin hünərini və günahını personajların ayağağına yazmışdı.
Tam inamla deyə bilərəm ki, əsərin baş qəhrəmanı və leytmotivi – hərəkətverici qüvvəsi, Ulu Öndər Heydər Əliyevdir. Digər şəxslər isə Günəşin dövrəsindəki səyarələrə və ya gəzəkən cisimlərə bənzəyirlər. Çox zaman bu səyarələrin – gəzəkənlərin çoxu həmin Günəşin parlaq işığında görünməz olurlar.
Gəlin, hadisələrə nəzər salaq. AXC hakimiyyəti qiyamın xofundan başını itirsə də, ilk gecədə Heydər Əliyev Naxçıvandan - «Qiyam mövcud dövlətə qarşı qəsdir, cinayətdir! Onun alovunu ətrafa yayılmamış müəyyən vasitələrlə söndürmək lazımdır» - deyir və Azərbaycanın «neynim, necə eləyim» dilemması qarşısında qalan Əbülfəz Elçibəyə məsləhət görür ki, Gəncəyə - Surət Hüseynovla danışıqlara nüfuzlu ağsaqqallardan və hörmətli ziyalılardan ibarət nümayəndə heyəti göndərsin.
Elçibəy Heydər Əliyev dediyi kimi eləyir. Gəncəyə göndərilən heyət Surət Hüseynovla danışıqlar apararaq bir sıra müsbət nəticələrə nail olurlar. Ancaq vəziyyət yenə ağır olaraq qalır. Hakimiyyət çıxılmaz haldadır. O, qiyamı yatırtmaq üçün kömək axtarır. Dost köməyi isə ancaq belə olur: «Təcili olaraq Heydər Əliyev Bakıya çağırın. Ona səlahiyəyt verin. Heydər Əliyev çox güclü və dahi şəxsiyyətdir. Siz bacara bilmədiyinizi o, qansız-qadasız yoluna qoyar».
Heydər Əliyevin hakimiyyətə çağırışı hakimiyyətdəki bəzi məmurlar tərəfindən etirazla qarışlansa da xalqın tələbi ilə o, Bakıya çağırılıb yüksək vəzifə təklif edilir. Heydər Əliyev hökumət təklifini rədd edir. Öncəgörənlərsayaq Gəncəbasarda gözlənilən və düşmənlər tərəfindən gizli hazırlanan dəhşətli cinayəti əvvəlcədən duyur. Təcili surətdə tək-tənha Gəncəyə getməyi qərara alır və bir dəstə jurnalistlə birgə qorxub-çəkinmədən qiyamçılarla görüşə tələsir. Onun əsas məqsədi Gəncəyə – qiyamçılarla vuruşmağa döyüşə yola düşən Qazax korpusunu və onu Zəyəm-çayda qarşılayacaq qiyamçı dəstələr arasında qardaş qırğınına yol verməmək və hazırlanmış qəsdin – fürsətdən istifadə edərək, erməni silahlı birləşmələri Qərb bölgəsini – Qazax – Ağstafa – Tovuz rayonlarını işğal etmək, illərlə bağlı olan komnikasiya xətlərini açmaq niyyətlərini puça çıxarmaq idi. Dahi şəxsiyyət böyük güc və iradə sərf edərək istəyinə nail oldu. Həm də qiyamçıların rəhbəri Surət Hüseynovla və Gəncə şəhər ziyalıları ilə faydalı görüşlər keçirdi. Üstəlik də Surətin Bakıya doğru hərəkət etməyəcəyi razılığını aldı.
Lakin həmin gecə Surət vədinə xilaf çıxdı. Goranboyda dayanan qiyamçı korpusa Bakıya hərəkət etməyi əmr etdi. Korpus həmin gecə hərəkət edərək Hacıqabula çatıb yüksəklikləri tutdu. Bu məlumatı alan Azərbaycan dövləti qiyamçıları geri oturtmaq üçün Hacıqabul istiqamətində xeyli hərbi qüvvə göndərdi.
Heydər Əliyev Nəvai kəndi yaxınlığında üz-üzə dayanan iki əsas qüvvənin üz-üzə dayandığını görüb dəhşətə gəldi. Adicə bir təsadüfi atəş qardaş qırğınına səbəb olardı. O, dərhal Surət Hüseynovla əlaqə yaratdı. Və dövlət qüvvələrini səbrə-dözümə çağırıb Bakıya yola düşdü, 1,5 saatlıq yolu 40 dəqiqəyə qət edib, ölkə prezidentini – Ali baş komandanı bu qanlı olaydan çəkindirdi. Dövlət qoşunu ön mövqedən geri çəkildi. Beləliklə, hər an gözlənilən qanlı qardaş qırğınının qarşısı Heydər Əliey tərəfindən alındı, vətəndaş müharibəsi baş vermədi. Beləliklə, Ulu Öndər Heydər Əliyev iki gündə iki böyük hadisənin – ermənilərin Qərbb bölgəsini işğal etmək planını alt-üst elədi və iki yerdə qardaş qırğınına yol vermədi. Ulu Öndərin çoxları tərəfindən müxtəlif yönlərə yazılan Gəncə səfərini əks məqsədi bu idi.
…Əsərin ən kuliminasiya nöqtəsi 15 iyun 1993-cü il Milli Məclisin iclasında baş verir. İclasda Heydər Əliyev Prezident Elçibəyin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinə sədr seçilməli idi. Həmin iclasda Heydər Əliyev müdrikliyi, səbri, dözümü, Heydər Əliyev iradəsi və məntiq zəngliyi tam halda üzə çıxır.
Dahi Öndərin yenidən hakimiyyətə qayıtması onun əlehdarlarını daha da qıcıqlandırır. Onlar Heydər Əliyevin keçmiş, idarə üsulu barədə hərcayi sözlər danışaraq Ulu Öndərə qara yaxmağa və hakimiyyətə açılan yolunu bağlamağa çalışırlar.
Heydər Əliyev isə danışanları, ona qara yaxmağa çalışanları səbrlə dinləyir, onlara qarşı böyük iradə və dözümlülük nümayiş etdirir və özünün düşünülmüş həqiqətə söykənən cavabları iəl bu sayaq «millət vəkillərini» yerindəcə susdurur.
Haqq yerini tapdı, Həqiqət qələbə çaldı. Heydər Əliyev Milli Məclisə sədr seçildi və sədr kreslosunda əyləşib, məclisi özünəməxsus təmkinliklə idarə etməyə başladı. Coşmuş etirazlar isə səngimək bilmirdi. Ən çox danışanlardan biri də xarici işlər naziri Tofiq Qasımov idi.
Nəhayət Heydər Əlieyv ona müraciətlə deyir:
- Tofiq Qasımov, sən nə istəyirsən?
- Mən Sizdən heç nə istəmirəm. Bəs siz bu millətdən nə istəyirsiniz?
- Əvvəla, mən ömrümün qalan hissəsini də millətimə sərf etmək istəyirəm. Bir də istəyirəm ki, dövlətimizi və millətimizi düşdüyü ağır faciədən sizinlə birlikdə qurtaraq.
- Mən Sizinlə işləmək istəmirəm.
- Niyə? Buna bir səbəbmi var?
- Səbəb odur ki, mən vəzifəmi dondurmuşam.
- Vəzifəni dondurmaq nə deməkdir?
- O deməkdir ki, mən istefa vermişəm artıq.
- Siz cəsarətli adamsınız, mən istərdim sizinlə birgə işləyim.
- Mən də istəmirəm.
Heydər Əliyev Tofiq Qasımova özünəməxsus iti nəzərlə baxıb, müdrikcəsinə dedi:
- Özün bilən məsləhətdi. Amma unutma ki, xoruz banlamadan da səhər açılır.
Bu dialoq indi də çoxlarının yadındadır.
Onda təkcə Tofiq Qasımov yox, AXC – Müsavat hökumətinin bütün üzvləri, özləri demiş, vəzifələrini dondurdular. Heydər Əliyev hakimiyyətə gələndən iki gün sonra isə respublika Prezidenti Əbülfəz Elçibəy də gecəykən məsul postunu tərk edib doğma kəndi Kələkiyə qaçdı.
Bütün bu dondurmalardan, qaçışlardan sonra meydanda tək qalan qüdrtəli siyasət nəhəngini əslaqorxutmadı. Ulu Öndər doğma xalqına güvənərək, Tanrının onun azman çiyinlərinə qoyduğu ağır, məsuliyyətli və şərəfli yükü Anteysayaq, beli əyilmədən, qolları bükülmədən, dizləri qatlanmadan təkbaşına mənzil başına çatdırmaq istəyi ilə çox uzun, əzab-əziyyətlə dolu bir yola çıxdı. Bu yük Tanrının və taleyin Ulu Öndərin çiyninə qoyduğu dövlətimizin və millətimizin tale yükü, yol isə xalqımızın gələcəyə doğru uzanan haqq yolu idi.
Heydər Əliyev bu ağır və şərəfli yükün altında hər ayğrıya dözdü, çətinliyə qatlaşdı, milləti və dövləti fəlakətin pəncəsindən çəkib çıxartdı, aclıqdan və qıtlıqdan xilas etdi. Ölkəni başına götürən xaosu, anarxiyanı, siyasi qarşıdurmaları ləğv edib, sabitliyə, əmin-amanlığa nail oldu. Uğurlu və məqsədyönlü iqtisadi islahatlar apararaq, dövlətin iqtisadi potensialını artırdı. Dahiyanə neft strategiyasını hazırlayaraq xarici sərmayədarların köməyi ilə Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarını üzə çıxarıb xalqın ehtiyaclarını sərf etdi və müstəqil Azərbaycan dövlətinin əbədiliyini və Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edərək, yeniləşmiş müasir Azərbaycan dövlətinin banisi, yaradıcısı və qurucusu oldu.
Böyük Heydər Əliyevin təkcə bir arzusu – pencəyini çiyninə alıb Xankəndində gəzmək istəyi ürəyində qaldı. Amma Azərbaycan xalqı tam əmindir ki, Heydər Əliyevin xarici və daxili siyasətini uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız Cənab İlham Əliye çox yaxın bir zaman kəsiyində Ulu Öndərin istəklərini həyata keçirib, müqədəds torpaqlarımızı düşmən tapdağından xilas edəcək və dahi Heydər Əliyevin pencəyi çiynində olan bürünc heykəlləri Şuşanın, Xankəndinin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Laçının, Kəlbəcərin… mərkəzi meydanlarında ucaldılacaqdır. Bu istək böyük türk şairi Nazim Hikmətin təbirincə desək, «yarından da yarındır».
Arzuman Loğmanoğlu